PDF Oxu

Araşdırma

  • 17

Oğru elə bağırdı...

Oğru elə bağırdı...
Bir müddət əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev jurnalistlərlə söhbətində bəyan etmişdi ki, son illər ərzində bilavasitə dövlət sərhədində sərhəd pozuntularına cəhdlərin təqribən 90 faizinin qarşısı sərhəddə alınır. İstər beynəlxalq terrorçuluğa qarşı mübarizə çərçivəsində, istər qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində, istərsə də narkotiklərin qeyri-leqal qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində son illərin nəticələrinin yüksək olduğunu deyən DSX-nin sədri İrandan Azərbaycana narkotiklərin daxil olması ilə bağlı faktların sayının artdığını da vurğulamışdı.
Elçin Quliyevin açıqladığı faktlar İranın dini-siyasi dairələrinin diqqətindən yayınmayıb. Bu ölkənin "başbilənləri" Azərbaycana narkotik maddələr ixracının qarşısının alınması istiqamətində tədbirlər görmək əvəzinə ölkəmizi suçlamağa başlayıblar. Necə deyərlər, oğru elə bağırdı...
İranda höccətülislam Seyid Həsən Amili adlı biri yerindən durub deyir ki, narkotik maddələrin İrandan keçirilməsinə görə günahkar Azərbaycandır. Narkotika alveri üstündə bir zamanlar həbs olunmuş narkobaron Seyid Həsən Amili Azərbaycanın üzünə durur ki, bəs narkotik maddələri biz hazırlayırıq, qaçaqmalçılar ölkənizə keçirir vəd eməli, siz günahkarsınız.
Cümə namazında Allahı, dini unudub gah narkomütəxəssis kimi ağlına gələni danışır, gah da fars şovinizminin ideoloji əsaslarına söykənən siyasi-ideoloji çıxışlar yapır. İran mollalarının xütbələrinin ümumi mahiyyəti bundan ibarətdir.
Həccətülislam deyib ki, "toplanmış təhqiqatlar və məlumatlar göstərir ki, Azərbaycan Respublikasının bir neçə cənub şəhəri, o cümlədən, Astara, Lerik, Cəlilabad və bir neçə başqa şəhər narkotik maddələrin geniş yayılması təhlükəsilə üz-üzədirlər".
Ərdəbilin İmam Cüməsi narkotik maddələrin daşınması üçün sərhədlərin hansı istiqamətdən pozulduğunu və hansı ərazilərdə yayılmasını dəqiq bilir. Belə çıxır ki, məhz İrandakı dini-siyasi dairələr bu prosesin arxasında dayanır. Amma höcət edirlər ki, İran guya narkotika ilə mübarizə aparır və buna görə, BMT-dən təşəkkür alıb. Əcəba, bütün dünya bilmirmi ki, İran məhz narkotik maddələrin istehsal olunub, ixrac etdiyi ölkələrin siyahısında Əfqanıstanla bir sırada dayanır.
Əfqanıstandan on illərdir narkotik maddələrin Avropaya, dünyaya yayılmasında məhz İran əvəzsiz rol oynayıb və bu gün də tranzit ölkə rolunu oynamaqdan başqa həm də istehsalçı, ixracçı funksiyasını yerinə yetirir. Necə ki, bu istiqamətdə fəaliyyətinin hədəfində Azərbaycan da var.
Müstəqil ekspert Elnur Eltürk düşünür ki, İranın Azərbaycan siyasətində narkotik maddələrinin ölkəmizə daşınması və yayılması əsas strateji xətdir: "Məqsəd isə ölkəmizdə zombiləşmiş və düşünmə qabiliyyəti olmayan insanlar yaratmaqdır. İran bununla ölkəmizin potensial qüvvəsi olan gəncləri məhv etmək istəyir. Çünki buna aludə olan insanlar vətən, millət, ailə və s.dəyərlərdən uzaq düşürlər. Nədən asılı olurlarsa, onların düşüncələri bundan asılı olur.
Azərbaycanın hüquq-mühafizə orqanları ölkəmizə narkotiklərin daşınmasının qarşısının alınması istiqamətində çox uğurlu əməliyyatlar həyata keçirirlər. İranın narahatçılığı bununla bağlıdır. Amilinin nə deməsindən asılı olmayaraq, hüquq-mühafizə orqanları belə halların qarşısını qətiyyətlə alacaqlar. Əgər onun qeyrəti çatırsa, Urmu gölü ilə bağlı mövqeyini ortaya qoysun və Azərbaycan türklərinin hüquqlarının pozulmasına etiraz etsin. Xütbələrində boş-boş, mənasız sözlər danışmaqdan əl çəkib, Azərbaycan türklərinin İran tarixində hansı rolu oynadığını, indi hansı duruma düşdüklərini dilə gətirsin".
Mühacirətdə yaşayan Güney Azərbaycanı araşdırmaçısı Güntay Gəncalp isə höccətülislamın, başqa məsələlərdə olduğu kimi, bu mövzuda da ağ yalan danışdığını deyir: "Həsən Amili BMT-nin qərarı haqqında yalan danışır. BMT-nin İranla bağlı elə bir təşəkkürü olmamışdır. BMT sadəcə İranda rejimə qarşı çıxan insanların narkotik maddə ittihamı ilə edam edilməsini açıqca tənqid etmişdir. Əhmədinejad sanki dünyaya meydan oxuyurmuş kimi açıq şəkildə söyləmişdi ki, narkotika qaçaqmalçılığında İran gizli xidmətlərinin əli var.
İran prezidentinin bu sözünə "Sepah"ın baş komandanı da etiraz etmişdi ki, belə fikirlər söyləmək bir ölkənin dövlət başçısına yaraşmaz. Yəni molla hakimiyyəti hətta İranda narkotik maddələrin yayılmasına rəvac verir ki, bu yolla gəncləri dini istibdada qarşı mübarizədən yayındırsınlar".
İranın narkoeksport ve narkotranzit ölkə olduğunu Azərbaycan və Türkiyədə daha yaxşı bilirlər. Mən BMT-nin belə bir təşəkkür elan etdiyini eşitməmişəm. Çünki Tehrandakı yüksək dairələrdən himayə olunan narkotik qaçaqmalçıları Avropaya ağ zəhəri məhz bu ölkələrin ərazisindən keçirirlər.
Ümumiyyətlə, bu Ərdəbil imam cüməsi həmişə anormal açıqlamaları ilə məşhurdur. Əgər narkotiklə mübarizə üçün İrana BMT tərəfindən təşəkkür elan edilibsə, o zaman bu təşkilatın imici dünyada sıfıra düşməlidir.
Bu ölkədə tiryəki siqaret əvəzi istifadə edirlər. Molla rejimi bundan, həmçinin, narkotik istehsal və ixracından xeyli gəlir götürür. Tehrandan dəstəklənən narkotacirlər dünyanı zəhərləməklə yanaşı, həm də qonşu ölkələrdə özlərinə xeyli kuryer və alıcılar tapırlar.
Amilini ciddi və normal adam kimi qəbul etmək düzgün olmaz. Bu şəxsin milliyyətcə azərbaycanlı olması onun farsa tulalıq etməsinə mane olmur. Öz xalqına qan udduran bir rejimin qulu olan şəxsin sərsəmləmələrinə layiqli cavab verilib. Lakin görünür ki, bu, onun üçün dərs olmayıb.
Elçin Bayramlı

Digər xəbərlər