PDF Oxu

Araşdırma

  • 26

Ermənistanın növbəti təxribat planı

Ermənistanın növbəti təxribat planı

Ermənistan regionda gərginliyi artırmaq üçün növbəti dəfə təxribat törətməyi planlaşdırır. Serj Sarkisyan rejimi Azərbaycanın işğal altında olan Xankəndi şəhərində aeroportun yenidən istismara verilməsi ilə bağlı sərsəm fikirlər səsləndirməyə başlayıb. Məlum məsələdir ki, ermənilər bununla Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq və sülh istiqamətində aparılan danışıqlarda növbəti təxribat yaratmaq istəyirlər. Dəfələrlə Azərbaycan tərəfinin xəbərdarlığına baxmayaraq, Serj Sarkisyan rejimi işğal altında olan Xankəndi aeroportunu işə salacağını bəyan edir. "Azərbaycan ərazisi olan Xankəndindəki aeroportun ermənilər tərəfindən bu il mayın 9-da açılışını planlaşdıran ermənilər sonradan müəyyən problemlərin olması ilə bağlı açılışı təxirə saldılar.

İndi isə, yenidən aeroportu istismara verəcəkləri ilə bağlı fikirlər bildirirlər". Bu sözləri qəzetimizə açıqlamasında politoloq Elman Nəsirli bildirib. Onun sözlərinə görə, ermənilər tikilən aeroportun, eyni zamanda, həm də siyasi əhəmiyyət daşıdığını da qeyd edirlər. Ermənilər iddia edirlər ki, aeroport istismara verildikdən sonra Yerevan-Xankəndi-Yerevan reysləri həyata keçiriləcək. Bunlara baxmayaraq, Azərbaycan tərəfi Beynəlxalq Mülki Aviasiya təşkilatının üzvü olaraq, uçuşlar həyata keçirmək istəyən Xankəndindəki erməni hərbi təyyarələrini fiziki cəhətdən məhv edə bilər. E. Nəsirov bildirib ki, ermənilər müxtəlif bəhanələr gətirərək, təxribat törədəcək əməllərə əl ataraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların zamanını yubatmağa çalışırlar. Serj Sarkisyan rejimi yenidən istismara vermək istədikləri Xankəndi aeroportunun bütün texniki avadanlığını xarici dövlətlərdən sifariş veriblər.

Politoloq hər hansı bir tikinti işlərinin aparılması, xüsusən, hərbi-hava limanının inşası beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə tamamilə zidd olduğunu qeyd edib. "Dövlətimiz öz hava məkanında hər hansı bir xarici dövlətin təyyarəsini zərərsizləşdirmək hüququnu özündə saxlayır. Dövlətimiz qabaqlayıcı tədbirlər görür, müvafiq beynəlxalq qurumları məlumatlandırır.

Maraqlıdır, Azərbaycan ərazisi olan Xankəndində tikilən aeroportun sıradan çıxarılması üçün dövlətimiz beynəlxalq hüquq normalarına istinad edərsə, o zaman dünya birliyinin buna reaksiyası necə ola bilər? Sualımızı cavablandıran politoloq söyləyib ki, bir çox beynəlxalq təşkilatlar və ölkələr bütün verdikləri bəyanatlarında mövcud münaqişənin yalnız sülh yolu ilə tənzimlənməsi variantından danışır. Bəzən beynəlxalq birliyin hansı qərar, bəyanat verəcəyini dəqiq bilmək mümkün olmur. Tərəfli mövqe sərgiləyirlər. Bu isə, məlum münaqişənin həllini uzadır. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Azərbaycan dövlətinin ərazisidir. Ermənilər bütün beynəlxalq hüququn normalarının prinsiplərini, qayda-qanunlarını çox kəskin şəkildə pozur, istədikləri kimi davranırlar. Azərbaycan ərazisi olan Xankəndi və digər işğal olunmuş rayonlara rəsmi Bakının icazəsi olmadan uçuşlar təşkil olunması tamamilə qeyri-qanunidir. Əks halda, rəsmi Bakı qanunvericilikdə nəzərdə tutulan tədbirləri görə bilər. Politoloq qeyd edib ki, Ermənistan vətəndaşlarının ölkədən axını artıq qarşısıalınmaz bir prosesə çevrilib. İnsanlar çıxış yolunu xarici ölkələrə üz tutmaqda görür. Belə hallar, demək olar ki, Ermənistanda artıq adi hala çevrilib. Aclıq, səfalət, rəzillik hökm sürən Ermənistan bütün hallarda beynəlxalq hüquq normalarını çox kobudcasına pozur. Bu yaxınlarda bir neçə ölkədə ermənilər müxtəlif qətllərdə və sadalamaqla bitməyən bir sıra cinayət əməllərində ittiham edilərək həbs edildilər. Məlum olub ki, həmin həbs olunan erməni vətəndaşlarının Serj Sarkisyanla əlaqəsi vardı. Ermənistanın atdığı bütün qeyri-konstruktiv addımlar öz ziyanına işləməkdədir.


Aylana Rzayeva

Digər xəbərlər