Ermənistanın, eləcə də, qondarma "DQR"-ə başçılıq edən bir qrup qüvvələrin separatçı rejim olması beynəlxalq aləmə bəllidir. Erməni separatçıları rus qoşunlarının sayəsində Azərbaycan ərazilərinin müəyyən hissəsini zəbt etməklə, orada qondarma rejim yaratdılar.
İndi isə, Serj Sarkisyan rejimi xülyalar quraraq ikinci "böyük Ermənistan" adlı dövlət yaratmağa cəhdlər göstərir. Lakin onların bu arzuları elə arzu olaraq da qalacaq. Politoloq Elman Nəsirli qəzetimizə açıqlamasında vurğulayıb ki, Azərbaycan dövləti heç zaman torpaqlarımızın işğal olunması faktı ilə barışmayacaq. Azərbaycan tərəfi işğal altında olan torpaqlarımız azad edilməyincə, Ermənistanla heç bir əlaqələr qurmayacaq. Rusiyanın istək və arzusuna uyğun olaraq ortaya atılan Avrasiya İttifaqına üzvlük məsələsinə gəlincə, politoloq onu bildirib ki, Azərbaycan Avrasiya İttifaqına üzv olarsa, o zaman Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr qurulmuş olacaq: "Bu isə, tamamilə mümkünsüzdür. Nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmayıb, heç vaxt əlaqədən söhbət belə gedə bilməz. Azərbaycan, Türkmənistan və Özbəkistan, ilk növbədə, onda maraqlıdır ki, bu ölkələrin Qərblə, Avropa bazarı ilə çox ciddi əlaqələrinin əsası qoyulub. Hətta enerji sahəsində də əlaqələr mövcuddur. Avrasiya İttifaqına üzv olmaq nə dərəcədə imzalanmış müqavilələrin taleyinə sual altına almayacaq, bu çox düşündürücü prosesdir. Bu məsələlər də hələ ki açıq qalıb".
E.Nəsirli hələ ki Azərbaycan və digər ölkələrinin Avrasiya İttifaına qoşulub-qoşulmamaqla bağlı rəsmi mövqeyini açıqlanmadığını vurğulayıb: "Məsələyə konkret mövqe bildirmək üçün bu ilin sonunadək vaxt götürülüb. Azərbaycanın Avrasiya İttifaqına üzv olmaq üçün konkret tələblər, şərtlər irəli sürəcək. Həmin şərtlər çərçivəsində Azərbaycan bu quruma üzv olmağı qəbul edəcək. İlk növbədə, işğalçı ölkə ilə heç bir ticarət əlaqəsindən söhbət gedə bilməz".
Digər məsələyə toxunan müsahibim onu da bildirib ki, başqa amil azad işçi qüvvəsinin Tacikistandan Azərbaycan bazarına göndərilməsidir. Bu da indiki vəziyyətdə Azərbaycanın maraqlarına uyğun deyil. Bizim öz əhalimizin işlə təmin olunması daha vacibdir. Buna görə də hələ ki gözləmə mövqeyindəyik.
Müsahibim söyləyib ki, Rusiyanın baş naziri V.Putinin əsas niyyətlərindən biri rəsmi Moskvanın ətrafında siyasi və hərbi blok formalaşdırmaqdır. Eyni zamanda, Rusiyanın baş naziri V.Putin dünyada mövcud olan ABŞ və Avropa Birliyi ilə yanaşı, Avrasiya İttifaqı adında yeni bir güc mərkəzinin ortaya çıxmasını istəyir. V.Putin Avrasiya İttifaqında problemlərin yaşanmayacağına və hardasa Avropa Birliyini üstələyəcəyinə iddialıdır. "Rusiyanın böyük hədəfinə hansı texnologiyalarla nail olmaq olar" sualına cavab olaraq politoloq E. Nəsirli bildirdi ki, hazırkı mərhələdə rəsmi Moskva dünya bazarına neftdən və qazdan başqa heç nə təklif edə bilmir: "V.Putinin Avrasiya İttifaqına cəlb edə biləcəyi dövlətlər bəllidir. Bunlar Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan ölkələridir. Təbii ki, bununla da Rusiyanın baş naziri V.Putinin hədəfi keçmiş ittifaq respublikalarını rəsmi Moskvanın ətrafında birləşdirməklə, onlardan siyasi və iqtisadi məqsədlər üçün istifadə etmişdir. Eyni zamanda, 2012-ci ilin martında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə V. Putin MDB ölkələrinin Rusiyadan asılı vəziyyətdə olan dövlətlər olduğunu nümayiş etdirməklə gedir. Nəzərə almaq lazımdır ki, Rusiyada imperialist düşüncəli gənclər təbəqəsi mövcuddur. V.Putin keçmiş ittifaq respublikaları hesabına Rusiyanın "imperialist" sərhədlərini genişləndirməklə, həmin o millətçi elan edilən gənclərin diqqət və rəğbətini özünə cəlb etmək istəyir". Politoloq onu da söyləyib ki, Azərbaycan yalnız o halda Avrasiya İttifaqına qoşula bilər ki, Ermənistanla iqtisadi, ticari əlaqələr qurulmasın. Bu məsələlər yalnız o zaman reallaşa bilər ki, işğalçı Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltsın. Politoloqun sözlərinə görə, Rusiya istənilən an Ermənistanı Azərbaycanın işğal etdiyi torpaqları azad etməyə məcbur edə bilər. Çünki Azərbaycanın torpaqları Ermənistan tərəfindən elə Rusiyanın hərbi-siyasi dəstəyilə işğal edilib.
AYLANA RZAYEVA