Son bir neçə gündə Ermənistanda ölkənin bir neçə yüksək vəzifəli şəxsi istefaya göndərilib, ya da özləri istefa verib. Millət vəkili, politoloq Rasim Musabəyov "Səs" qəzetinə verdiyi açıqlamasında Ermənistanın hakimiyyət strukturlarında belə istefalarla qarşıdakı prezident seçkiləri ərəfəsində Serj Sarkisyanın hakimiyyət dəhlizlərini təmizləməyə çalışdığını bildirdi. "Ermənistanda hakimiyyətdə hələ də keçmiş prezident Robert Köçəryanın xeyli sayda adamları var. Bununla yanaşı, son vaxtlar Köçəryanın özünün prezident kürsüsünü geri qaytarmağa cəhd göstərəcəyi barədə danışıqlar da gedir. Hesab edirəm ki, Serj Sarkisyan ölkəyə nəzarətini saxlamaq üçün hakimiyyət dəhlizlərini təmizləməyə çalışır".
Politoloq onu da bildirib ki, Ermənistan hər bir şəkildə Azərbaycan torpaqlarının işğalını qanuniləşdirmək istəyir. Bununla da Ermənistan Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonu saxlamaq istəyir: "Lakin bu status-kvo, faktiki olaraq, Ermənistanın tədricən ölməsinə aparır. Bu fakt son vaxtlar daha aydın görünməyə başlayır. Düşünürəm ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın "Ermənistan başa çatır" sözləri təsadüfi xarakter daşımır. Bu reallıq Ermənistan prezidenti seçiləcək istənilən şəxs üçün qaçılmazdır. Bundan başqa, Serj Sarkisyan və Robert Köçəryan kimi bu reallığı daha az qavrayan insanlar var. Ermənistanda hadisələrin hansı ssenari ilə inkişaf edəcəyi yalnız Serj Sarkisyanın prezident seçkilərində qələbə qazanıb-qazanmayacağından asılı olmayacaq. Ter-Petrosyanın parlamentin yeni tərkibinə daxil olub-olmayacağı və onun tərəfdarlarının Ermənistanın qanunverici orqanında hansı sayda təmsil olunacağı da çox vacibdir".
Aytən Səmədova