Ermənistandakı "Noravank" Elmi-Tədris Fondunun rəhbəri Qaqik Arutunyan da öz şərhində bildirib ki, Azərbaycanın BMT TŞ-yə müvəqqəti üzv seçilməsi rəsmi Bakıya imkan yaradır ki, Ermənistana qarşı diplomatik təzyiqlərini gücləndirsin: "Bu vasitə ilə Ermənistan düşdüyü durumdan ağır vəziyyətlə qarşı-qarşıya qala bilmək təhlükəsini gözü önünə gətirməlidir. Çünki Azərbaycanın əldə etdiyi nailiyyətlər sözlə deyil, əməllə sübuta yetirildi".
Manvel Sarkisyan: "...Azərbaycan, həqiqətən də, güclü dövlətdir"
Belə ki, bilavasitə, Ermənistanın mövqeyini dəstəkləyən "Regnum" informasiya agentliyinə müsahibə verən Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin rəhbəri Manvel Sarkisyan öz açıqlamasında təlaşla deyib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində BMT TŞ-yə qeyri-daimi üzv olduğu müddət ərzində irəliləyiş əldə edəcək. Onun fikrincə, Azərbaycan BMT Baş Assambleyası, AŞPA və digər beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsilə bağlı müxtəlif tələblər irəli sürəcək: "Azərbaycan BMT TŞ çərçivəsində öz istəklərinə nail ola biləcək. Ola bilər ki, Azərbaycan başqa taktiki gedişdən yararlanır və beynəlxalq səviyyədə özünü güclü dövlət kimi göstərir. Azərbaycan Prezidentinin bunu böyük qələbə kimi təqdim etməsi bir daha sübut edir ki, onlar, həqiqətən də, güclü dövlətdir".
Erməni strateji araşdırmaçısı deyir ki, beynəlxalq aləmdə təbliğat Azərbaycan üçün əsas sayılır, amma nəyə görəsə, Ermənistan bu müstəvidə hələ də siyasi strategiyasını müəyyənləşdirə bilməyib zəifliyini sərgiləyir: "Hələ də məlum deyil ki, Ermənistan nəyə görə beynəlxalq aləmdə fəallığını göstərmir?"
M.Sarkisyan əmin olduğunu gizlətməyib və deyib ki, Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi Ermənistanın bundan sonra siyasətinə yenidən baxması üçün sınaq müddətidir: "Bilmirəm, bu məsələylə bağlı Ermənistan rəsmi surətdə mövqeyini bildirəcək, ya yox?! Amma maraqlıdır ki, rəsmi Yerevan hansı addımı atacaq? Axı niyə başa düşülmür ki, Qarabağ prosesi hər şeyə təsir edə bilər. Hətta Azərbaycan təbliğatını gücləndirməkdən ötrü yeni bir tribuna əldə etdi".
Vardan Xaçaturyan: "Bu amil bizim üçün ağrıdıcı faktdır"
Ermənistan parlamentinin müstəqil deputatı Vardan Xaçaturyan isə "Armeniya Today" informasiya saytına verdiyi açıqlamasında qeyd edib ki, Azərbaycan bu uğuru vasitəsilə Ermənistanın təcavüzkar dövlət olduğunu növbəti dəfə beynəlxalq aləmə çatdıracaq: "Azərbaycan BMT TŞ-də Ermənistanın təcavüzkar bir dövlət olduğunu müzakirəyə çıxara bilər. Bu amil bizim üçün nə qədər ağrıdıcı olsa da, faktdan qaçmaq mümkün deyil".
Eduard Şarmazanov: " ...Əks halda biz Ermənistan və erməni xalqı qarşısında günahkar olmadığımıza zəmanət verə bilmərik"
Ermənistanın iqtidarda olan Respublika Partiyasının mətbuat və ictimaiyyətlə iş üzrə şöbəsinin rəhbəri Eduard Şarmazanov da Azərbaycanın diplomatik qələbəsini etiraf edir və vurğulayır ki, Azərbaycan bundan sonra Dağlıq Qarabağ məsələsində daha intensiv hərəkətə keçəcək: " Azərbaycanın məlum siyasi intensivliyi bizə diqtə edir ki, zamanında ciddi tədbirlər görmək lazımdır. Əks halda biz Ermənistan və erməni xalqı qarşısında günahkar olmadığımıza zəmanət verə bilmərik"
Rövşən