PDF Oxu

Araşdırma

  • 42

İranın yalan maşını “xod”a salınıb

İranın yalan maşını “xod”a salınıb

Son vaxtlar İranın hakimiyyət dairələri tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, ölkədə süni surətdə dini gərginlik yaratmaq planları haqda məlumatlar alınır. Tehran Azərbaycanın getdikcə güclənməsini heç cür həzm edə bilmir və ölkəmizdəki qulbeçələri vasitəsilə daxili qarşıdurma yaratmaqla dövlətimizi zəiflətmək istəyir. Lakin molla rejiminin bütün bu planları puça çıxır.

İrandan idarə olunan bəzi kütləvi informasiya vasitələrində guya oktyabrın 14-də Ədliyyə Nazirliyinin binası qarşısında özünü Azərbaycan İslam Partiyası adlandıran qurumun üzvlərinin və təəssübkeşlərinin etiraz aksiyası keçirməsi, polisin aksiyanı dağıtması və bu zaman 200-250 nəfər "islamçı"nın saxlanılması barədə məlumatlar yayılıb.

Lakin heç bir gün belə keçməmiş bu məlumatların tamamilə yalan olduğu ortaya çıxdı. Daxili İşlər Nazirliyinin mətbuat xidməti oktyabrın 14-də Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyasının keçirilməsi və xeyli şəxsin polis tərəfindən saxlanması barədə məlumatları təkzib etdi. Məlumatda bildirilir ki, qəsdən yayılan bu məlumatlar həqiqətdən uzaqdır. Belə ki, həmin tarixdə Ədliyyə Nazirliyinin binası qarşısında hər hansı aksiya keçirilməyib və polis tərəfindən də heç kim saxlanılmayıb.

Bundan başqa, qeyd etməliyik ki, məhkəməni izləyən onlarla jurnalist və vətəndaş da belə bir aksiyaya şahid olmayıblar. Bu necə aksiyadır ki, onun "keçirilməsini" və "həbs edilən" adamları heç kim görməyib? O zaman bu yalan xəbərlər nəyə xidmət edir?

Politoloq, millət vəkili Aydın Mirzəzadənin fikrincə, əslində, dezinformasiya xarakterli məlumatların yayılması və digər bu sayaq hallar qanun pozuntusu kimi qiymətləndirilməlidir. Təəssüflər olsun ki, qonşu İranın müəyyən siyasi dairələri Azərbaycanda islam dinini siyasiləşdirərək, siyasi təşkilat yaratmaq istəyi ilə Azərbaycanın daxili işlərinə qarışırlar.

"Azərbaycan cəmiyyəti buna yol verə bilməz. İranla bizim qonşuluq münasibətimz var. Amma kimlərinsə bizim daxili işlərimizə qarışması cəhdləri heç vaxt baş tuta bilməz. Nəinki İranın, heç bir bir dövlətin vəziyyəti gərginləşdirmək cəhdlərinin baş tutması mümkün deyil. Azərbaycan demokratik ölkədir.

Dövlətimiz azad sözün, azad düşüncənin, müstəqil fikrin qarantıdır. Müxtəlif siyasi partiyaların qanun çərçivəsində aksiya keçirmək hüququ var. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da qanunsuz, əsasən, stabilliyi pozmağa hesablanmış çıxışların qarşısı qanun çərçivəsində alınır. İranın bəzi dairələri bir neçə nəfəri, kiçik bir qrupu ələ ala bilərlər.

Ancaq onların heç bir zaman dayağı ola bilməz, bundan əlavə, heç bir təsirli siyasi qüvvəyə çevrilə bilməzlər. İranda Azərbaycanın müstəqilliyini istəməyən müəyyən siyasi dairələri belə cəhdlər edirlər. Azərbaycanda özlərinin siyasi rejiminə oxşar siyasi rejim qurmaq istəyənlər bu addımları atırlar. Ancaq ümumən götürdükdə cəmiyyət belə qrupları dəstəkləmir. Bu, bir neçə şəxsdən ibarət ola bilsələr də, kütləvi hala çevrilə bilməzlər"-deyə politoloq vurğulayıb.

Dövlət səviyyəsində terrorizmi dəstəkləyən, işğalçılıq siyasəti yürüdən İran bu gün Ermənistanı öz ağuşuna alır. İranın Ermənistan ilə əlaqəli siyasəti təkcə bu gün yox, həm də gələcək üçün təhlükəli xarakter almağa başlayıb. Təbii ki, bu faktın mövcudluğu fonunda İranın, sadəcə, müsəlman həmrəyliyindən, birliyindən danışmağa heç bir haqqı çatmır.

İran zaman-zaman Azərbaycan dövlətinin əleyhinə təbliğat aparmaqla yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsinin uzanmasında maraqlı tərəf kimi də çıxış edir. Əgər İran, həqiqətən də, sözdə dediyi kimi, əməldə də müsəlman birliyinin tərəfdarı olsa idi, işğalçı erməniləri deyil, müsəlmanların da sayı çox olan demokratik Azərbaycanı müdafiə edərdi.

Bütün bu deyilənlərdən bir daha bəlli olur ki, İran Azərbaycanın qonşuları ilə anti-Azərbaycan xarakterli işlər aparır. Ümumiyyətlə, İranın dini təsiri milli təhlükəsizliyimiz və ideoloji məsələlərdə problem yarada bilər. Artıq çoxdan İrandan gələn mollaların və tacirlərin burdakı qeyri-qanuni əməlləri, orada dini təhsil alıb gələnlərin ETTALAT-ın təsiri altına düşməsi haqda kifayət qədər ciddi məlumatlar var. Son hadisələrdən də göründüyü kimi, İran kritik situasiyalarda Azərbaycana təzyiq üçün imkanlarını nümayiş etdirir.

İran, konkret olaraq, Azərbaycanın zəifləməsi, Ermənistanın güclənməsi üçün çalışır və birmənalı olaraq, Qarabağın azad olunmasına qarşıdır. Tehran Azərbaycanın güclənməsindən əndişə keçirir. Məhz bu üzdən ölkəmizə təzyiq rıçaqlarını gücləndirməyə çalışır.

Qarabağ probleminin həlli ilə bağlı vəziyyət gərginləşəndə, ortalığa azyaşlı məktəblilərə çadra geyindirilməsi kimi anormal ideyalar atılır, İranmeyilli dini icmalar, onların nəzarətində olan media işə düşür, aləmi qatırlar.

Buradan belə çıxır ki, İran Azərbaycanda daxili sabitliyi gərginləşdirmək bacarığını həm göstərir, həm də bu gücün imkanlarını yoxlayır. Üstəlik, bununla Azərbaycana müəyyən məsələlərdə təsir etməyə çalışır.

İran Azərbaycan ərazisindən az qala dövlət səviyyəsində narkotiklərin daşınmasına nəzarət edir. Bu zəhərlə həm azərbaycanlılar, həm də qonşu ölkələrin insanları məhv edilir. Molla rejimi bundan milyonlarla gəlir əldə edir. Fars rejiminin tulaları və onlara xidmət edən media zəhmət çəkib bu məsələlərə aydınlıq gətirsin, sonra başqa mövzulara girişərlər.


Elçin Bayramlı

Digər xəbərlər