Mən bu İran haqqında danışanda "əstəğfürullah" deməsəm alınmır. İranın müqtədir, mütərcim, mərceyi-təqlid, hafizi-din (nə isə dilim dolaşdı) nümayəndələri və ayətulla ordusunun qulları Azərbaycana qarşı hər gün bir bəyanatla çıxış edirlər. Adama deyərlər, bu mollabaşı "qardaşların" bir yiyəsi-zadı yoxdur, ya elə islama ləkə salmaq üçün belə edirlər?
Bir neçə gün öncə İranın Qum şəhərinin Əzəm məscidində ayətullah Məkarim Şirazi deyib ki, Azərbaycanda din təhlükədədir, nə bilim, insanlara hücum edirlər. Di gəl, bu zalım oğluna cavab vermə. Əvvəla, ay Şirazi "baba", din İranda təhlükədədir, Azərbaycanda yox. Çünki islamda olmayan qeyri-etik hərəkətlərə rəvac verməkdə, böhtan atıb insanları edam etməkdə, qəddarlıqda sizin qədər ad çıxaran ikinci bir dövlət yoxdur. Heç rəhmətlik Qəddafi də sizin kimi eləmirdi. Günahsız insanı yerə yıxıb, "Allahu-əkbər" deyə-deyə başını kəsirsiniz. Sizin din dediyiniz budurmu? İkncisi, islamı siyasi faktora çevirib bütün dünyada islama qarşı pis fikir yaratmısınız. Bax, o cəhalət deyilən bir şey var ha , onun ən zırpısı sizlərdədir. Sizlərin ucbatından qeyi-dindən olan birinin yanında islam deyəndə hamı terror, qaragüruhçuluq, asmaq-öldürmək başa düşür. Şəxsən sizi- hörmətli mərceyi-təqlidi-dini-ayətullahi-mütərcimi-zari Məkarim Şirazi, dilləndirən və bülbül kimi cəh-cəh vurduran var.
Mən İranın bəzi üzdəniraq din xadimlərinə sual verirəm, özü də o din xadimlərinə ki, həftə səkkiz-mən doqquz Azərbaycana qarşı hər gün bir iyrənc bəyanatda bulunub özlərinə qarşı nifrət oyadırlar.
1. Son bir ayda İranda neçə nəfər azərbaycanlı qətlə yetirilib? Bilmirsinizsə, mən deyim. Son bir ayda İranda 100-ə yaxın azərbaycanlı qətlə yetirilib. Bunların bir hissəsi edam olunub, bir hissəsi isə ya maşın qəzalarında, ya da döyülərək, güllələnərək öldürülüb. Nəyə görə, ay mərceyi-təqlid? Bəlkə islamda o da var ki, haqq səsini qaldıranı edam edirlər?
2. Ey dili-qafili-eşqi-sərvəri-mollayi-bazlar, bəs sonuncu dəfə neçə yaşlı qız uşağı ilə "nigaha girmisiniz?" Bəlkə bu da sirrdir? Bütün dünya bilir ki, İranın bəzi çox məşhur 60-70 yaşlı din xadimləri zorla 15-16 yaşlı qızlarla müvəqqəti evlənirlər. Budurmu sizin əxlaqınız və ya bizlərə təlqin etmək istədiyiniz əxlaq?
3. Dövlət rəhbərlərinizin həftədə yeddi, ayda otuz bir dəfə erməni qardaşlarınızla qucaqlaşmağına, hər ay İrandan Ermənistana maddi yardım daşıyan minlərlə maşının sahiblərinə nə deyirsiniz? Erməni görəndə elə bil Peyğəmbər dövründən qalan əshabə görürsünüz. Əl-ayağına düşüb maç-maç, quc-quc, daha nə bilim, nələr edirsiniz...
4. İranda heç kəs azad söz işlədə, müstəqil hərəkət edə, öz doğma dilində rahat danışa bilmir. Cavan qadınlar gecələr evində rahat yata bilmir ki, indi hansısa "din xadimi" gəlib bir dua və "fətva" ilə məni ərimin yatağından aparacaq. Siz buna azadlıq deyirsiniz?
Nə isə, sizlərə o qədər irad tutmaq olar ki, dünya da gəlsə çarə tapılmaz. Başınızı qatmağa bir şey tapın da. Yox əgər tapa bilmirsinizsə, mən deyim. Məsələn, biriniz ortaya tullanıb deyin ki, mənə vəhy gəlib, özü də Cəbrayıl ( Ə ) şəxsən özü gətirib. Özünüzə səhralıqda-zadda bir dənə daxma da tikdirin, girin içinə. 3-4 dənə də zəhəri olmayan ilan tutub yanınızda saxlayın. Elə ki, gördünüz kimsə daxmanıza gəlir, bir dənə yaxşı həngamə çıxarın: yalandan yerə yıxılın ki, guya vəhy gəlib, sən də ağırlığına dözə bilməyib yıxılıb huşunu itirmisən. Ya da ki, sizə daha yaxşı bir məsləhət: onsuz da sizdə cadu-piti ilə məşğul olan mollalar çoxdu. Onları da yığın başınıza, Dərviş Parisi parladan kimi siz də Ağ Evi partladın. Ya da Barak Obamaya elə bir cadu eləyin ki, daha İranda əl çəksin. Birdəfəlik Obamanın da canı dincəlsin, sizin də.
Samir FEYRUZOV
P.S. Bir məsəl var: "Kimdə nə yoxdursa, ən çox ondan danışır". Elə sizin kimi. Necə ki, gecə-gündüz islamdan danışırsınız... Allah o günü bizə göstərməsin ki, islama ləkə gələ və siz ona hami çıxasınız. Onun hamisi var: "Uca Rəbb."