PDF Oxu

Araşdırma

  • 92

“İctimai Palata” inhisarda  olan qondarma “birlikdir”

“İctimai Palata” inhisarda olan qondarma “birlikdir”

"Azərbaycan İslam Demokrat Partiyası"nın sədri Tahir Abbaslı "İctimai Palata"nın fəaliyyətini və tutduğu yolu nadürüstlük adlandırıb. Bununla bağlı açıqlama verən "AİDP" sədri hələ bir müddət əvvəl səsləndirdiyi fikirləri bir daha xatırladıb: "Hələ parlament seçkilərindən əvvəl müxalifət düşərgəsinin durumunu təhlil edərkən demişdim ki, müxalifətin ağsaqqalı yoxdur.

Bildirmişdim ki, zaman-zaman "ədalətdən" danışmaq istəyən müxalifətin özünün də ədalət dərsi deyə bilən ağsaqqala ehtiyacı var. Düzdür, müxalifət seçkidən sonra "İctimai Palata" yaratdı. Amma müşahidələrə əsasən deyə bilərəm ki, bu qurum nəinki xalqa, heç müxalifətin özünə belə ağsaqqallıq etmək iqtidarında və haqqında deyil".

T.Abbaslının fikrincə, müxalifət "İctimai Palata" yaratmaqla düşrəgədə olan qarışıqlığı aradan qaldırmaq istəsə də, bu, alınmadı: "Çünki "İctimai Palata" bir neçə nəfərin inhisarındadır. Çox komik bir səhnə yaranıb. "Palata"da ictimailikdən əsər-əlamət yoxdur. Adını "Xüsusi Palata" qoysalar, daha yaxşı olardı".

"AİDP" sədri hesab edir ki, əslində "İctimai Palata" müxalifət düşərgəsində olan problemləri bir daha ortaya qoymuş oldu: "Bəlli oldu ki, özünü ana müxalifət hesab edən qüvvələr bir-birlərinə güvənmir, bir-birlərinin ayağını dartırlar. Məlum oldu ki, həmişə olduğu kimi, dialoq alınmır. Dəfələrlə birləşib, ayrılan İsa Qəmbərovla Əli Kərimov bu dəfə də bir yerdə ola bilməyəcəklərini ortaya qoydular".

"AİDP" sədri deyib ki, "İctimai Palata"nın bundan sonra mitinqlər təşkil etməsi düzgün deyil: ""İctimai Palata", əslində, problemlərin müzakirə mərkəzinə çevrilməli idi. Burada müxalifətin problemləri ilə yanaşı, digər problemlər də müzakirə olunmalıydı. "Palata"da təmsil olunan inhisarçılar isə qurumu mitinq ruporuna çevirmək istəyir. Göründüyü kimi alınmır. Hesab edirəm ki, alınmayacaq da. Çünki qeyd etdiyim kimi, bura toplaşan təşkilatlar, xüsusilə də, şəxslər bir-birilərini əsasən qəbul etməyən insanlar və təşkilatlardır".

T.Abbaslı onu da qeyd edib ki, əslində, "İctimai Palata"da partiya sədrlərinin təmsil olunması düzgün deyil: "Cəmiyyət "İctimai Palata"nın da sədrliyində siyasi partiyaların liderlərini gördüyü üçün ona etimad etmir. Əslində, siyasi qurumlar rəngarənglik yaratmalıdır. Rəngarənglik isə ancaq yeni nəslin yeni siyasi düşüncələrindən və ictimai istəklərindən təşkil oluna bilər. Orada isə yalnız köhnə təfəkkürlü, naftalin iyi verən məğlublar yığışıb".


R.RƏSULOV

Digər xəbərlər