Son vaxtlar dünyanın güc mərkəzlərindən hesab olunan ABŞ və Böyük Britaniyada aparılan səhv sosial-iqtisadi siyasətə etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirilməkdədir. Amma demokratiyadan, sərbəst toplaşmaq azadlığından danışan və bunu dövlət siyasəti hesab edən ABŞ və Böyük Britaniyanın rəsmi dairələri əməli fəaliyyətlərində fərqli mövqe tutmaqla aksiyaları zorakılıq yolu ilə dağıtmağa üstünlük verirlər. Bu məsələ ilə bağlı söhbət etdiyimiz müsahiblərimiz fərqli mövqe bildirdilər.
Qabil Hüseynli,
politoloq:
- Bu gün ABŞ, Böyük Britaniya və digər ölkələrdə sosial- iqtisadi böhran yaşanır. Təbii ki, sözügedən ölkələrdə baş verən iqtisadi böhran nəticə etibarı ilə əhalinin aksiyalar keçirməsinə gətirib çıxarır. Xüsusi olaraq bu böhran hər iki ölkədə təhsil alan tələbələrin yaşayışına ciddi surətdə mənfi təsir göstərir. Eyni zamanda, bu ölkələrdə təhsil xərclərinin artırılmasına yönəldilmiş qanunun qəbul edilməsinə çalışılır. Bu da sözügedən ölkələrdə təhsil alan tələbələrin vəziyyətini daha da ağırlaşdıra bilər. Demək olar ki, əhali dinc şəkildə heç bir zorakılıq nümayiş etdirmədən ABŞ və Böyük Britaniyada atılan bu addımlara qarşı oturaq aksiyalar keçirirlər. Amma bu ölkələrin polis orqanları əhaliyə qanunun imkan verdiyi hüquqlarından istifadə etməyə qəti şəkildə imkan vermirlər. Polis əhaliyə ciddi xəsarət yetirir, onları rezin dəyənəklərlə vəhşicəsinə döyür.
Vüsal Quliyev,
politoloq:
- ABŞ və Böyük Britaniya kimi dövlətlər, adətən, başqa ölkələrdə xoşagəlməz hadisələr baş verəndə birmənalı şəkildə bildirirlər ki, həmin dövlətlər demokratik dövlətlər deyil. Amma ABŞ və Böyük Britaniya kimi dövlətlər demokratik prinsiplərə əməl etməyərək, bu ölkələrdə keçirilən aksiyaların qarşısını almaqdan ötrü əllərindən gələni edirlər. Aksiyalar keçirən vətəndaşlar həbs edilərək işgəncəyə məruz qalırlar. Burada belə bir sual yaranır ki, əgər bu dövlətlər özləri demokratiyadan və insan hüquqlarından danışırlarsa, onda nəyə görə həmin dövlətlər aksiyalar keçirən vətəndaşların problemləri ilə maraqlanmırlar? Yəni sözügedən dövlətlərin rəhbərləri həmin vətəndaşların problemləri ilə maraqlanmaqdansa, əksinə, onları aksiyalar keçirməkdən günahkar bilərək, cəzalandırırlar. Əgər həmin ölkələrdə demokratik prinsiplər və insan hüquq və azadlıqları bu cür pozulursa, onda ABŞ və Böyük Britaniya kimi ölkələr başqa dövlətlərə örnək ola bilməzlər?! Əgər əhali sosial bərabərliyi tələb edirlərsə, deməli, həmin ölkələrdə sosial problemlər o səviyyədədir ki, onlar aksiyalar keçirmək məcburiyyətində qalıblar. Bu ölkələrdə baş verən aksiyalar ancaq dinc şəkildə danışıqlar aparmaqla həll edilə bilər. Düşünürəm ki, bu ölkələrdə olan dövlət başçıları və nümayəndələri orada yaşayan vətəndaşların problemlərini həll etməkdən ötrü əllərindən gələni etməlidir. Bir sözlə, demokratiyadan danışan dövlətlərin özləri heç də demokratiyaya əməl etmirlər. Əlbəttə, ABŞ və Böyük Britaniyada baş verən olaylar bu ölkələrə başucalığı gətirə bilməz.
GÜLYANƏ