PDF Oxu

Araşdırma

  • 784

Fransa parlamentindən insan hüquqlarına növbəti zərbə

Fransa parlamentindən insan hüquqlarına növbəti zərbə

Azərbaycan hökuməti və ictimaiyyəti Fransa Milli Assambleyasının qərarını pisləyir

Dünən Fransa parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanunu qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si əleyhinə səs verib. Xatırladaq ki, dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

XİN Fransada uydurma "erməni soyqırımı" ilə bağlı qanun qəbul edilməsini pisləyən bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyasında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsini pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir: "Azərbaycan Respublikası Fransanın Milli Assambleyasında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsini kəskin şəkildə pisləyir.

Azərbaycan öz təəccübünü ifadə edərək, bu addımın Avropa məkanında demokratiyanın əsasını təşkil edən söz və ifadə azadlığı prinsiplərinə qətiyyən uyğun olmadığını, Fransanın götürdüyü insan hüquqları və əsas azadlıqlar kimi demokratik dəyərlərə hörmət etmək öhdəliyi ilə ziddiyyət təşkil etdiyini və qəbuledilməz olduğunu bəyan edir.

Azərbaycan Respublikası Fransa Milli Assambleyasının bu cür qanun layihəsi qəbul etdiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, öz torpaqlarında məcburi köçkünə çevrilməsinə, həmçinin, bu insanların hüquqlarının kobud şəkildə pozulmaqda davam etməsinə göz yummasını dərin təəssüflə qarşılayır".


Xarici işlər naziri Elmar Məmmədyarov: "Bu, demokratiya baxımından düzgün deyil"

Xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, Fransanın parlamentinin qəbul etdiyi bu qərar regionda gedən proseslərə ziddir və qeyri-konstruktiv bir qərardır: "Biz öz tərəfimizdən bu qərarı tənqid edirik və pisləyirik. Səsvermədə Senatın 500-dən artıq üzvünün cəmi 10 faizi iştirak edib. Bu, demokratiya baxımından düzgün deyil.

Fransa yüz il əvvəl baş verən məsələlərlə məşğul olursa, o zaman Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və 1 milyon qaçqın və məcburi köçkünün məsələsinə də münasibətini bildirməlidir.

Fransa Senatının qəbul etdiyi bu qərar problemdən başqa yeni heç nə gətirməyəcək. Azərbaycan tərəfi prosesin sonrakı gedişini yaxından izləyəcək və öz təhlillərini apararaq mövqeyini ortaya qoyacaq".


PA şöbə müdirləri: "Bu hadisə dövlətlər arasındakı münasibətlərə heç də müsbət çalar gətirməyəcək"

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib ki, Fransa Senatında qondarma "soyqırımı" məsələsinin müzakirəyə çıxarılması dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək:

"Fransa parlamentində bu məsələnin parlametinin gündəliyinə çıxarılması tarixlə bağlı olan hadisənin siyasiləşdirilməsidir. Bu məsələlərlə bağlı tarixçilər araşdırma aparmalı və müzakirələr etməlidirlər və insanların yaddaşında tarixi təzələmə anlamında bu məsələ gündəmə gətirilməlidir.

Fransada bu prosesin baş verməsi Fransa-Türkiyə münasibətlərinə heç də yaxşı təsir göstərməyəcək. Eyni zamanda, Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır, Xocalı kimi dəhşətli cinayətlər bu gün Ermənistanı idarə edənlərin məsuliyyətinə daxildir və bu tipli saxta məsələlər onlar tərəfindən qaldırılır. Belə hadisələr dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək".

PA Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, bu qərar ədalətli deyil: "Bu, əslində, bu gün Fransanın özünün demokratik bir dövlət, cəmiyyət kimi imicinə təsir göstərir, fikir azadlığının, mövqe azadlığının həddindən artıq məhdudlaşması deməkdir, Fransa parlamentinin qərarı münasibətlərimizə, şübhəsiz ki, təsir edə bilər. Hələlik, bu, Fransa parlamentinin bir palatasında qəbul edilən qərardır. Bir qədər gözləmək lazımdır. Əks halda, adekvat addımlar, şübhəsiz ki, atıla bilər".


YAP Sədrinin müavini Əli Əhmədov: "Belə bir qanunun qəbulu böyük haqsızlıq və ədalətsizlikdir"

YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov Fransa Milli Assambleyasında Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul edilməsini böyük haqsızlıq və ədalətsizlik adlandırıb: "İkinci bir tərəfdən bu tarixin ciddi bir şəkildə saxtalaşdırılmasıdır.

Saxta, qondarma "soyqırımı" iddiası əsasında Avropa ölkələrindən biri olan Fransa tərəfindən belə bir qərarın qəbul edilməsi bu dövlətin demokratik mahiyyətinə, hüquq və azadlıqlarına hörmət məfkurəsi üzərinə çox böyük bir kölgə salır. Bu, təbii ki, Azərbaycan tərəfindən də Türkiyəyə qarşı təzyiq kimi qiymətləndirilir.

Hər bir Azərbaycan vətəndaşı birincisi haqsızlığa, ikincisi Türkiyəyə qarşı təzyiq göstərmək cəhdinə görə, belə bir qərarın qəbul edilməsinə kəskin şəkildə öz etirazını bildirməlidir. Bu, təkcə Türkiyə-Fransa münasibətlərinə mənfi təsir göstərməyəcək, bu, hər bir Azərbaycan vətəndaşının Fransaya olan münasibətinə ciddi şəkildə təsir göstərəcək. Təbii ki, əgər vətəndaşların münasibətində ciddi və neqativ reaksiya olacaqsa, bu reaksiya, bütövlükdə, yanaşmada ciddi dəyişikliklərə gətirib çıxaracaq.

ATƏT-in Media azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç isə bildirib ki, Fransa bu qanunu qəbul etməklə, ATƏT qarşısında götürdüyü öhdəlikləri pozacaq: "Fransada bu qanunun qəbulu digər ölkələri də analoji addımlar atmağa vadar edə bilər və dövlətlər ATƏT qarşısında götürdükləri öhdəlikləri pozmaqla tarixlə bağlı bəyanatlara görə cinayət məsuliyyəti tətbiq edə bilərlər".

Elçin Bayramlı


Digər xəbərlər