Son günlər İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bəhrami keçirdiyi mətbuat konfranslarında həmişə yaddaqalan bəyanatlarla çıxış eiməklə ictimaiyyətin diqqətini çəkmək istəyib. Elə bir ay bundan öncə keçirilən mətbuat konfransında səfirin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikir mətbuatın daha çox diqqətini cəlb etdi.
"Dağlıq Qarabağ gec-tez öz anası Azərbaycanın qucağına qayıdacaq" kimi ifadəni işlədən Məhəmməd Bağır Bəhrami sıradan bir adam olmamaqla yanaşı, İranın rəsmi siyasətini təmsil edən bir diplomatdır. Çünki xarici diplomat bu fikirlərini emosiyaya qapılıb deməz. Deməli, bu fikirlər İranın rəsmi mövqeyidir. İlk baxışdan onun bu fikri müsbət təsir bağışlayır. Yəni söyləmək mümkündür ki, İran əhalisinin 40 milyonu soydaşlarımızdır, deməli, İranın Azərbaycanın tapdalanmış haqqını müdafiə etməsi təbiidir. Bu mənada, İran səfirinin səmimiyyətinə inanmaq üçün müəyyən əlamətlər mövcuddur, lakin əsas yoxdur. Çünki siyasət emosiya ilə qurulmaz və diplomatın hər sözünə də inanmaq lazım deyil. Onu da xatırlatmaq yerinə düşər ki, əvvəlki səfirlər də dəfələrlə bu cür çıxışlar etmişdilər. Amma məsələ burasındadır ki, səfirin sözləri hələ rəsmi Tehranın sözdən əməli işə keçməsi demək deyil. Çünki Tehran başbilənləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Ancaq İran hökumətinin də, onu Bakıda təmsil edən diplomatların çıxışlarına diqqət yetirdikdə, onların qeyri-səmimi olduğu üzə çıxır. Xüsusilə də, səfirin "Dağlıq Qarabağ gec-tez öz anası Azərbaycanın qucağına qayıdacaq" kimi ifadəsinə cavab olaraq söyləmək mümkündür ki, Qarabağ heç yerə getməyib, işğal olunub və Dağlıq Qarabağ münaqişəsi başlanandan İran Ermənistana gizli və bəzən də aşkar dəstək verib. Bunu faktlar da təsdiqləyir.
Faktlar nəyi söyləyir?
Məlum olduğu kim, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda da döyüşlər getdiyi bir zamanlar Ordubad rayonunun könüllü döyüşçüləri 1992-1993-cü illərdə gedən döyüşlər zamanı ermənilərdən götürülmüş qənimət içərisində İrandan göndərilmiş çoxlu silah-sursat aşkar etmişdilər. Bu kimi faktlar Qarabağ cəbhəsində də aşkarlanmışdı. Hətta silahlarla birgə İranın istehsalı olan quru qidalar, konservlər də aşakar edilmişdi. Eyni zamanda, İranın yarıtmaz və qeyri-səmimi diplomatiyası öz çirkin sifətini, xüsusən, 1992-ci ildə Şuşanın işğalı zamanı da öz çılpaqlığı ilə göstərdi. Azərbaycanın o çətin günlərində İran hər ay sülh təşəbbüsü ilə çıxış edir, onun ardınca da hansısa ərazimiz işğal olunurdu. İran həmişə üzdə "müsəlman Azərbaycanı dəstəklədiyini" bəyan etsə də, bu illər ərzində daim Azərbaycana qısqanc yanaşmış, dövlətimizin güclənməsini istəməmişdi. Həmçinin, İran Azərbaycana Xəzər hövzəsində də problemlər yaratmağa cəhdlər göstərib. Məhz İranın bu tipli siyasəti nəticəsində Xəzərin ədalətli şəkildə bölünməsi tam olaraq reallaşmayıb. İranın isə bu məsələdə rolu kəskin olmalı, onun hansısa diplomatının nala-mıxa vurması qəbuledilməzdir və səmimi deyil.
R.HÜSEYNOVA