PDF Oxu

Araşdırma

  • 13

“Wikileaks”dan daha bir “bomba”

“Wikileaks”dan daha bir “bomba”

Azərbaycanın siyasi arenasında uzun illərdir ki, heç bir mövqe tutmağı bacarmayan radikal müxalifət ünsürlərinin, xüsusilə, AXCP (i) və Müsavat partiyalarının rəhbərləri Əli Kərimovla İsa Qəmbərovun daha bir üstüörtülü paxırları üzə çıxdı. Siyasi dəllallıqla məşğul olan hər iki partiya sədrinin, həqiqətən də, xəyanətkar olduqları bu dəfə "Wikileaks" saytı tərəfindən dəlil və sübutlarla müəyyənləşdirilib. Onların müxtəlif vaxtlarda, zaman-zaman Amerika diplomatları, səfirlik nümayəndələri ilə görüşlərə can atmaları, ABŞ diplomatlarının isə onların bu "xahişlərini" canla-başla yerinə yetirməkləri bütün məqamlarda öz təsdiqini tapıb.


ABŞ siyasi dairələrinə satılmış və Amerika diplomatları tərəfindən alınmış simasızlar


Məlum olub ki, radikal müxalifət "liderləri" öz qondarma siyasətlərini xarici qüvvələrə satılmaqla ölçür, ölkə mənafeyini satmaqla "siyasi dividendlərini" artırmağa cəhd göstərirlər. Xüsusilə, Əli Kərimovla İsa Qəmbərovun bu yöndə göstərdikləri canfəşanlıq adıçəkilən "Wikileaks" saytında öz əksini yetərincə tapıb. ABŞ səfirliyi ilə danışıqlar aparan radikal müxalifət rəhbərləri, hətta o dərəcədə azğın tələblərdə bulunublar ki, bunu təsəvvürə gətirdikdə, hiddətlənməmək olmur. Belə ki, onların Azərbaycanda fəaliyyət göstərən ABŞ diplomatları ilə danışıqlarında məlum olub ki, onlar rəsmi Vaşinqtonun Azərbaycana təzyiq etməsini qudurğancasına tələb edirlər.

Lakin digər hiddətləndirici məqam ondan ibarətdir ki, istənilən alçaq yolla hakimiyyəti ələ almağa cəhd göstərən radikallar bunu ABŞ diplomatlarından tələb edərkən, qarşı tərəf onlara inandırıcı nəzərlərlə baxmasa belə, məlum olur ki, Amerika siyasi dairələri də bəzi hallarda, təəssüf ki, radikal müxalifətə dəstək verməkdən çəkinmirlər. Eyni zamanda, onlara zəif olduqlarını deyən ABŞ diplomatları "maraqlı" cavabla rastlaşırlar. Radikal müxalifət rəhbərləri Ə.Kərimov və İ.Qəmbərov suları süzülə-süzülə deyirlər ki, xalq ayağa qalxmır. Yəni daha dəqiq desək, bu ünsürlər xalq qarşısında aciz olduqlarını həm bilir, həm də etiraf edirlər.


Qarabağ problemini gizlətməyə çalışan radikallar 1992-1993-cü illərdəki xəyanətlərini pərdələməyə cəhd göstərirlər

Amerika diplomatları soruşduqda ki, bəs nə üçün bu qədər iddialı çıxışlar etməklə məşğuldurlar, cavabında yenə də maraqlı nüanslarla rastlaşırlar. Məsələn, radikal müxalifət tərəfindən əllər açılır və ovuclar bilavasitə yönəlir Amerika diplomatlarının qarşılarına. Buna isə birbaşa dilənçilik desək, heç də yanılmarıq. "Azərbaycanda inqilab edəcəyik", "hakimiyyətə gəlmək şansımız artıb" kimi ifadələr işlətməklə Qərb dairələrindən pul dilənən radikal müxalifət ünsürləri bunun üçün Dağlıq Qarabağ problemindən də sui-istifadə etməyi unutmurlar. Hətta bunun üçün göstəriş nümayiş etdirərək, ABŞ-la məsləhətləşmələri də ortaya çıxır.

"Wikileaks" saytının son məlumatlarına görə, radikal düşərgə mənsubları ABŞ-ın televiziyalarında Dağlıq Qarabağ problemindən danışmamağı xahiş ediblər. Məlum olur ki, bu problemin yaranmasında, daha dəqiq desək, torpaqların itirilməsində onların xüsusi "əməyi" mövcuddur. Bu səbəbdən də, Dağlıq Qarabağ probleminin ABŞ mətbuatında işıqlanmamasını istəməyən radikallar əllərindən gələni edirlər ki, 1992-1993-cü illərdə baş verənlər dünya ictimaiyyətinə çatdırılmasın.


Acizliyin, xainliyin və dilənçiliyin aşkar sifəti - radikal müxalifət


O cümlədən, Dağlıq Qarabağ problemindən danışdıqları zaman iddia edilir ki, guya Azərbaycanda "demokratik hakimiyyət qurulmalıdır". Belə ki, sözügedən problemin ümummilli məsələ olduğunu unudan radikal müxalifət ünsürləri guya hakimiyyətə gəldikləri təqdirdə, (əlbəttə ki, bu, mümkün olan variant deyil - R.N.) sülhə nail olacaqlarını iddia edirlər. Nəticədə heç kim deyə bilməz ki, onlar torpaqların təslimçilik yolu ilə Ermənistana bağışlanmasını arzulamırlar. Bununla bir daha sübut edirlər ki, Qərb və ABŞ dairələrindən pul dilənən radikal ünsürlər bunun üçün vətəni, torpağı, xalqı, milləti hər an satmağa hazırdırlar. Onlar təslim qılıncı altından keçən Yalıncığa daha çox bənzəyirlər. Lakin bu da son deyil. "Wikileaks" saytının istər Qərb, istər ABŞ, istərsə də digər xarici siyasi dairələrlə "əməkdaşlıq edən radikal müxalifət ünsürləri barədə daha geniş açıqlamanı növbəti sayımızda ictimaiyyətə təqdim edəcəyik.


Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər