"Zaman Azərbaycanın xeyrinə, Ermənistanın isə, əleyhinə işləməkdədir"
İran və Ermənistan özlərinin Azərbaycana qarşı növbəti məkrli siyasətini aparmaqdadırlar. Ancaq hər kəsə bəlli olan birmənalı mövqe ondan ibarətdir ki, bu gün işğalçı ölkəni ermənilər deyil, məhz xaricdəki, erməni diaspora rəhbərləri idarə edirlər. Həmin o diaspora rəhbərlərinin apardığı siyasət bütövlükdə Ermənistanı dalana dirəyib. İqtisadi tənəzzülə uğramış Ermənistan Azərbaycanın dünyada qazandığı bütün uğurlara, nailiyyətlərə qısqanclıq hissi ilə yanaşır. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi İranı və Ermənistanı ən çox narahat edən ən vacib məqamlardandır. Ona görə də, istər İran, istərsə də Ermənistan çalışır ki, Azərbaycan dövləti barədə yalan məlumatlar yaysınlar.
"Bu bir həqiqətdir ki, Azərbaycan kimi böyük bir dövlətin əldə etdiyi uğurlar, nailiyyətlər təcavüzkar Ermənistanı və anti-Azərbaycan mövqeyi ilə seçilən İranı çox ciddi narahat edir. Ona görə də, Azərbaycana qarşı çirkin texnologiyalardan istifadə etməklə ölkəmizin beynəlxalq aləmdə güclənməkdə olan imicinə zərbə vurmağa çalışırlar. Amma görünən odur ki, onların cəhdləri uğursuzluğa düçar olub". Bu sözləri qəzetimizə açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, Azərbaycanın hər bir uğuru, xüsusilə də, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Ermənistanı qıcıqlandırır. Səsvermə zamanı 155 ölkə Azərbaycanı dəstəkləyib. Təbii ki, bunlar da erməni diaspor təşkilatlarında narahatçılıq hissi yaratmaya bilməz. İran və erməni mətbuatı bu gün Azərbaycanın qazandığı uğurlara kölgə salmağa çalışır. Lakin Azərbaycan dayanmadan inkişaf edir və güclənir. Azərbaycanın qüdrətli bir dövlət olduğunu söyləyən A.Mirzəzadə vurğulayıb ki, bütün sahələr üzrə əldə etdiyimiz nailiyyətlər bu gün hər bir kəsə bəllidir. Dövlətimiz regionun lider ölkəsinə çevrilib. Hər il əhalinin sosial müdafiəsi gücləndirilir, regionlarımız inkişaf edir, nə qədər yeni iş yerləri açılır. Təbii ki, bütün bunlar uğurlu və düşünülmüş siyasətin nəticəsidir. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın xarici siyasət strategiyasının əsas qayəsi milli maraqlara əsaslanan xətlə inkişaf etdirməkdir. Ermənistan iqtisadiyyatının tamamilə defolta uğradığını vurğulayan millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz ermənilərin qeyri-konstruktiv mövqeyi ucbatından həll olunmadığını söyləyib: "Ermənilər zaman-zaman öz məkrli işğalçılıq siyasətini yürüdüblər. Təbii ki, bu siyasət Ermənistanın tənəzzülə uğramasının əsas səbəblərindən biri olub. Ermənistan rəhbəri Serj Sarkisyanın siyasi iradəsizliyi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər zaman maneçilik yaradır". Millət vəkili Ermənistan rəhbərliyinin məhz Dağlıq Qarabağ kartı üzərində siyasi arenaya gəldiyini və hakimiyyət qazandıqlarını bildirib: " Ya sülh, ya da hərb yolu ilə zəbt olunmuş torpaqlarımızı geri qaytaracağıq. Heç zaman Azərbaycan dövləti öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək və bunun da fonunda heç bir beynəlxalq təşkilat, nüfuzlu dövlətlər bunu tanımayacaq və razılıq verməyəcək. Bütün sahələrdə olduğu kimi, ordu sahəsində də Ermənistan çox zəifdir. Ölkə Prezidenti İlham Əliyev hər dəfə beynəlxalq təşkilatlar, böyük dövlətlərin rəhbərləri ilə keçirdiyi görüşlərində bəyan edir ki, Azərbaycan ordusu hər an işğal altında olan torpaqlarını düşməndən azad etməyə qadirdir. Azərbaycanın güclü, fəxr olunacaq, böyük bir ordusu var".
Millət vəkili Azərbaycan büdcəsindən hərbiyə ayrılan vəsaitin işğalçı Ermənistanın ümumi dövlət büdcəsindən qat-qat çox olduğunu vurğulayıb. A.Mirzəzadə onu da bildirib ki, işğalçı ölkədə sosial-iqtisadi vəziyyət günü-gündən ağırlaşdığı üçün erməni əhalisi digər xarici ölkələrə üz tutur. Belə olduğu təqdirdə də, hərbi xidmətə çağırılacaq gənclərin sayı azalır və sərhəd bölgələrində xidmət etməyə əsgər tapılmır. Zaman Azərbaycanın xeyrinə, Ermənistanın isə əleyhinə işləməkdədir. Ulu Öndər, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin qurub-yaratdığı müstəqil, suveren Azərbaycan dövləti hər zaman, hər yerdə öz sözünü deyib, deyir və deyəcəkdir. Ölkəmiz bu gün Prezident İlham Əliyevin böyük iradəsi, uzaqgörənliyi sayəsində uğurla gələcəyə doğru addımlayır. Hər bir azərbaycanlı bununla fəxr edir.
AYLANA RZAYEVA