PDF Oxu

Araşdırma

  • 154

Ermənistanın reytinqi stabildən neqativə endirilib

Ermənistanın reytinqi stabildən neqativə endirilib

Artıq uzun illərdir ki, Ermənistanın iqtisadi sahədə geriləməsi və bu ölkənin ağır iqtisadi böhran dövrünü yaşaması bu sahə ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilat və qurumların diqqətindən kənarda qalmamaqdadır. Bu ərəfədə məşhur "Moody’s İnvestors Service" Beynəlxalq Reytinq Agentliyinin yaymış olduğu növbəti ənənəvi hesabatda da işğalçı ölkənin dərin iqtisadi böhran dövrünü yaşadığı, bu ölkənin gələcəyinin heç də perspektivli olmadığı yetərincə öz əksini tapıb.

ABŞ-ın nüfuzlu "The Wall Street Journal" qəzetinin verdiyi məlumata görə, "Moody’s İnvestors Service" Beynəlxalq Reytinq Agentliyinin budəfəki hesabatında Avropa və Rusiyada proqnozlaşdırılan iqtisadi geriləmə əsas mövzu olsa da, agentlik xüsusi olaraq Ermənistandakı ağır iqtisadi duruma ayrıca diqqət çəkib. Sözügedən təşkilat bu ölkənin ağır iqtisadi durumunu nəzərə almaqla Ermənistanın inkişafında risqlər olduğuna da işarə edib. Belə ki, agentlik Ermənistanın suveren reytinqlərini "stabil"dən "neqativ"ə endirib: "Ermənistanın xarici və yerli valyutada defolt emitent reytinqi "Ba2" səviyyəsindədir. Avropa və Rusiya Ermənistanın ixrac bazarının 58 faizini təşkil edir. Xüsusən də, Ermənistanın Rusiyaya ixracdan asılılığı ölkənin xarici mövqeyini risq altında qoyur. Aşağı əmtəə qiymətləri Ermənistan iqtisadiyyatına daha çox təsir göstərə bilər. Çünki bu ölkədə ixrac əsasən mədən və metallurgiya sənayesində cəmləşir".

Bütün bunların ölkənin boşalması ilə nəticələnəcəyini qeyd edən agentlik əlavə edib ki, Ermənistanın imkanları ilə bağlı narahatlıqları get-gedə artmaqdadır: " Çünki hazırkı situasiyada ölkə daha zəif xarici mövqe ilə iqtisadi baxımdan daha çətin dövrə daxil olur."

Hələ bir müddət əvvəl, bəzi erməni siyasi və iqtisadi ekspertləri və analitikləri də aşkar şəkildə qeyd etmişdilər ki, hər gün işsizlik və digər sosial problemlərdən dolayı ölkəni tərk edənlərin sayı artır. Mövcud problemi aradan qaldırmaq məqsədilə Ermənistan rəhbərliyi beynəlxalq maliyyə qurumlarından borc almağa üstünlük versə də, lakin bu da problemin həllinə kömək etmir. Belə ki, Ermənistanda əksəriyyət iri müəssisə və zavodların Rusiyanın idarəçiliyində olması, əksər sənaye müəssisələrinin işləməməsi, ən nəhayət, gəlirlərin böyük bir hissəsinin iri, monopolist məmur-oliqarx ordusunun əlində cəmlənməsi xarici borcların qaytarılmasını bütövlükdə mümkünsüz edir. Onu da xatırlatmaq mümkündür ki, Ermənistan Rusiyadan aldığı borcları zamanında qaytara bilmədiyi üçün ölkədəki bir çox müəssisə və zavodlar iri rusiyalı iş adamlarının və ayrı-ayrı Rusiya şirkətlərinin sərəncamlarına verilib. Məhz bütün bunları nəzərə alan "Moody’s İnvestors Service" Beynəlxalq Reytinq Agentliyi öz hesabatında qeyd edir ki, Ermənistan indi böyük cari hesab defisiti ilə üzləşir: " Nəticə etibarilə bu ölkənin ümumi borcları ötən üç il ərzində iki dəfədən çox artıb. Ermənistan xarici sərmayədarlar, ayrı-ayrı ölkələr və onların iş adamları üçün arzuedilməz bir dövlətə çevrilir".


R.RƏSULOV

Digər xəbərlər