Bir necə ildir ki, Ermənistanın qeyri-konstriktiv siyasəti nəticəsində həlli uzanan Dağlıq Qarabağ münaqişəsi yürütməsi işğalçı Ermənistanın özünə ciddi zərbələr vurur. Yəni iqtisadi, siyasi və digər sahələrdə uduzan Ermənistan dövləti və onun xalqı olur. Birmənalı şəkildə demək olar ki, Serj Sarkisyan rejiminin işğalçılıq siyasətini davam etdiritməsi nəticəsində ölkə əhalisinin sayı azalır, böhran, səfalət bütün ölkəni öz cənginə alır. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın məhv olmaqdan qurtulması demək olardı. Məsələ ilə bağlı politoloq Elman Nəsirov qəzetimizə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər uzanacaqsa, o zamana qədər də Ermənistanda ağır, böhranlı durum davam edəcək: "Münaqişə ocağını alovlandıran Ermənistan hər gün çoxlu sayda itki verməkdədir. Hər keçən gün Ermənistanın ziyanına işləməkdədir. Azərbaycan danışıqları aparmaq naminə masa arxasında əyləşmir. Dövlətimiz sülh tərəfdarıdır və boş yerə günahsız insanların qanının axıdılmasını əsla istəmir. Azərbaycan tərəfi real nəticə gözləyir. Real nəticə isə, ondan ibarətdir ki, erməni separatçıları tərəfindən işğal olunan torpaqlarımız azad edilsin və Dağlıq Qarabağdakı Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz oranı boşaltsın". Politoloq qeyd edib ki, işğalçı Ermənistanın bütün davranışları onu göstərir ki, işğalçı dövlət status-kvo vəziyyətini hələ də qoruyub saxlamaq istəyir. Bununla bərabər, işğalçı ölkə dünya ictimaiyyətini də çaşdırmaq istəyir ki, guya ki, "sülhpərvər" dövlətdir və danışıqların aparılmasında olduqca maraqlıdır. O səbəbdən də, işğalçı ölkənin bu cür ikiüzlü siyasəti sayəsində münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticəsi yoxdur.
E.Nəsirli onu da söyləyib ki, aparılan danışıqlardan, dövlət başçıları səviyyəsində keçirilən görüşlərdən sonra erməni separatçıları cəbhə xəttində təxribata əl atır, atəşkəs rejimini pozur və dinc, mülki əhaliyə atəş açır. Politoloq, eyni zamanda, ATƏT-in Minsk Qrupunun fəaliyyətini də tənqid edən fikirlər səsləndirdi: "ATƏT-in Minsk Qrupu regiona səfər etdikdən sonra hər dəfə reallığı əks etdirməyən və yalanlar dolu bir hesabat yayır. Tərtib etdikləri sənədlərdə bütün faktları təhrif edirlər. Artıq kar və kor kimi gəlib-getmək onların həyat kredosuna çevrilib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin hər dəfə regiona səfərləri çox qısa müddətli bir turist səfərini xatırladır. İstərdik ki, faktaraşdırıcı missiya, həqiqətən də, faktları tam dolğunluğu ilə üzə çıxarsın və bunu etiraf etməkdən çəkinməsin, əlbəttə, əgər qorxmursa. Bu günə qədər verdikləri yalan dolu hesabat artıq bəs edər. Həmin hesabatları ATƏT-in arxivinə ataraq, düzgünlüyü əks etdirməyə çalışsınlar. Ən azından, cəhd göstərsinlər". Son zamanlar müharibə və sülh dilemmasının aktuallaşdığını söyləyən E. Nəsirli mövcud münaqişənin həll olunmasında beynəlxalq birliyin də rolunun qənaətbəxş olmadığını qeyd edib. Sanki beynəlxalq aləm üzərinə düşən missiyasını başa çatmış hesab edir. Hansısa bir ölkəyə beynəlxalq güc lazım gəldikdə, həmin dövlətlərə güc tətbiq edilir, hətta NATO qoşunları da səfərbər edilir. Lakin işğalçı Ermənistana münasibətdə mülayim siyasət yürüdürlər. Axı nə qədər bu işğalçının nazı ilə oynamaq, onların istəkləri ilə hesablaşmaq olar? Beynəlxalq qurumların yürütdüyü siyasətdə Cənubi Qafqaz regionundakı ölkələr bir qədər arxa plana keçib. Onlar üçün Əfqanıstandakı, Yaxın Şərqdəki vəziyyət daha aparıcı statusa malikdir. Təcavüzkar Ermənistanın atdığı qeyri-konstruktiv addımlar beynəlxalq təşkilatların arzuladığı danışıqların davam ssenarisidir. Digər bir məqam ondan ibarətdir ki, beynəlxalq birlik müharibənin başlanmasının əleyhinədir. Azərbaycan tərəfi danışıqları dayandırıb dərhal müharibəyə başlasa, beynəlxalq təzyiqlərə tuş gələ bilər. Lakin həmin beynəlxalq birliklər Ermənistana çox ciddi təzyiq göstərərlərsə, erməni silahlı qüvvələri dərhal zəbt etdikləri Azərbaycan ərazilərindən geri çəkilər. Hansısa təşkilatın, dövlətin necə qərar verməsindən asılı olmayaraq, ərazi bütövlüyünün bərpası üçün danışıqların hansı məcrada davam edəcəyinə Azərbaycan dövləti özü qərar verəcək. Əgər Azərbaycan müharibə variantını seçərsə, bu, dövlətimizin tam haqqı və hüququ olacaq.
Aylana RZAYEVA