Son zamanlar işğalçı Ermənistanın bütün məqamlarda geriyə çəkilməsi, istər beynəlxalq, istərsə də daxili siyasətində ardıcıl fiaskolara uğraması, bir daha sübut edir ki, bu ölkənin idarəçi rejimi heç bir məsələdə ciddi olmayıb. Bu gün Ermənistan iqtisadiyyatının sıfırlarla dolu olan rəqəm cədvəlləri, aclıq, aclıqdan doğaraq artan cinayətlər, eləcə də, bu kimi digər anarxik meyillər deyilən vəziyyəti daha da gərginləşdirməkdədir.
Bütün bunlarla yanaşı, son bir neçə gündə Ermənistanın hakimiyyət strukturlarında da istefaların baş verməsi artıq ölkədə vəziyyətin son uğuru ayağında olduğunu bir daha təsdiqləyir. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov "Səs"ə verdiyi açıqlamasında da bu məsələyə toxunaraq, bildirib ki, prezident Serj Sarkisyan Ermənistanda seçkilər ərəfəsində öz hakimiyyətini möhkəmləndirmək üçün belə bir prosesin baş verməsinə çalışır: "Ermənistanda hakimiyyətdə hələ də keçmiş prezident Robert Köçəryanın xeyli sayda adamları var. Axı son vaxtlar R.Köçəryanın özünün prezident kürsüsünü geri qaytarmağa cəhd göstərəcəyi barədə danışıqlar gedir. Hesab edirəm ki, Serj Sarkisyan ölkəyə nəzarətini saxlamaq üçün hakimiyyət dəhlizlərini təmizləməyə çalışır".
"Robert Köçəryan bu ölkənin ali hakimiyyətinə qayıtdığı təqdirdə, Ermənistanın xarici siyasətində hansı dəyişikliklər baş verə bilər" sualını cavablandıran politoloq R.Musabəyov onu da vurğulayıb ki, Robert Köçəryan və Serj Sarkisyan məzmunla deyil, siyasətdəki üslubları ilə bir- birindən fərqlənirlər. Mən bu şəxslər arasında fərqli xüsusiyyətlər görmürəm.
R.Musabəyov, həmçinin, onu da bildirib ki, Ermənistan hər bir şəkildə Azərbaycan torpaqlarının işğalını qanuniləşdirmək istəyir: "Bununla da Ermənistan Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonu saxlamaq istəyir. Lakin bu status-kvo, faktiki olaraq, Ermənistanı tədricən ölümə aparır. Bu fakt son vaxtlar daha aydın görünməyə başlayır. Düşünürəm ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın "Ermənistan başa çatır" sözləri təsadüfi xarakter daşımır. Bu reallıq Ermənistan prezidenti seçiləcək istənilən şəxs üçün qaçılmazdır. Bu reallıqlar obyektiv və qaçılmazdır. Düzdür, bu reallıqları olduğu kimi qəbul etməyə daha çox hazır olan insanlar da var. Bu halda mən Levon Ter-Petrosyanı nəzərdə tuturam. Bundan başqa, Serj Sarkisyan və Robert Köçəryan kimi bu reallığı daha az qavrayan insanlar var. Ermənistanda hadisələrin hansı ssenari ilə inkişaf edəcəyi yalnız Serj Sarkisyanın prezident seçkilərində qələbə qazanıb-qazanmayacağından asılı olmayacaq. Ter-Petrosyanın parlamentin yeni tərkibinə daxil olub-olmayacağı və onun tərəfdarlarının Ermənistanın qanunverici orqanında hansı sayda təmsil olunacağı da çox vacibdir. Qaldı ki, Ter-Petrosyanın Ermənistanda prezident və parlament seçkilərində qələbə qazanmaq şanslarının necə olmasına, deyim ki, keçmiş prezident Ter-Petrosyan parlamentin yeni tərkibində daha çox mandat qazanmağı qarşısına məqsəd qoyur. Problem isə ondan ibarətdir ki, Ermənistanın borcları toplanır və bu ölkədə iqtisadi vəziyyət illərlə dəyişməz qalır. Bundan başqa, gec ya tez, xarici borcları qaytarmaq lazımdır. Bu, Ermənistanda hakimiyyətə iddia edənlərin reallığıdır".
R.Musabəyov və həmçinin, erməni politoloqların Levon Ter-Petrosyan hakimiyyətə qayıtdığı təqdirdə, Ermənistanın xarici siyasət vektorunun dəyişəcəyi barədə proqnozlarına da münasibət bildirib: "Düşünmürəm ki, Levon Ter-Petrosyanın prezidentliyi dövründə Ermənistanın vektoru dəyişikliklərə məruz qalacaq. Axı əvvəllər Ermənistan prezidenti olmuş Levon Ter-Petrosyan Rusiyaya arxa çevirməmişdi. Ermənistan prezidenti seçiləcək istənilən şəxs Rusiya ilə çox sıx və müttəfiq münasibətləri saxlamaqda maraqlı olacaq. Lakin, Ter-Petrosyan Ermənistanın gələcəyinin, ilk növbədə, Avropa məkanına inteqrasiyada təmin olunmasından çıxış edir. Düşünürəm ki, Ter-Petrosyan Gürcüstanda tətbiq olunan modelin - korrpusiya səviyyəsinin kəskin azaldığı, ölkənin Avropaya inteqrasiya yolunu seçdiyi modelə meyilli olacaq. İstənilən halda, Ter-Petrosyanın ənənəvi Rusiya-Ermənistan ittifaqını qırmaq riskinə gedəcəyini düşünmürəm".
A.SƏMƏDOVA