"Hizbullahın İran qolu olan "Ənsari-Hizbullah" təşkilatının Tərbiz nümayəndəliyinin baş katibi Höcətülislam Ruhulla Becani bildirib ki, 4 noyabrda Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunun binası qarşısında etiraz aksiyası keçiriləcək. Ruhulla Becani çıxışında Azərbaycan Respublikası haqda təhqiredici fikirlər səsləndirib və konsulluğumuzun nümayəndələrinin ölkə ərazisindən çıxarılması ilə hədələyib. Lakin aksiya uğurlu alınmayıb. Belə ki, İran azərbaycanlıları aksiyaya qatılmayıblar.
Güney azərbaycanlıları İranın hakimiyyət dairələri tərəfindən aldadılaraq, onların vastəsilə Azərbaycana təsir etməyə çalışması heç bir nəticə vermir. Çünki bunun üçün heç bir əsas yoxdur. İran azərbaycanlılarının respublikamız əleyhinə aksiyalara cəlb edilməsinə çalışan molla rejimi məqsədinə nail ola bilmir.
Artıq neçə aydır ki, İranda rejim əleyhinə aksiyalarda iştirak edən azərbaycanlılar narkotik maddələr daşıyıcıları adı ilə ölüm hökmünə məhum edilir. Heç bir əsas olmadan öz dilində təhsil tələb edən azərbaycanlını molla rejiminin fərraşları həbs edir və zindanlarda tarixdə görünməmiş işgəncələr verirlər.
Güney azərbaycanlılarının milli hərəkat fəallarının müdafiəsindən yayındırmaq məqsədilə Azərbaycan Respublikasının guya xarici qüvvələr tərəfindən idarə olunduğu haqda yalanlar uydurulur, bu istiqamətdə daim media ilə təbliğat aparılır. Bu təbliğatın bir hissəsi kimi, qeyd olunur ki, guya Azərbaycanın Təbriz konsulluğunda işləyən İran azərbaycanlıları bu qurumda işləməkdən imtina ediblər. Yaxşı olar ki, İran hakimiyyəti öz daxilində olan ciddi problemləri həll etsin, sonra başqa ölkələrə nəyisə irad tutsun. Heç kəsə sirr deyil ki, İranda insan haqlarının təmin olunması, söz, dil, din azadlığı ilə bağlı ciddi problemlər var və bu, çoxmillətli ölkə olan İranda haqlı narazılıq dalğası oyadır.
Xüsusən, İran Konstitusiyasının 15-ci maddəsinin indiyədək tətbiq olunmaması, ölkə əhalisinin 60 faizini təşkil edən azərbaycanlıların, eləcə də, digər xalqların dil, mədəniyyət, ana dilində məktəb, təhsil haqlarının aşkar şəkildə tapdanması, zorakılıqla həyata keçirilən farslaşma siyasəti istər-istəməz İranın bir dövlət kimi mövcudluğunu təhlükə altına alır.
İran hər zaman ölkəmizə və soydaşlarımıza olan düşmənçilik və Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımıza qarşı məkrli siyasəti ilə seçilir. İran Azərbaycan ərazisindən narkotiklərin daşınmasına az qala dövlət səviyyəsində nəzarət edir. Bu zəhərlə həm azərbaycanlılar, həm də qonşu ölkələrin insanları məhv edilir. Molla rejimi bundan milyonlarla gəlir əldə edir.
Lakin qeyd etməliyik ki, artıq İran xalqı da ayılır. 2012-ci ilin martında İranda parlament seçkiləri keçiriləcək. Parlament seçkilərinədək tərəflər arasında qarşıdurmaların daha da kəskinləşəcəyi şübhəsizdir. Daxili ictimai sabitliyə gəldikdə, ölkə hazırda sanki barıt çəlləyinin üzərində oturub. Bir tərəfdən İranda çoxluğu təşkil edən Azərbaycan türklərinə qarşı repressiyalar, digər tərəfdən getdikcə pisləşən sosial durum, başqa bir tərəfdən də insan hüquqlarının kobud tərzdə pozulması halları xalqı cana gətirib. "Amnesty İnternational"ın verdiyi xəbərlərdə İranda ildə 600-dən artıq insanın əqidəsinə görə edam edildiyi, hicab istəməyən azad qadınların ən dəhşətli ittihamlarla daş-qalaq olunması, narkotikanın istifadəsi və alverinə görə dünyada 1-ci yeri tutması, şəriət ənənələrinə uyğun olan qisas və intiqam kimi qaydaların həyata keçirilməsi, insanın gözünü çıxarıb, ciyərini parçalamaq, qızmar dəmirlə dağlayıb öldürmək, bədən üzvlərini kəsmək, əl-qolunu qırmağın çox normal bir hal kimi sayılması qeyd olunub.
Şübhəsiz ki, zülm və vəhşilik üzərində qurulan bu imperiyanın ömrü uzun olmayacaq. İran xalqı da, nəhayət, dünya xalqları ilə bərabər hüquqda, normal şərtlərdə və azad cəmiyyətdə yaşamaq istəyini həyata keçirəcək. Fars-molla rejimi 70 milyonluq xalqı, o cümlədən, 40 milyonluq güney azərbaycanlını zülm və qorxu altında çox saxlaya bilməyəcək.
Regionda elə mürəkkəb geosiyasi situasiya yaranıb ki, hadisələrin gedişini proqnozlaşdırmaq mümkün deyil. Buna baxmayaraq, bir şeyi dəqiq deyə bilərik- ya zor gücünə, ya xoşluqla qan üzərində qurulmuş bu xəstə imperiya dağılacaq və hər xalq öz layiq olduğu yeri tutacaq.
Elçin Bayramlı