PDF Oxu

Araşdırma

  • 15

Ermənistanda müxalifətin mitinqləri başlanıb

Ermənistanda müxalifətin mitinqləri başlanıb

Son günlərdə Ermənistan müxalifəti yenidən aktivləşməyə başlayıb. Bir müddətdir müxalifətin ara verilən kütləvi mitinqləri yenidən baş qaldırıbdır. Doğrudur, sentyabrın 17-də Ermənistan müxalifətçiləri tərəfindən Yerevanda keçirilən mitinqdə hakimiyyətin əleyhinə olan bir sıra şüarlar səsləndirilmişdir. Erməni Milli Konqresi tərəfindən keçirilən mitinqdə Ermənistanın Dağlıq Qarabağla bağlı apardığı siyasət sərt şəkildə tənqid edilmişdir.

Ermənistanın artıq regionda getdikcə öz nüfuzunu daha çox itirdiyini və Azərbaycanın öz mövqelərini daha da gücləndirdiyini deyən Ermənistanın keçmiş prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan oktyabr ayının birinci ongünlüyündən etibarən mitinqlərin, mütəmadi olaraq, davam edəcəyini deyib. Bu məsələnin Ermənistan dövləti üçün ciddi təhlükə yaradacağını vurğulayan Ter-Petrosyan burada əsas günahkarın prezident Serj Sarkisyan və onun komandası olduğunu da bildirib. Ter-Petrosyan artıq Ermənistanın Rusiyanın regionda əsas partnyoru olmaqdan çıxdığını və Rusiya ilə Azərbaycan arasında ciddi strateji tərəfdaşlıq münasibətlərinin yarandığını da qeyd edərək, söyləyib ki, belə olan halda, bu hakimiyyət öz taleyi ilə barışmalı və layiq olmadığı kreslonu tərk etməlidir. Eks-prezident digər bir məqama da toxunaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında da Ermənistan hakimiyyətinin yeritdiyi siyasətin, ümumiyyətlə, mövcud hakimiyyətlə imzalanmış beynəlxalq sənədlərin heç bir hüquqi qüvvəyə malik olmadığını da deyib. Serj Sarkisyanın qanuni yolla hakimiyyətə gəlmədiyini deyən müxalifət lideri onunla hər hansı danışığa getməyin mənasız olduğunu, bunun yalnız hakimiyyətin xalqa verilməsi kontekstində qurulması halda ola biləcəyini qeyd edib. Müxalifət lideri onu da qeyd edib ki, hakimiyyətin dəyişdirilməsi onlar üçün əsas məqsəd, prinsipial işdir və bu proses qarşıdakı aylarda daha da aktivləşəcəkdir.

Beləliklə də, Ermənistan müxalifətinin son günlərdə bu səviyyədə aktivləşməsi, ölkədaxili etirazların yüksəlməsi kütləvi etiraz mitinqlərin artıq başlanmasından xəbər verir. Oktyabrın ilk ongünlüyünə planlaşdırılan mitinqdə müxalifət hökumətin yeritdiyi korrupsioner siyasətə etiraz edəcəyini də bildiriblər. Bütün bunları nəzərə alaraq, demək olar ki, indiki vəziyyətdə Ermənistan müxalifətinin mövcud vəziyyətə etiraz etməkdən və bu etirazları da mitinq şəklində gerçəkləşdirməkdən başqa heç bir çıxış yolu yoxdur.


Aytən Səmədova

Digər xəbərlər