PDF Oxu

Araşdırma

  • 47

İran inqilaba “hamilədir”

İran inqilaba “hamilədir”

Qonşu İrandan yenə Azərbaycanın, Azərbaycan hakimiyyətinin ünvanına böhtan xarakterli açıqlamalar, hədələyici bəyanatlar səslənməkdədir. İran silahlı qüvvələri baş qərargah rəisinin ardınca yüksək rütbəli din xadimləri- ayətullahlar Məkarim Şirazi və Təhriri dövlətimizi hansısa "islami oyanışı" boğmaqda, möminləri sıxışdırmaqda ittiham edirlər.

Ümumiyyətlə, son vaxtlar İranın hakimiyyət dairələri, din xadimləri tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, ölkədə süni surətdə dini gərginlik yaratmaq planları haqda məlumatlar alınır. Tehran Azərbaycanın getdikcə güclənməsini heç cür həzm edə bilmir və ölkəmizdəki qulbeçələri vasitəsilə daxili qarşıdurma yaratmaqla dövlətimizi zəiflətmək istəyir. BMT TŞ-yə üzvlüyümüz isə molla rejiminin heç xoşuna gəlməyib.

Fimrimizcə, İran bu kimi əməllərlə Azərbaycanda daxili sabitliyi gərginləşdirmək bacarığını həm göstərir, həm də bu gücün imkanlarını yoxlayır. Üstəlik, bununla Azərbaycana müəyyən məsələlərdə təsir etməyə çalışır. Çünki NATO-nun hədəfində olduğunu bilir və artıq öz növbəsinin çatdığını anlayır. Regionda təklənməmək üçün Azərbaycanı təsir altında saxlamağa çalışır ki, birdən Qərb imperializminin koalisiyasına qoşulub İrana müdaxilədə iştirak edər. Amma anlamırlar ki, Azərbaycan heç bir halda buna qol qoymaz- nə hökumət, nə də xalq.

Məlum olduğu kimi, Liviya prezidenti Müəmmər Qəddafinin qətlə yetirilməsi və minlərlə insanın qətlə yetirlib ölkənin xaraba qoyulmasından sonra Qərb imperializminin diqqətini bu dəfə İrana istiqamətləndirib. Növbəti hədəf Suriya və İrandır. ABŞ prezidenti Barak Obamanın Qəddafinin aqibətinin digər diktatura rejimləri quran dövlət başçıları üçün nümunə olduğunu bəyanlaması, ABŞ dövlət katibi Hillari Klintonun İrana xəbərdarlığı, Qərbin İrana qarşı sanksiyalarını gücləndirməsi molla rejiminə ürəkaçan heç nə vəd etmir.

Xatırladaq ki, Klinton CNN telekanalına müsahibəsində İranı ABŞ-ın İraqdan öz qoşunlarını çıxarması ilə "səhv hesablamalar" aparmamağı və İraqı öz təsiri altına salmağa cəhd etməməyi məsləhət görüb. Dövlət katibi bildirib ki, Amerika hərbi qüvvələrinin İraqdan çıxarılmasından sonra da ABŞ-ın Fars körfəzi regionunda mövcudluğu hiss ediləcək və heç kim, xüsusilə də, İran ABŞ-ın İraqa dəstəyini dayandıracağına ümid etməsin.

Bu yaxınlarda isə İran prezidenti Mahmud Əhmədinejad bildirmişdi ki, ABŞ qoşunları ilin sonunda İraqdan çıxarıldıqdan sonra İran hərbçiləri İraq ordusuna təlimlər keçəcək və ordunun təchizatına yardım edəcək. Əhmədinejad qeyd edib ki, bununla bağlı qərarı İraq rəhbərliyi verəcək.

İran parlamentinin rəhbəri Əli Laricani isə deyib ki, ABŞ-ın İrana qarşı mövqeyi, əslində, bu ölkənin siyasi sıxıntılar içində olmasını göstərir: "ABŞ dövlət katibinin sözlərini ciddi qəbul etmək olmaz. Bu kimi sözlər yalnız iranlıların milli birliyinə səbəb olur. Əgər xanım Klinton İranda hansısa bir hərəkatın baş verəcəyini gözləyirsə, bilməlidir ki, bu gün bölgədəki hərəkatlar İran islam inqilabının nəticəsidir. Çünki İran inqilabı dinamik bir inqilabdır. Əgər ameriklılar bölgədə baş verənlərə bənzər olayların İranda təkrarlanacağını təsəvvür edirlərsə, səhvə yol verirlər".

Bəzi xarici ekspertlər Obamanın son bəyanatının hədəfində İranın olduğu ehtimalını irəli sürürlər və hadisələrin rəsmi Tehran üçün heç də xoşagələn nəticələr vəd etmədiyini deyirlər. Məsələn, ukraynalı politoloq Vitali Kulik deyir ki, İran Qərbi əvvəl-axır özü ilə hesablaşmağa vadar etmək istəyir: "İran nüvə silahının istehsalı ilə bağlı Qərbin tövsiyələrini nəzərə almadı, beynəlxaq sanksiyalarla üzləşdi. Ölkədə insan haqlarının pozulması və bir sıra şəriət qanunları reallıqla uzlaşmadığından, İran tərksilah olunmalıdır. Lakin bu, heç də asanlıqla baş verməyəcək. İranı da müdafiə edən qüvvələr var. Əgər xalq içəridən öz etiraz səsini ucaltsa, mübarizəyə başlasa, onda İran xarici havadarlarına bel bağlaya bilməyəcək".

Politoloqun sözlərinə görə, gec-tez ABŞ İranda dövlət çevrilişinə nail olacaq: "Obamanın digər diktatorlara ünvanlanan Qəddafidən ibrət dərsi götürmək çağırışı elə-belə deyilməyib. Obama İranı nəzərdə tutur".

Siyasi müşahidəçilərin fikrincə, ABŞ-ın İran layihəsində müxtəlif variantlar müzakirə olunur. Demək olar ki, İrana qarşı tətbiq olunacaq müharibə planı da var. Amerikanın keçmiş dövlət katibi Kondaliza Raysın özü rəsmən bildirmişdi ki, İranla bağlı müharibə variantı masanın üzərindədir. Deməli, nə vaxtsa bu plan gerçəkləşə bilər.

Hələlik, bölgədə İrana yaxın olan rejimlər sıradan çıxarılır. Artıq Amerika İranın sərhədindədir. Təsadüfi deyil ki, ABŞ-ın təsirində olan bəzi ərəb dövlətləri İrana qarşı müharibənin həyata keçirilməsini tələb edirlər.

Tunis və ya Misirdə qiyamlar olmasaydı belə, İranda hər an yeni bir inqilabın başlanması ehtimalı çox yüksəkdir. Təbii ki, Quzey Afrika ölkələrində başlanmış inqilablar bütün dünyada, regionda, özəlliklə islam aləmində və o cümlədən, inqilablara "hamilə" olan İran kimi ölkələrdə iz buraxacaq. Bu inqilablar İranda böyük dəyişikliklərlə bağlı daha da qərarlı və cəsarətli hərəkata müsbət təsir göstərə bilər. Məncə, İranda da yaxın gələcəkdə sürpriz bir inqilabın baş tutması və hər bir şeyin alt-üst olmasi çox gözləniləndir. Əsrin bu ən böyük inqilabına çox qalmayıb".

Heç kəsə sirr deyil ki, İranda insan haqlarının təmin olunması, söz, dil, din azadlığı ilə bağlı ciddi problemlər var və bu çoxmillətli ölkə olan İranda haqlı narazılıq dalğası oyadır. Xüsusən, İran Konstitusiyasının 15-ci maddəsinin indiyədək tətbiq olunmaması, ölkə əhalisinin 60 faizini təşkil edən azərbaycanlıların, eləcə də, digər xalqların dil, mədəniyyət, ana dilində məktəb, təhsil haqlarının aşkar şəkildə tapdanması, zorakılıqla həyata keçirilən farslaşma siyasəti istər-istəməz İranın bir dövlət kimi mövcudluğunu təhlükə altına alır.


Elçin Bayramlı

Digər xəbərlər