Həmsədrlər kimdir, onları kim təyin edir, onların Dağlıq Qarabağ münaqişəsinin tarixindən xəbərləri varmı, onların fəaliyyətlərinin məhsuldar olub-olmadığına kim cavabdehdir və nəhayət, onlar səlahiyyət müddətləri başa çatandan sonra niyə hesabat vermirlər? Ən nəhayət, niyə həmsədrlər missiyaları başa çatandan sonra həqiqəti danışırlar? Suallar çoxdur və bu sualları verməyə bizi vadar edən amillər var.
Dekabrın 8-də Fransa Senatının korpuslarının birində keçirilən "Ermənistan-Azərbaycan münaqişəsi - unudulmuş münaqişə" adlı dəyirmi masada Minsk Qrupunun fransalı həmsədri ermənilər üçün şok effekti yaradan münasibət sərgiləyib. Bernar Fasyenin fikirlərini olduğu kimi dərc edirik: "Əlbəttə, mən Azərbaycanın dərdini başa düşürəm. Bu ölkənin ərazisi işğal edilib. Fransız kimi mən işğalın nə demək olduğunun yaxşı bilirəm".
Səhv başa düşmədiniz, bu fikirlər 2012-ci ilin yanvar ayında Minsk Qrupunun həmsədrliyindən getməyə hazırlaşan fransalı həmsədr Bernar Fasyeyə məxsusdur. Çox təəssüf ki, B.Fasye bu fikirləri öz postundan getmək ərəfəsində deyir. Özü də bilir ki, onun bu fikirlərinə əhəmiyyət verən olmayacaq. Əgər Fasye həmsədr təyin olunanda belə cəsarətdə olsaydı Dağlıq Qarabağ münaqişəsinin həlli "ölü nöqtə"dən çıxa bilərdi. Amma... "Əmma"sı budur ki, hər üç həmsədrin missiyası münaqişə barəsində həqiqəti deməkdən, işğalçı Ermənistanı yerində oyurtmaqdan çox, Azərbaycanı nəyəsə inandırmaq, münaqişəni dondurmaq, indiki nəslin taqətdən düşməsini - qocalmasını, həvəsdən düşməsini gözləməkdən ibarətdir. Təəssüflər olsun ki, sanki bütün həmsədr ölkələr Azərbaycan hakimiyyətinin bütün cəhdlərinə qarşı dirəniş göstərirlər, Ermənistanı qundaqdakı körpə kimi qoruyur və bəsləyirlər. Özlərini dünyanın ağası hesab edən, demokratik dəyərlərə, məhz özlərinin yazdıqları beynəlxalq qanunlara məhəl qoymayan hər üç ölkə indi gülünc vəziyyətdədirlər. Kənardan belə görünür ki, hər üç ölkənin xarici siyasətini, ideologiyasını erməni lobbisi yönləndirir. Ermənistan və ermənilər üçün nələrindən keçmir bu ölkələr? Fransa və ABŞ məhz erməni lobbisindən qorxduqları üçün ən yaxın müttəfiqlərindən vaz keçirlər. Bəli, məhz seçkilərdə uduzacaqlarından qorxduqları üçün. Məsələn, ABŞ-da 1 milyon erməni, 300 milyondan yuxarı isə qeyri erməni yaşayır. Amerikalıların əksəriyyəri Qafqazın harada yerləşdiyini bilmir. Belə olan təqdirdə inanmaq olarmı ki, ermənilər amerikalıları idarə edir, yada lobbidən qorxurlar. Yox, burada məsələ başqa cürdür. Sadəcə, ermənilərin özünü ərköyün uşaq kimi aparması, regionda məxlətə törətməsi, qonşuları ilə münaqişəyə girməsi bu ölkələri razı salır, siyasətlərinə uyğun gəlir.
Ən maraqlı hadisə isə iki gün öncə baş verib: ABŞ-ın vitse-prezidenti Co Bayden Bakını İraq şəhəri adlandırıb. İkinci şəxsinin dünyadan bixəbər olduğu ABŞ-dan bundan artıq nə isə gözləmək olarmı? Belə çıxır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın Ermənistanı dəstəkləməsi təsadüfi deyil. Sadəcə, Vaşinqtonun əlinə zaman və məkan baxımından gözəl fürsət düşüb.
Keçək Fransaya. Fasyenin Senatın otaqlarının birində Dağlıq Qarabağ münaqişəsinə verdiyi qiymət çox gecikib. Ona görə "gecikib" deyirik ki, artıq Fasye nə həmsədr, nə də siyasətçi olaraq heç kimdir. Hətta müsyö Bernar həmsədr olsaydı belə, onun fikrinin rəsmi olmadığı, Fransanın rəsmi münasibəti olmadığı səbəbindən dəyəri olmayacaqdı (Bu praktika Fransada çox geniş yayılıb - V.V). Rəsmi münasibət isə cənab Sarkoziyə aiddir. Onun fikirləri fransızlar üçün qanundur, desək bir az şişirtmiş olarıq, amma Nikola Sarkozinin bir prezident kimi səlahiyyətlərinin az olduğunu da düşünmək sadəlöhvlük olar. Çünki bu fiqurun hakimiyyətə gəlişindən sonra ermənilərə və Ermənistana münasibət dəyişib. Hətta iş o yerə çatıb ki, tarixdə mövcud olmayan "erməni soyqırımı" məsələsinə görə, Sarkozi Türkiyə ilə açıq müharibəyə qalxıb (Mən bilərəkdən Fransa demədim - V.V). Sarkozi demokratik prinsipləri gobudcasına pozaraq, ölkəsinin imicinə ağır zərbə vuraraq "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsini tələb edir və bunun qanun halına salınmasını Senatdan tələb edir. Bu feodal düşüncədir, insan haqlarına həqarətdir, barbarlıqdır. Bir anlığa düşünün, bir Fransa vətəndaşı söz azadlığından istifadə edərək "erməni soyqırımı" kimi tarixi fırıqdaqçılığı inkar edir və həbs edilir. Belə qanun Afrikadakı buşmen tayfalarında da yoxdur. Onda Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində ağsaqqallıq etməsinə haqqı çatırmı. buna lüzum varmı?
Qayıdaq cənab Fasyenin verdiyi açıqlamaya. Azərbaycanda buna münasibətin nədən ibarət olduğunu bilirik, bəs Ermənistanda? Bu ölkədə məsələyə münasibət bir az başqadır. İrəvanın əvəzindən "Ay Data" təşkilatı danışıb.
Haşiyə: "Ay Data" - erməni lobbisinin yeni formatda təqdim etdiyi terror təşkilatı. Üzdə humanitar işlərlə, dünyada erməni cəmiyyətlərini bir araya gətirməklə məşğuldur. Gizlində "Böyük Ermənistan" yaratmaq kimi utopik plan həyata keçirir. İşğal altında olan Dağlıq Qarabağda "dövlətdən üstün dövlət" prinsipi ilə fəaliyyət göstərir. (Azərbaycan MTN-in çəkdiyi kadrların birində erməni "Ay Data" barəsində danışır. O bildirir ki, "əsirlə görüşmək çox çətindir. "Ay Data"nın xəbəri olsa bütün nəslimi yandırar, ailəmi güllələyər. Çünki onların əmrlərini heç kim dəyişdirə bilməz"). Ermənistan prezidentinin xarici siyasətini yönləndirir. Dövlət başçısı "Ay Data"nın təlimatına uyğun hərəkət edir. Sarkisyanın istənilən ölkəyə səfəri zamanı əvvəlcə "Ay Data"nın yerli ofisinin rəhbərləri ilə görüşür, sonra isə protokola uyğun olaraq digər işlərlə məşğul olur.
"Ay Data"nın Parisdəki ofisi Fasyedən dediyi sözlərə aydınlıq gətirməsini tələb edib: "Bu bəyanat onu göstərir ki, Fasye həmsədr olmasına baxmayaraq qərəzli mövqedə olub".
"Ay Data" bir az da uzağa gedərək Fransanın Xarici İşlər Nazirliyindən məsələyə loyal münasibətdə olmasına aydınlıq gətirilməsini tələb edib. Həm də Türkiyəyə ilə barışdırıcı mövqeyinə, Suriya ilə bağlı məsələdə Türkiyədən istifadə edilməsinə görə, Parisin düzgün yolda olmadığı barədə xəbərdarlıq edib. Göründüyü kimi, "Ay Data" deyəsən məkanı dəyişik salıb, ya da ona verilən səlahiyyətlərdən gen-bol istifadə edir. Çünki Fransadan nə desən gözləmək olar.
Rusiyada isə ümumiyyətlə, danışmaq istəmirəm.
Arayış: Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir.
1996-cı ilin dekabrından onun üç - Rusiya, ABŞ və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib.
Qısa arayışdan da məlum olur ki, Minsk Qrupunun 11 üzvü var. Onların hər birinin öz regionunda kifayət qədər nüfuzu var. Amma ABŞ, Fransa və Rusiyadan başqa sanki bu qurumda kimsə yoxdur. Hələ indiyə qədər eşitməmişik və oxumamışıq ki, üzv dövlətlərin birgə toplantısı olsun, ya da məsələyə münasibət bildirsinlər, 1996-cı ildən bu yana həmsədr kimi fəaliyyətsiz olan dövlətlər əvəz edilsinlər. Belə görünür ki, hər üç dövlət münaqişəni həll edə bilmədikləri (oxu: həll etmək istəmədikləri - V.V) halda digər dövlətlərə də imkan vermirlər. Bunun nə zaman sona çatacağını isə söyləmək çox çətindir.
Vəli Vəliyev