Ermənistanda daxili siyasi gərginlik getdikcə özünün pik nöqtəsinə qədəm qoyur. Artıq Ermənistan prezidenti Serj Sarkisyanın dövlət başçısı kimi fəaliyyəti, xarici siyasət sahəsində bir-birinin ardınca baş verən uğursuzluqlar təkcə ölkə müxalifəti deyil, eləcə də, erməni lobbisi, hətta hakim komandaya daxil olan nazirlik və komitə rəhbərləri tərəfindən ciddi şəkildə tənqid olunur. Vəziyyət hətta o həddə çatıb ki, Ermənistandakı hakim koalisiyadan kənarqaçma meyilləri özünü büruzə verməyə başlayıb və hakim komandada təmsil olunan bir sıra yüksək vəzifəli məmurlar öz vəzifələrindən könüllü şəkildə istefa verirlər.
Ermənistanda nəşr edilən kütləvi informasiya vasitələrinin yaydıqları xəbərlərə görə, işğalçı ölkənin baş nazirinin birinci müavini, ərazi-idarəolunması üzrə nazir Armen Gevorkyan, daxili işlər naziri Alik Sarkisyan, Yerevanın polis rəisi Armen Akopyan vəzifəsindən istefa verib. Ölkə politoloqlarının fikrincə, bu proses davamlı olacaq. Politoloq Rüstəm Məmmədov qəzetimizə verdiyi açıqlamasında deyilən faktı təsdiqləyərək, bildirib ki, Ermənistanda bir-birinin ardınca baş verən istefalar davam edəcək. Yüksək çinli məmurların bir-birinin ardınca istefa verməsini müxtəlif cür şərh edən politoloq bunun bir görüntü xarakteri daşıdığını da istisna etmir: "Artıq beynəlxalq aləmdən tamamilə təcrid olunan, bir-birinin ardınca diplomatik uğursuzluqlarla üzləşən, xüsusilə, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən ciddi narahatçılıq keçirən Ermənistan hakimiyyəti rəsmi Bakının BMT-dəki diplomatik fəallığı nəticəsində Qarabağ probleminin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həll ediləcəyindən ehtiyatlanır. Ona görə də Serj Sarkisyan bu ərəfədə əsas diqqəti ölkə daxilinə yönəltməyi düşünür. Xüsusi ssenari əsasında hazırlanmış bu proseslərin hətta bir qədər dramatikləşəcəyi, bir neçə il əvvəl parlamentdə baş verən olaylara oxşar silahlı basqınlar və teraktların olacağı da istisna edilmir. Baş verəcək proseslər, heç şübhəsiz ki, istər Ermənistan cəmiyyəti, istərsə də, beynəxalq təşkilatların diqqətini Qarabağ məsələsindən uzaqlaşdıracaq. Bununla da Ermənistan hakimiyyəti müəyyən vaxt qazanmış olacaq".
Politoloq Elman Nəsirli isə hesab edir ki, Ermənistan iqtidarı öz siyasətini Qarabağ üzərində qurduğuna görə bu ölkədə istənilən variant mümkündür: "Hamıya məlumdur ki, istər hazırkı dövlət başçısı Serj Sarkisyan, istərsə də, keçmiş prezident Robert Köçəryan Qarabağ kartından istifadə edərək, hakimiyyətə gəliblər. Hər iki şəxs Qarabağ caniləridir və Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı cinayətində iştirak ediblər. Ona görə də onların hakimiyyətdə qalması Dağlıq Qarabağ məsələsinin hansı istiqamətdə inkişaf etməsindən asılıdır".
Politoloq onu da bildirdi ki, artıq Ermənistana himayədarlıq edən dövlətlər də Qarabağ probleminin Ermənistanın maraqları çərçivəsində həllinin beynəlxalq hüquq normalarına zidd olduğunu bilirlər. Yalnız mövcud status-kvonun saxlanması təsəllisi ilə Ermənistanı rahatlandırmağa çalışırlar. Son nəticədə isə bu, hazırkı Ermənistan hakimiyyətinin xeyirinə deyil.
E.Nəsirli Ermənistanda baş verən istefaların hakimiyyət tərəfindən hazırlanmış ssenari olduğunu da istisna etmir: "Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü istər-istəməz Qarabağ probleminin həllini sürətləndirə bilər. Heç şübhəsiz ki, ölkəmizin belə bir qurumda yer alması problemin həllində Azərbaycanın maraqları, daha dəqiq desək, beynəlxalq hüquq norma və prinsiplərinin təmin olunmasına imkan yaradacaq. Bu isə Ermənistanın Qarabağ probleminin həllində uğursuzluğa düçar olması deməkdir. Ona görə də Ermənistan hakimiyyəti daxildə bu cür oyunlar qurmaqla əsas diqqəti Qarabağ problemindən uzaqlaşdırmaq istəyir".
Aytən Səmədova