Xəbər verildiyi kimi, növbəti həftə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir. Səfər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupu həmsədrlərinin konkret mövqe ilə çıxış edəcəklərinə ümidlər var.
Çünki ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke münaqişənin nizamlanması üçün 6 elementin mövcud olduğunu və bu elementlərin həyata keçirilməsi üçün səylərin göstərildiyini bildirib. Məhz bu açıqlama Dağlıq Qarabağ münaqişəsinin həllinə olan ümidləri artırır. Nəzərə almaq lazımdır ki, prinsip etibarı ilə amerikalı həmsədrin qeyd etdiyi fikirlər Azərbaycanın marağına uyğundur. Amma yenə də işğalçı Ermənistanın irəli sürülən elementlər ətrafında konstruktiv danışıqların aparılmasına razılıq verəcəyi inandırıcı deyil. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da, görünür, bu amili nəzərə aldığındandır ki, "gələn həftə biz ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə münaqişənin həlli ilə bağlı ümumi vəziyyəti və sülh prosesində açıq qalan məsələlər üzərində işlərin davam etdirilməsinə dair məsələləri müzakirə etdirəcəyik" deyə bildirib.
Politoloq Elman Nəsirov da o fikirdədir ki, fikir ayrılıqları konkretləşdikdən sonra və Azərbaycanın ərazi bütövlüyünü əks etdirən qərar layihəsi hazırlandıqdan sonra böyük sülh sazişini imzalamaq olar: "Böyük sülh sazişinin imzalanmasından əvvəl razılaşdırılmış məqamları əks etdirsək, daha yaxşı olardı. Hansı məsələ öz real həllini tapmasa, istiqamətdə o danışıqlar davam etdirilsin".
E. Nəsirovun fikrincə, indiki məqamda işğalçı Ermənistanın mövqeyində heç bir dəyişiklik nəzərə çarpmır. Və qısa zaman ərzində buna nail olmaq çox çətindir.
Diqqətdən yayınmayan bir məqamı vurğulayan politoloq artıq xeyli müddətdir ki, bütün danışıqların rəsmi Moskvanın vasitəçiliyi ilə keçirildiyini qeyd edib: " Artıq demək olar ki, neçə müddətdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan bütün danışıqlar Rusiyanın təşəbbüsü ilə həyata keçirilir. Dağlıq Qarabağ istiqamətində aparılan danışıqlara ev sahibliyi edən rəsmi Moskva münaqişənin həll olunmasına o qədər də ciddi təkan vermir. Yəqin maraqlar qanun və qaydalardan daha önəmli və üstündür".
Politoloq, həmçinin, bildirib ki, Rusiya mətbuatı belə bir fikir formalaşdırmışdır. Fransa rəhbəri N.Sarkozi, Azərbaycan və Ermənistan prezidentlərinin Fransada görüşlərinin təşkili ilə bağlı artıq ideya irəli sürülüb. Belə olan təqdirdə, artıq ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin də bu prosesə fəal qoşulmaları, eyni zamanda, ABŞ-ın dövlət katibinin birinci müavininin regiona səfəri onu deməyə əsas verir ki, müəyyən intensivlik müşahidə edilməkdədir.
Politoloq bunların hamısının son nəticədə yenə də daha çox kəmiyyət xarakteri daşıdığını və keyfiyyət halına keçmədiyini vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev də qeyd edib ki, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlarda irəliləyiş var, lakin nəticə yoxdur. İrəliləyiş keyfiyyət dəyişikliyinə gətirib çıxarmayan bir irəliləyişdir".
Politoloq vurğulayıb ki, nazir Elmar Məmmədyarovun təklifi kifayət qədər diqqəti cəlb edən bir təklifdir. Çünki 1992-ci ildən aparılan danışıqlar prosesində sanki hər zaman son nöqtə gözlənilir. Bu yanaşma indiyə qədər özünü doğrultmayıb. Nazir deyib ki, nəyə nail olmuşuqsa, onu böyük sazişdə əks etdirəcəyik, razılaşmadığımız məsələlərin isə müzakirəsini keçirəcəyik: "Bu, indiki situasiyada daha məqbul variant hesab edilə bilər. Təki Ermənistan rəhbərliyində siyasi iradə olsun. Serj Sarkisyan kursunu və perspektivsizliyini dərk edib geri çəkilsin. Belə olarsa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslər ölü nöqtədən irəli gedə biləcək".
ATƏT-in Minsk Qrupunun regiona növbəti səfəri məsələsinə aydınlıq gətirən politoloq belə "yalançı" səfərləri Azərbaycan ictimaiyyətinin çox gördüyünü vurğulayıb: "İstənilən halda, belə səfərlər bizə tanışdır. Artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri bizi heç nə ilə təəccübləndirə bilməz. Onların fəaliyyəti sırf fəaliyyətsizlikdir. ATƏT-in Minsk Qrupu adlı format ermənipərəst mövqeyində olmaqla davam etdirilir. Ona görə də, qrupun fəaliyyətini uğurlu yanaşma kimi nəzərə almaq lazım deyil".
Politoloq ATƏT-in Minsk Qrupunun regiona budəfəki səfərində mövqelərin bir daha müzakirə olunacağını vurğulayıb. Azərbaycan və Ermənistan tərəfinin mövqeyi hər kəsə bəllidir. Azərbaycan konstruktiv, Ermənistan isə qeyri-konstruktiv mövqeyi ilə seçilib. Çox güman ki, həmsədrlər regiona növbəti səfərləri zamanı ənənəvi olaraq, tərəfli mövqe tutacaqlar. Əslində isə, onlar işğalçı Ermənistanı sülhə məcbur etməlidirlər. Və yaxud da çox güclü formada Ermənistana qarşı sanksiyalar tətbiq olunmasına nail olmalıdırlar.
AYLANA RZAYEVA