Ermənistan rəhbərliyinin ölkədə "yüksək həyat səviyyəsi" barədə verdiyi yalan və şirnikdirici məlumatlara baxmayaraq, ölkəni tərk edən ermənilərin sayı durmadan artır. Fransada erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" ("Les Nouvelles d’Armenie") qəzeti də bunu etiraf etməyə məcbur olub.
İldə 100 min erməni ölkədən qaçır
Qəzetin 9 noyabr tarixli nömrəsində dərc edilmiş məlumatda bu ilin yanvar ayının 1-dən oktyabrın 1-dək 829 min 412 erməninin ölkəni tərk etdiyi, 731 min 264 nəfərin Ermənistana gəldiyi bildirilib. Hər hansı məlumatı saxtalaşdırmaqda mahir olan ermənilər dünya ictimaiyyətinin gözünə kül üfürmək məqsədilə qəsdən ölkəyə gələnlərin sayını artıq göstərirlər.
Bununla onlar Ermənistanda həyat səviyyəsinin heç də aşağı olmadığını qələmə verməyə çalışıblar. Əslində isə, ailəsini dolandırmaq naminə Ermənistanı tərk edənlərin sayı durmadan artır. Bu ilin on ayında ölkəni tərk edənlərlə Ermənistana gələnlərin sayı arasında yaranmış 98 min 148 rəqəmi bunu sübut edir. Bu rəqəm Ermənistanın imicini hər şeydən üstün tutan dövlət statistika idarəsi tərəfindən təqdim edilib. Amma əslində, Ermənistanı tərk edənlərin sayı bundan qat-qat çoxdur.
Son 20 ildə ölkə əhalisi 2 dəfə azalıb
Ümumiyyətlə, müstəqillik əldə etdikdən keçən 20 ildə Ermənistanda 1 milyon yarımdan artıq vətəndaş xaricə köçüb. Sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda demoqrafiya problemi artaraq daha gərgin mərhələsinə qədəm qoymaqdadır. Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır.
Artıq real vəziyyət Ermənistanın, faktiki olaraq, demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan, yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana yuvarlayır.
Yerli mətbuat qeyd edir ki, hər il Ermənistanı daha yaxşı həyat axtarışında olan təqribən 100 min erməni tərk edir. Vurğulanır ki, keçmiş Ermənistanın kənd rayonlarında yoxsulluq və işsizlik insanları doğma yerləri tərk etməyə məcbur edir.
Burada əksər hallarda kişilər evlərini tərk edirlər, bütöv kəndlər qadınların öhdəsinə qalır. Əksər yerlərdə yalnız qadın və uşaqların işlədiyini görmək olar. Bunun səbəbi odur ki, kişilərin ailələrini saxlamaq üçün yeganə pul qazanmaq yolu Rusiyaya getməkdir.
"Döyüşə" qadınlar gedir?
Ermənistandakı miqrasiya təşkilatının rəhbəri İlona Ter-Minasyan bildirib ki, kişilər ölkəni tərk etdiyindən, kəndlərdəki qadınlar kişilərin əvəzinə ağır işlərlə məşğul olurlar. "Huffington Post" qəzeti yazır ki, əmək qabiliyyətli insanların Rusiya və digər xarici ölkələrə üz tutması bütün Ermənistanda hiss olunur və baş verən tendensiya artıq doğum göstəricilərinə də təsir edir: "İndi Ermənistanda əhalinin təbii artımı son dərəcə aşağı səviyyədədir".
Məqalədə bildirilir ki, Ermənistan hökuməti bütün bu narahatlıqları rədd etsə də, cəmiyyət və ayrı-ayrı qurumlar mövcud durumdan ciddi təşviş keçirirlər. "Ermənistan miqrasiyası- kəndlərdə yalnız qadınlar qalıb" adlı məqalədə ölkəni tərk edənlərin sayının kifayət qədər çox olduğu vurğulanır.
Erməni hüquq müdafiəçilərinin və müxalifət partiyalarının hesablamalarına görə, hər il 100 minə yaxın şəxs ölkəni tərk edir. Hüquq müdafiəçisi Karine Danielyanın sözlərinə görə, ölkədə kişi çatışmazlığı bütövlükdə cəmiyyətdə hiss olunur: "Bu, həqiqətən, ciddi problemdir. Qızların ərə getmək şansı olmayan nəsli yetişir. Çünki bütün oğlanlar ölkəni tərk edirlər. Bu gün Ermənistanda doğum səviyyəsi əhalinin sabitliyini qorumaq üçün çox aşağıdır".
Ermənilərin bir xilas yolu var...
Miqrasiyanın geniş vüsət almasına təsir göstərən və ən əsas amillərdən biri kimi dəyərləndirilən işsizlik problemi də dərinləşməkdə davam edir. Rəsmi məlumatlara görə, Ermənistanda işsizlik faizi aşağı göstərilsə də, müstəqil ekspertlər, beynəlxalq qurumlar bunun reallıqdan çox uzaq olduğunu bəyan edirlər. Qeyd edilir ki, işsizlik müavinətləri çox aşağı olduğundan, əksər işsizlər qeydiyyatdan keçmirlər.
Hesab olunur ki, Ermənistanda qalan əməkqabiliyyətli insanların yarıya qədəri işsizdir. Sözügedən kontekstdə erməni mediası belə bir maraqlı məqama da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir.
O da vurğulanır ki, ölkəni tərk edən fəal işçi qüvvələrinin sayı yüz minlərlədir və onların iqtisadi fəaliyyətinin Ermənistana heç bir aidiyyəti yoxdur. Elə buna əsasən də, müstəqil erməni ekspertlərinin apardıqları hesablamalara əsasən, indi ölkədə iqtisadi cəhətdən fəal əhalinin sayı çox aşağıdır.
Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və özünün reabilitasiya imkanlarını itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğalçı siyasətdən imtina və regionda sülhü qoruma təşəbbüslərinə yardım etməkdir.
İşğalçı ölkənin sabiq prezidenti Ter-Petrosyan və sabiq xarici işlər naziri Vardan Oskanyanın dediyi kimi, Ermənistanda hökm sürən vəziyyətdən yalnız Dağlıq Qarabağ məsələsi həll ediləndən sonra, Bakı-Yerevan münasibətlərinin normallaşması sayəsində çıxmaq olar.
Elçin Bayramlı