Azərbaycanda daha 3 ali təhsil müəssisəsi - Azərbaycan Müəllimlər İnstitutu, Qərb Universiteti və Xəzər Universiteti akkreditasiyadan keçib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Akkreditasiya Şurasının bu gün keçirilən növbəti iclasında hər üç məktəbin akkreditasiyasının nəticələri müzakirə olunub.
İclasda təhsil naziri Misir Mərdanov ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasının təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
Tədbirdə adıçəkilən məktəblərdə keçirilmiş akkreditasiyanın nəticələri barədə danışılıb.
Misir Mərdanov hər üç ali təhsil müəssisəsində aparılmış araşdırma ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. Azərbaycan Müəllimlər İnstitutunun pedaqoji kadrların müasir tələblər baxımından hazırlanması istiqamətində üzərinə düşən vəzifələrdən söz açan nazir bundan sonra da bu ali məktəbə lazımi dəstək göstəriləcəyini qeyd edib. Eyni zamanda, təhsil naziri Qərb Universitetinin və Xəzər Universitetinin fəaliyyəti haqqında danışıb, hər iki universitetin qazandığı uğurları, yeniliklərin tətbiqi istiqamətində atdığı addımları diqqətə çatdırıb. Sonda Akkreditasiya Şurası Azərbaycan Müəllimlər İnstitutunun, Qərb Universitetinin və Xəzər Universitetinin akkreditasiyası barədə müsbət qərar qəbul edib.