Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisi 1989-1993-cü illərdə Ermənistan qoşunları tərəfindən işğalı nəticəsində diqqətdən kənardadır. Erməni separatçı qüvvələri tərəfindən torpaqların işğal olunması nəticəsində ölkəmizə maddi ziyan dəymiş, insanlar doğma yurd-yuvalarından didərgin salınmışdır.
Bununla yanaşı, Azərbaycanın coğrafi relyefi, onun yeralı və yerüstü sərvətləri, eləcə də, gözəl, zəngin təbiəti bu işğaldan yan keçməmişdir. Nəticə olaraq ölkəmizə ekoloji cəhətdən zərbə endirilmiş, insan orqanizminə, təbiətə ciddi ziyan dəymişdir. Qarabağ ərazisinin işğalda olmasının nəticəsidir ki, məlum olan ərazilərdə ermənilər tərəfindən bütün hüquqi normalara zidd olan əməllər törədilir. Azərbaycanın işğal olunmuş əraziləri uzun illərdən bəri beynəlxalq nəzarətdən kənarda qaldığına görə, həmin ərazilərdən ayrı-ayrı terrorçu qruplar və cinayətkar dəstələrin narkotranzit və qaçaqmalçılıq məqsədləri reallaşır. Belə ki, Ermənistan tərəfindən bu ərazidə qaçaqmalçılıq və narkotik maddə daşınması əməliyyatları baş tutur. Rəsmi məlumatlara istinadən deyə bilərik ki, işğal altında olan Qarabağın nəzarətsiz məkanlarında narkotik bitkilər yetişdirilir və onların məhsulları gizli yollara Rusiya və Avropa ölkələrinə ötürülür.
Sivilizasiyalı bir əsrdə yaşadığımız zamanda təəssüflə də olsa, qeyd etməliyik ki, Azərbaycanda olan əlverişli təbii şərait, onun sıx meşələri erməni təcavüzkarları tərəfindən talan edilərək məhv olunur. İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdır. Müharibə zonalarında dağıdıcı silahlardan və ağır texnikadan geniş istifadə olunduğuna görə ərazinin təbiətinə və ekoloji şəraitinə dəhşətli bir şəkildə ziyan vurulmuşdur. İşğalda olan Azərbaycan torpaqlarında ağır hərbi-texnikanın nəticəsi olaraq torpağa çökən kimyəvi maddələr bu ərazilərdə ekoloji mühitin, tarazlığın pozulmasına gətirib çıxarıb. Müharibə dövründə bu ərazilərə çoxlu miqdarda atılan mərmilər, basdırılmış minalar təbii ki, ekolji mühitin zəhərlənməsinə, çirklənməsinə birbaşa səbəb olan amillərdir. Müharibənin törətdiyi əngəlliklər azmış kimi, dağ meşələri ucdantutma qırılaraq qonşu ölkələrə daşınır, nadir bitki və heyvanların kökü kəsilir.
Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri əkilib-becərilmir və ona görə də böyük ekoloji fəlakət yaşanılır. Təbiətə qarşı olan ermənilərin amansızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qısqanclığını, iddialı mövqedən çıxış edib, özünəməxsus formanı tətbiq etməsi ilə yanaşı, bir məntiqin də gerçəkliyini təsdiqləyir. Bu, ermənilərin Qarabağ ərazisində müvəqqəti olduğunu təsdiqləyən faktordur. Mənbələrdə göstərilir ki, ermənilər təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilir. Qeyri-qanuni bir şəkildə Dağlıq Qarabağı işğalda saxlayan, ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımayan ermənilər ekoloji mühitin daha da kəskiləşməsinə gətirib çıxarıblar.
Azərbaycana məxsus olan və təbiətin sağlamlığına təsirini göstərən qoruq və yasaqlıqlar bu gün erməni işğalı altında olan ərazilərdir. Erməni separatçı qüvvələri tərəfindən ekoloji tarazlığın pozulmasını əks etdirən reallıqlardan biri hələ sovetlər birliyində yaşadığımız illərdə Ermənistan tərəfindən Qarabağın Topxana meşəsində qiymətli ağacların vəhşicəsinə qırılması faktını göstərə bilərik. Ermənilərin Azərbaycan təbiətinə qarşı amansızlığının göstəricisi olsa da, bu reallıq onu göstərdi ki, ermənilər tərəfindən Topxana meşəsində qiymətli ağacların qırılmasında məqsəd münaqişə zəminində Azərbaycan torpaqlarını zəbt etmək idi. Bu hadisələr fonunda ekoloji məkan öz tarazlığını itirdi və prosesin getdikcə artması nəticəsi olaraq, Qarabağın ekoloji mühiti böhran vəziyyətini yaşadı.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana, təbiətə vurduğu ziyan statistik göstəricilərdə əksini tapmışdır. Ölkəmizə məxsus olan nadir təbii məkanların ermənlərin işğalında olması faktı çox məqamlara aydınlıq gətirir. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı yasaqlığı 1992-ci ildə ermənilər tərəfindən tamamilə məhv edilmişdir. Qubadlı dövlət yasaqlığı respublika yasaqlığının 8,2%-ni təşkil edir. Bu yasaqlıq işğal altındadır və ermənilər bu xazinədən vəhşicəsinə istifadə etməkdədirlər. Bu və ya digər yasaqlıqların, qoruqların məhvi ekoloji mühitə vurulan zərbədir.
Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Qarabağın işğal altına düşməsi Azərbaycanın torpaq və ərazi itkisi ilə yanaşı, bir sıra iqtisadi, sosial-mədəni problemlərlə üzləşməsinə gətirib çıxarıb. İşğal edilən torpaqlardakı təbiət gözəllikləri, kurortlar, istirahət və əyləncə mərkəzləri, müalicəvi xarakterinə görə də şöhrət tapmışdı.
Qarabağ torpaqlarının işğal altında qalması nəticəsində böyük bir turizm potensialı, əvəzsiz flora və fauna məhv edilir. Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən biri olan Qarabağ ərazisi xarabalığa çevrilir, ermənilərin iyrənc, məkrli siyasəti nəticəsində ekoloji mühit yararsız hala salınır ki, bunun da bərpasına, yenidən yaşayış və həyat səviyyəsinin normal vəziyyətə salınmasına neçə-neçə onilliklər tələb olunur.
NƏZAKƏT ƏLƏDDİNQIZI