Ermənistan iqtidarında cərəyan edən daxili gərginlik getdikcə növbəti bir fazaya qədəm qoyur. Ermənistan prezidenti Serj Sarkisyanın dövlət başçısı kimi fəaliyyəti, bir-birinin ardınca baş verən uğursuzluqlar təkcə ölkə müxalifəti deyil, eləcə də, erməni lobbisi, hətta hakim komandaya daxil olan nazirlik və komitə rəhbərləri tərəfindən ciddi şəkildə tənqid olunur. Hadisələr artıq o həddə çatıb ki, hakim koalisiyadan kənar qaçma meyilləri özünü aşkar etməyə başlayıb və hakim komandada təmsil olunan bir sıra yüksək vəzifəli məmurlar öz kreslolarından könüllü şəkildə uzaqlaşırlar. Erməni mətbuatı istefaların səbəblərinə aydınlıq gətirməsə də, bu prosesin davamlı olacağını yazır. Yeni yayılan xəbərlərə görə, yaxın günlər ərzində Ermənistan parlamentinin spikeri Ovik Abramyan və ölkənin müdafiə naziri Seyran Ohanyan da öz vəzifələrindən istefa verəcəklər. Ermənistanda bir-birinin ardınca baş verən istefalar beynəlxalq ekspertlər və xarici mətbuatın da əsas diqqət yetirdiyi məsələlərdən biri olub. Artıq beynəlxalq aləmdə tamamilə təcrid olunan, bir-birinin ardınca diplomatik uğursuzluqlarla üzləşən, xüsusilə, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən ciddi narahatçılıq keçirən Ermənistan hakimiyyəti rəsmi Bakının BMT-dəki diplomatik fəallığı nəticəsində Qarabağ probleminin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həll ediləcəyindən ehtiyatlanır. Ona görə də Sarkisyan bu ərəfədə əsas diqqəti ölkə daxilinə yönəltməyi düşünür. Xüsusi ssenari əsasında hazırlanmış bu proseslərin hətta bir qədər dramatikləşəcəyi, bir neçə il əvvəl parlamentdə baş verən olaylara oxşar silahlı basqınlar və teraktların olacağı da istisna edilmir. Baş verəcək proseslər, heç şübhəsiz ki, istər Ermənistan cəmiyyəti, istərsə də, beynəxalq təşkilatların diqqətini Qarabağ məsələsindən uzaqlaşdıracaq. Bununla da Ermənistan hakimiyyəti müəyyən vaxt qazanmış olacaq. Politoloqların gəldikləri digər bir qənaətə görə, Ermənistan iqtidarı öz siyasətini Qarabağ üzərində qurduğuna görə, bu ölkədə istənilən variant mümkündür. O da məlumdur ki, istər hazırkı dövlət başçısı S.Sarkisyan, istərsə də keçmiş prezident Robert Köçəryan Qarabağ kartından istifadə edərək hakimiyyətə gəliblər. Hər iki şəxs Qarabağ caniləridir və Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı cinayətində iştirak ediblər. Ona görə də onların hakimiyyətdə qalması Dağlıq Qarabağ məsələsinin hansı istiqamətdə inkişaf etməsindən asılıdır. Son vaxtlar Dağlıq Qarabağ məsələsində meydana çıxan uğursuzluqlar, Ermənistan rəhbərliyinin bu məsələdə heç bir nailiyyət əldə edə bilməməsi, yalan vədlərlə xalqı aldatması və problemin həllini uzatması cəmiyyəti narahat edir.
R.Rəsulov