"Məni 18 saat ayaq üstə saxladılar. Günlərlə yatmağa qoymadılar. İran rejimi üçün qadın-kişi fərq etməz. Fəridə adlı bir siyasi məhbus da var idi. Ona da ağır işgəncələr verilmişdi. Ümumi zindanda milli fəalları canilərlə, ağır narkomanlarla bir yerdə saxlayırlar. Zindanda bizə insanlığa sığmayan işgəncələr verir, sonra da "islamın əmridir" deyib, oruc tutmağa məcbur edirdilər. Günlərlə yemək vermirdilər. Siyasi məhbuslar edam intizarında qalırdılar". Bu cümlələr İran həbsxanasında dustaqlıq yaşamış, 1979-cu ildə Arazbar (Xudafərin) bölgəsinin Sarıcalı kəndində doğulan, 2009-cu ildən Türkiyədə siyasi mühacir həyatı yaşayan Elçin Hatəmiyə məxsusdur.
"Ağlagəlməz bütün işgəncələri siyasi məhbuslara tətbiq edirlər
E.Hatəmi bildirib ki, həbsxanada hər cür işgəncə üsulunun şahidi olub: "Ağlagəlməz bütün işgəncələri siyasi məhbuslara tətbiq edirlər: siqaretlə dağlamaq, əl-ayağı sındırmaq, dırnaq çəkmək, ölümlə təhdid etmək, bədəninə və başına elektrik cərəyanı vermək, huşu itirənə qədər şallaqla döymək və s. Bu əziyyətlərdən sonra sağlam insan ağlını itirə bilər. "Ettelaat"da olanda işgəncə verilən dostlarımızın fəryadını, çığırtılarını eşidirdik. Bədəninə elektrik cərəyanı qoşduqları dostlarımdan biri infarkt keçirdi. Sonra da qışda başına buzlu su tökərək 20 gün oyaq saxladılar. Başqa bir dostumu o qədər döydülər ki, dişləri və qabırğaları sınmışdı".
Məhbus bildirib ki, onları QİÇS, hepatit və başqa infeksion xəstəlikli məhbuslarla birgə saxlayıblar: "Məqsəd oldu ki, bu yolla həm infeksiyaya yoluxdursunlar, digər tərəfdən də dünyaya car çəksinlər ki, bizdə siyasi məhbus yoxdur. Zindanlarda QİÇS, hepatit xəstəliyi, narkotik alveri baş alıb gedir. Məhbusların az qala 70 faizini narkotikaya aludə ediblər. Bəzi siyasiləri zindandan çıxandan sonra müxtəlif yollarla- avtomobil qəzası və s. üsullarla öldürürlər. 2006-cı ilin may hadisələrində soydaşlarımız dinc yolla mitinqlər keçirirdilər. Yüzdən çox insanı elə mitinqlərdə güllələdilər".
"Məhbusun başını unitaza salıb, nəcisi yedirdirdilər"
1965-ci ildə Muğanda anadan olmuş, hazırda Azərbaycan Respublikasında yaşayan siyasi mühacir Babək Muğanlı isə deyir ki, yazdığı şeirlərə görə, onu dəfələrlə həbs ediblər: "Ərdəbil, Təbriz, Muğan (Parsabad) zindanlarında 3 il qaldım. 6 ay ailəm məndən xəbər ala bilmədi. Burnunu divara söykəməklə lüt saxlamaq, təcavüz etmək, tavandan başı üstə saatlarla asılı saxlamaq zindanda məhbuslara verilən işgəncələrin bir qismidir. 1979-cu il inqilabının ilk illərində ayətullah Xomeyninin verdiyi fətvaya görə, məhbusları danışdırmaq üçün ölənə qədər işgəncə etmək olar, işgəncəylə məhbusu öldürən məmur axirətdə sorğu-sual olunmayacaq".
B.Muğanlı məruz qaldığı işgəncələrdən də danışıb: "Zindanda işgəncə üçün otaqlar var. Muğan zindanında əlimi-qolumu stola bağlayıb huşumu itirənə qədər şallaq vurdular. Şallaq avtomobil təkərinin materialında olan möhkəm və yoğun kabellərdir. Bir şallaq dəyən yerə ikinci dəfə vuranda ət partlayır. Ona görə də şallaqdan çıxan adamın bədəni yara olur. Sonra yaralarıma daha çox əziyyət vermək üçün vannaya duzlu su töküb məni vannaya saldılar. Duz qanlı yaraları daha da göynədir. Kameraya apararkən isə üstümə buzlu su tökdülər. Qış olduğu halda elə sulu paltarla da gətirib kameranın beton döşəməsinə atdılar. Bu işgəncə dəfələrlə təkrar olunurdu. Tək mənə yox, zindandakı bütün məhbuslara belə əziyyətlər verirdilər".
O bildirib ki, 1981-ci ildə zindanda onu qolu və iki qabırğası sınana qədər döyüblər: "Heç bir tibbi yardım göstərmədilər. Qabırğalarım öz-özünə bitişdi. Başqa bir işgəncə üsulu isə unitazı aşağıdan bağlayıb, sidik və nəcislə dolandan sonra məhbusun başını unitaza salıb, nəcisi yedirtməkdir. Aylarla hamam görmürdük, elə olurdu ki, 24 saat tualetə getməyə qoymurdular".
B.Muğanlı deyib ki, 1982-83-cü illərdə edama məhkum olunanlar da onlarla birlikdə saxlanılıb: "Sonralar onları ayrıca saxladılar. Hər səhər saat 4-5 arası güllə səsləri eşidirdik. Elə gün olmurdu ki, kimisə edam etməsinlər. "Evin" zindanında hər gün 10-15 məhbus edam olunurdu. Hər kəs ölümünü gözləyirdi. Bəzən səhv salıb günahsız adamları da edam edirdilər. Şeyx Sadiq Xalxali fətva vermişdi ki, kimsə səhvən edam olunarsa, yeri behiştlikdir. Yəni narahat olmayın, kimsə yanlışlıqla öldürülərsə, cənnətlik olacaq".
"Bədənimə heyva yağı sürtüb, üstümə siçovulları buraxırdılar"
1986-cı ildə Urmiyada anadan olan, 2011-ci ilin mart ayından Türkiyədə yaşayan siyasi mühacir Nəvid Sultani deyib ki, 2007-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Milli Hökumətin ildönümünə hazırlaşarkən tutulub: "Məni 25 gün tam qaranlıq otaqda saxladılar. Gün üzü görmürdük. Nə zaman səhər, nə vaxt axşam olduğunu bilmirdim. Yemək isə suda bişmiş 4-5 noxud idi. Hazırda ABŞ-da yaşayan Həsən Əsədi var. Onun dırnaqlarını çəkib çox işgəncə verdilər. Hətta özü danışırdı ki, sağ qaldığına inanmayıb, öldüyünü zənn edib.
Bundan əlavə, Qulamhüseyn Rüstəmi adlı dayım var idi. İxtisasca həkim olsa da, milli fəaliyyətinə görə dəfələrlə həbs olunmuşdu. Zindanda ütü ilə kürəyini, ayaqlarını yandırmışdılar. Sonuncu dəfə tutulanda "Evin" zindanına saldılar. Orada işgəncə ilə öldürüldü. Cəsədini bizə vermədilər. Harada, necə dəfn olunduğunu indiyədək bilmirik".
1969-cu ildə Tehran doğulan, hazırda Danimarkada yaşayan siyasi mühacir Əhməd Qaşqay isə deyib ki, Qarabağ müharibəsi başlayanda Tehranda aksiyalar keçiriblər: "Tələbimiz o idi ki, İran dəhlizi açsın, Qarabağdan köçən qaçqınlar İrana da gələ bilsinlər. İranda 4 milyon əfqan, 1 milyon kürd qaçqın olduğu halda, nə üçün öz qardaşlarımıza qucaq açmayaq?
Bu tələblə keçirilən aksiyalara mən də qoşuldum. Sonra 1993-cü ildə Qarabağa döyüşə getdim. Kəlbəcərdə döyüşdüm. 6 aydan sonra İrana qayıdanda, həbs olundum. Şiraz və İsfahan zindanlarında 10 ay yatdım. Çox işgəncə gördüm. O qədər döyürdülər ki, tərləyirdim, sonra venama 2 iynə vurub, cərəyan verirdilər. Cərəyandan sonra saçım, qaşım, qollarımdakı tüklər buz bağlayırdı. 16 gün gecə-gündüz yatmağa qoymadılar. Bu işgəncələri özü çəkməyən ağırlığını anlaya bilməz.
16 gün hündürlüyü yarım metr olan yerdə saxladılar. Ancaq oturmaq olardı, qalxanda başım tavana dəyirdi. Tualet də, yemək-içmək də ora idi. Bədənimə heyva yağı sürtüb, üstümə siçovulları buraxırdılar. Bədənimdə siçovulların dişləmədiyi yer qalmırdı. Başqa bir işgəncə isə bu idi ki, gen şalvar geyindirərək şalvarın içinə pişik salıb suya atırdılar. Pişiyə su dəydikcə bədənimi cırmaqlayırdı.
Həbs ediləndə 75 kilo idim, 10 ayın içində 42 kiloya düşdü. Ən pisi isə məni həmin vəziyyətdə anama göstərmələri oldu. Bu işgəncələri başqa siyasi fəallara da verirdilər. İnsan özünü bilmir, dəli olduğunu sanır. İşgəncə verənlər elə düşünürlər ki, islamın əmrini yerinə yetirirlər. Çünki onları din adına inandırıblar ki, siyasi məhbuslara nə qədər çox işgəncə versən, behiştə bir o qədər asan gedəcəksən. Məni Tehran zindanına apararkən qaçdım".
"Zindanda hamilə qadınlar da vardı, onları da edam etdilər"
1963-cü il Təbrizdə doğulmuş, hazırda Azərbaycan Respublikasında yaşayan siyasi mühacir A.Təbrizli isə vaxtilə Tehranda "İran-Sovet Cəmiyyəti" fəaliyyət göstərən təşkilatdan Quzey Azərbaycana aid Azərbaycan dilində xeyli kitab alıb: "1981-ci ildə axşam saat 11-də evimə basqın edib, məni tutdular, kitablarım da müsadirə olundu. Onda "Ettelaat" hələ formalaşmamışdı, İnqilab Komitəsi vardı. Məni 2 gecə orada saxlayıb, sonra "Evin" zindanına saldılar. 18 ay həbsdə qaldım. Hər gün məhbusların işgəncə səsini eşidirdik. Kameradakı otaq yoldaşım da azərbaycanlı idi. Ayağının altına o qədər şallaq vurmuşdular ki, əti parçalanıb, sümüyü çıxmışdı. Başqa bir məhbusun isə ayağını güllələmişdilər. Tibbi yardım göstərilmədiyindən ayağı çürümüşdü, çox pis qoxu verirdi. Kamerada onun yarasının qoxusundan durmaq olmurdu. Üç yaxın dostumu güllələdilər. Rejim heç kəsə rəhm etmirdi. Zindanda hamilə qadınlar da vardı. Onları da edam etdilər. Məmurlar hər axşam kameraya gəlib təklif edirdilər ki, kim bu gecə öldürüləcək, məhbuslara güllə özü atmaq istəyir?
Bizim kamerada Hüseyn Adəm adlı bir fars məhbus vardı. O, razılaşıb getdi. Qayıdanda gördük ki, qolları dirsəyədək qandır. Dedi ki, 4-5 adamın beyninə və ürəyinə atəş açıb. Sonra da cəsədləri yük maşınına yığmağa kömək edib. Hüseyn Adəmi bu əməlinə görə kamerada daha heç kim danışdırmadı. Cəsədləri aparıb gizlincə dəfn edirdilər, məzarı da olmurdu. Ailəsinə isə bir aydan sonra üstündəki əşyalarını qaytarırdılar. Hər güllənin pulunu öldürdükləri adamın ailəsindən alırdılar. Kommunistləri erməni qəbiristanlığının yanındakı "Lənətabad" deyilən yerdə basdırırdılar".
"Gördülər danışmıram, dilimi kəsdilər, indi danışa bilmirəm"
1970-ci il Ərdəbildə doğulmuş, hazırda ABŞ-da yaşayan siyasi mühacir T.Bayraqçı isə 3 il 7 ay 19 gün "Evin" zindanında qalıb: "Vermədikləri işgəncə qalmadı. 2006-cı ildə "İran" adlı dövlət qəzetində azərbaycanlılar tarakana bənzədilərək təhqir olunmuşdu. Təhqirə etiraz edənlərdən biri də mən oldum. Buna görə həbs edib "Evin" zindanına saldılar. Soruşdurma zamanı tanıdığım milli fəalların adlarını istədilər, türkçülüklə bağlı fəaliyyət göstərməməyimi tələb etdilər. Qəbul etmədim. Bədənimə bir neçə dəfə dağ basdılar, 4 dırnağımı çəkdilər. Cinsi orqanlarımı əzdilər, qulağıma yağ tökdülər. Gördülər danışmıram, dilimi kəsdilər. İndi danışa bilmirəm, fikirlərimi ancaq yazaraq bildirirəm. Həbs olunanda 118 kilo olduğum halda, zindandan çıxanda 64 kilo qaldım. Amma ən çətini, dözülməz olan ruhi işgəncədir. Bu qədər əziyyətə dözüb danışmadım, ağlamadım. Amma qulağım eşidə-eşidə namusuma söyəndə dözə bilmədim, danışmasam da, ağladım". "Amnesty İnternational"ın verdiyi xəbərlərdə İranda ildə 600-dən artıq insanın əqidəsinə görə edam edildiyi, hicab istəməyən azad qadınların ən dəhşətli ittihamlarla daşqalaq olunması, narkotikanın istifadəsi və alverinə, görə dünyada 1-ci yeri tutması, şəriət ənənələrinə uyğun olan qisas və intiqam kimi qaydaların həyata keçirilməsi, insanın gözünü çıxardıb, ciyərini parçalamaq, qızmar dəmirlə dağlayıb öldürmək, bədən üzvlərini kəsmək, əl-qolunu qırmağın çox normal bir hal kimi sayılması qeyd olunub.
Şübhəsiz ki, zülm və vəhşilik üzərində qurulan bu imperiyanın ömrü uzun olmayacaq. İran xalqı da, nəhayət, dünya xalqları ilə bərabər hüquqda, normal şərtlərdə və azad cəmiyyətdə yaşamaq istəyini həyata keçirəcək. Fars-molla rejimi 70 milyonluq xalqı, o cümlədən, 40 milyonluq güney azərbaycanlını zülm və qorxu altında çox saxlaya bilməyəcək.
Elçin Bayramlı