Bu günlərdə Amerika Quru Qoşunları Hərbi Kolleci Strateji Araşdırmalar İnstitutunun hazırladığı hesabatda belə fikrə rast gəldik ki, Dağlıq Qarabağda baş verən müharibə Rusiyaya sərf edir. Bu gerçəkdənmi belədir? Bu suala cavab tapmağa çalışaq- müharibə amili Kremliyə sərf edirmi?
Ümumiyyətlə, son vaxtlar Qərb institutlarının hesabatlarına nəzər salanda aydın olur ki, münaqişənin həllində özlərinin yaxasını kənara çəkmək və bütün günahı üçüncü bir qüvvənin boynuna atmaq meyilləri artıb. Sözügedən hesabat isə amerikalıların münaqişənin həll olunmamasında və daha da qızışdırılmasında təkcə Rusiyanın günahkar olduğu haqda bütün dünya ictimaiyyətində yanlış rəy yaradılması üçün düşünülmüş hesabatdır.
Əslində, Qarabağ münaqişəsinin həll olunmamasında, status-kvonun saxlanmasında ABŞ-ın rolu heç də Rusiyadan az deyil. Ağ Ev konkret olaraq erməniləri dəstəkləyir. Düzdür, burada Rusiyanın rolunu da inkar etmək olmaz. Amma Qərb dövlətləri, beynəlxalq təşkilatlar da problemin həllində maraqlı görünmürlər.
Üstəlik, torpaqlarını azad edəndən sonra Azərbaycan Rusiyadan asılığını ləğv edə bilər və Qərb ölkələrinin yanında yer alar. Əgər Rusiya müharibəyə müdaxilə etsə, onda beynəlxalq mövqelərini xeyli zəiflədərdi. Onsuz da Gürcüstan hadisələrindən sonra Qərb bütün dünyada Rusiya əleyhinə ictimai rəy yarada bilib. Heç bir variantda müharibədən Rusiya qazanclı çıxmaz. O üzdən bu hesabatın məqsədli şəkildə hazırlandığı ortadadır.
Ümumiyyətlə, Rusiya Azərbaycana birbaşa müdaxilə edə bilərmi? Gürcüstana qarşı tətbiq olunan variantın Azərbaycana qarşı təkrarlanması mümkündürmü? Siyasi müşahidəçilərin fikrincə, müharibə başlasa, belə müdaxilə olmayacaq, ən azı ona görə ki, Moskvanın neytrallaşdırmadan Bakı anti-terror əməliyyatlarına başlamayacaq.
Əgər Kremlin razılığı olmadan anti-terror əməliyyatına başlasaq, o zaman Rusiya KTMT çərçivəsində və ikitərəfli razılaşmalara əsasən Ermənistana yardım göstərə bilər. Təbii ki, Azərbaycana müharibə elan olunmayacaq, ölkəyə müdaxilə edilməyəcək, lakin Ermənistana aktiv maddi və hərbi dəstək verilə bilər.
Rusiyanın Ermənistanla sərhədi yoxdur. Gürcüstan da öz ərazisindən istifadəyə yol verməsə, bu yardımda xeyli çətinlik yarana bilər. O zaman Xəzərdən İrana, ordan isə Ermənistana istənilən yardımlar çatdırıla bilər. Tehran buna hər vəchlə razı olacaq. Səbəbləri məlumdur.
Amma ortada bir fakt var ki, danışıqlar yoluyla Qarabağ məsələsi həllini tapmır. Belə olan halda, ortaya bir sual çıxır: Azərbaycan nə etməlidir? Qarabağ münaqişəsinin "açarı" hələ 90-cı illərin əvvəllərində deyildiyi kimi, Kremldədir. Bir çox ekspertlərin fikrincə, Azərbaycanın ən optimal yolu, nəyin bahasına olursa olsun, Rusiyanı neytrallaşdırmaqdır.
Yəni loru dildə desək, ya Moskva hərbi əməliyyatlara qarışmayacağına təminat verməlidir, ya da nəyinsə bahasına Ermənistana işğal olunmuş torpaqların qaytarılması üçün təzyiq etməlidir. Danışıqlar bir nəticə vermir, artıq bütün variantlar tükənib, ermənilər hətta dünyada ən yüksək muxtariyyətə, yarımmüstəqil dövlətə belə razı deyillər. Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan böyük dövlətlər bunun üçün Yerevana heç bir təzyiq göstərmirlər.
Hətta Rusiya münaqişənin həllinə səmimi olaraq girişsə belə, Qərb dövlətləri buna maneçilik törətmək üçün əllərindən gələni edəcəklər. Onların da Yerevana təzyiq rıçaqları var və bundan yararlanacaqlar.
Dərin planda baxsaq, bu münaqişəni elə tabeliklərində olan erməni lobbisinin əli ilə onlar qızışdırıb. Bununla onlar SSRİ-nin dağılmasına nail oldular. İndi bu kimi münaqişələr onlara maraqlı ölkələri təsir altında saxlamağa yardım edir.
Belə olmasaydı, Azərbaycan Prezidentinin "biz öz torpaqlarımızı istənilən yolla azad edəcəyik" bəyanatlarına Qərbdə qısqanclıqla yanaşmaz, "bu problemin həllinin hərbi yolu mümkün deyil" kimi anormal bəyanatlar verməzdilər. Cənablar, buraxın bu məsələyə biz özümüz qərar verək, çünki sizin yox, bizim ərazilərimiz işğal olunub. Bu, bizim beynəlxalq hüquqa, məntiqə, ədalətə söykənən haqqımızdır.
ABŞ-ın mövqeyi problemi bu şəkildə uzatmaqla, Azərbaycanı gec və ya tez reallıqla barışmağa vadar etməkdir: "Özləri də yaxşı bilirlər ki, konkret bu situasiyada həmin 3 prinsipin tətbiqi bir arada mümkün deyil. Əslində, bu prinsiplərlə həll modelini Azərbaycan çoxdan təklif edib, amma nə Ermənistan, nə də həmsədr ölkələr razılaşmayıblar. Bu modelə görə, güc tətbiq etmədən sülh yolu ilə əraziləri boşaldır, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərə yüksək muxtariyyət statusu verilir. Yəni, hər 3 prinsip yerinə yetirilmiş olur.
Lakin görünən odur ki, böyük dövlətlərə münaqişənin həllini uzatmaq sərf edir. Bununla onlar regionda təsir rıçaqlarını, ölkələrə təzyiq imkanlarını saxlamaq istəyirlər. Burada yenə də Rusiyanı anlamaq olar, o öz "burnunun ucunda" NATO bazalarının yaradılmasını, sərhəd ölkələrin Qərbin təsirində olmasını istəmir. Amma ABŞ və Avropa ölkələrini anlamaq mümkün deyil. Həm demokratiyadan, hüquqdan-filandan danışırlar, həm də aşkar ikili standartlar tətbiq edirlər. Ədalətli olmayan birisi başqasına irad tuta, ona hansısa saxta dəyərləri qəbul etdirə bilməz.
Fikrimizcə, Azərbaycan bu gün daha çox Rusiya ilə bağlı siyasətini intensivləşdirməlidir. Nə ABŞ, nə də Avropa, Rusiyanın razılığı olmadan, münaqişəni həll edə bilməz. Kreml isə istəsə, bir anda problemi həll edər. Biz Rusiyanı bütün mümkün vasitələrdən istifadə etməklə, bu münaqişənin həllinə, torpaqlarımızın geri qaytarılmasına razı salmalıyıq.
Elçin Bayramlı*