PDF Oxu

Araşdırma

  • 340

Müsavatda Arzu Səmədbəyli dönəmi başlayır

Müsavatda Arzu Səmədbəyli dönəmi başlayır

Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev həbsdən bayıra mesaj göndərib. Müxalifət qəzetləri bu mesajı "şifrəli ismarıc" adlandırıblar. Artıq bir neçə gündür ki, radikal müxalifət kuluarlarında məhz bu məsələdən danışılır. Məsələnin isə məğzi budur ki, Müsavatın mərkəzi icra aparatı rəhbərinin yazdığına görə, kimlərsə 2 aprel aksiyası ilə bağlı siyahı hazırlayıblar və məhbus siyahısına A.Hacıyevin adı düşməyib. Nəticədə A.Hacıyev bərk narahat olub.

Onun düşündüyünə görə kimlərsə bunu qəsdən ediblər ki, o, xaricdən qrant ala bilməsin, həbsdən azad olunmasın. Yəni müdafiə kampaniyası ona şamil edilməsin. Görünür, Müsavat daxilində hansısa, gizli proseslər gedir. Proseslərin önündə də Müsavatın qurultayında başqan olmaq istəyən qruplar, şəxslər dayanır. Onu da qeyd edək ki, Müsavatın qurultayının zamanı dala atıldıqca məsələ ətrafında gedən mübahisələr daha da gərginləşməkdədir. Mayın sonlarına kimi keçirilməlidir. Lakin digər məqam da ondan ibarətdir ki, qurultayın vaxtında keçirilməsini istəyənlər başqan olmağa can atanlardır. Bu sırada isə Adil Qeybulladan tutmuş Arzu Səmədbəyliyə qədər adamlar var. A.Hacıyevin adamları qurultayın ertələnməsini, onun həbsdən çıxmasını istəyirlər. Hər halda qurultay olsa, az ehtimal var ki, A.Hacıyev qiyabi şəkildə başqan olsun. O, başqan olmaq üçün azadlıqda olmalı, seçki siyasətini qurmalı, təbliğat aparmalıdır. Çox da ki, onun başqan olmasını İsa Qəmbərovla Pənah Hüseynov arzulayır. Müsavatda durum bir qədər fərqlidir. Başqan olmaq üçün müsavatçıların onu qəbul etməsi lazımdır. İndiki halda Müsavat partiyasının üzvlərinin qəbul edə biləcəyi şəxs Arzu Səmədbəylidir. Maraqlıdır ki, son zamanlar İsa Qəmbərovun də münasibəti dəyişilib. Belə ki, partiya daxilindən sızan məlumata görə, hələ ötən il Almaniyaya səfər edən başqan özü ilə A.Hacıyevi aparmış, bununla mesaj vermişdi ki, ondan sonra başqan məhz o olacaq. Amma digər bir iş var ki, A.Hacıyev kifayət qədər iddialı şəxsdir, başqan olarsa, İ.Qəmbərovu kənarda qoya bilər. Hətta onun başqanlıqdan sonra fəxri lider statusunda fəaliyyət göstərməsi də sual altında qala bilər. Eynilə Əli Əliyev kimi. O da AMİP-də təşkilat məsələləri üzrə müavin idi. Sədr seçilən kimi Etibar Məmmədovun liderliyini, faktiki olaraq, qəbul etmədi. A.Hacıyev isə Ə. Əliyevdən daha iddialıdır. O da başqan olan kimi İ.Qəmbərovu oyundan kənarda qoyacaq. Bunu A.Hacıyevin qardaşı Mustafa Hacıbəyli bir neçə yerdə dilindən çıxarıb. Görünür, ətrafı İ.Qəmbərovu inandırıb ki, özündən sonra elə bir personanın başqan olmasına çalışsın ki, o adam zəif, iddiasız olsun, İ.Qəmbərovu kənarda qoymasın. Bu adam isə Arzu Səmədbəylidir. Mənbə bildirir ki, A.Hacıyevin qurultaya qədər içəridə qalması Arzu Səmədbəyliyə də, İsa Qəmbərova də sərf edir. Böyük ehtimalla, qurultay gec-tez keçiriləcək, A.Səmədbəyli Müsavatın başqanı olacaq. Bəs A.Hacıyevin aqibəti necə olacaq? Mərkəzi icra aparatının rəhbəri öz funksiyasında və partiyada qalacaqmı? Bununla bağlı sızan məlumatlarda bildirilir ki, A.Hacıyevin İ.Qəmbərovdan sonra başqanlıqda qalması mümkün deyil. Onun A.Səmədbəylinin başqanlığını qəbul edəcəyi isə qətiyyən mükün və real görünmür. Yəqin ki, A.Hacıyev Müsavatı tərk edəcək və daha çox ictimai fəalliyyətə üstünlük verəcək. Amma bu proses partiya üçün ağrısız ötüşməyəcək. A.Hacıyev tərəfdarlarının qurultayda aranı qarışdıracaqları güman olunur. Çox yəqin ki, qurultayda elə hadisələr baş verəcək ki, nəticə etibarilə həmin qurultay ən yaxşı halda kiçik iclas təsirini bağışlayacaq.


R.Nurəddinoğlu

Digər xəbərlər