İran prezidenti Mahmud Əhmədinejad dekabrın 23-də Ermənistana rəsmi səfərdə olub. İRNA-nın yaydığı məlumata görə, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçirilib. Səfər, əslində, bir neçə ay əvvəl gerçəkləşməli idi. Lakin imzalanacaq sənədlər hazır olmadığından təxirə salınmışdı. Səfər zamanı 300 mln-luq ticarət dövriyyəsi olan iki ölkə Araz çayı üzərində SES-lərin tikintisi ilə bağlı razılığa gəliblər.
Ermənistan öz ərazisində olan Hava Hücumundan Müdafiə sistemlərini İrana satmağa qərar verib
İslam Respublikasına qarşı artan beynəlxalq təzyiqlərin fonunda rəsmi Tehran çıxılmaz vəziyyətdə alternativ variantlar axtarışına baş vurub. Xüsusilə, İrana Hava Hücumundan Müdafiə sistemləri və başqa müdafiə silahlarının satışına sanksiyaların tətbiq edilməsi İslam Respublikasının narahatçılığını bir qədər də artırıb. Sanksiyaların ardınca NATO-nun hava zərbələrinə məruz qalacağına əmin olan İran üzləşdiyi təhlükəni əzəli müttəfiqi separatçı Ermənistanın köməyi ilə önləmək qərarına gəlib.
Rusiya mətbuatının məlumatına görə, İrana qarşı silah satışı qadağasına baxmayaraq, Ermənistan bu məsələdə Tehrana dəstək nümayiş etdirib. Belə ki, iki ölkənin hərbi rəsmiləri arasında əldə edilmiş razılığa əsasən, Ermənistan öz ərazisində olan Hava Hücumundan Müdafiə sistemlərini İrana satmağa qərar verib. Tərəflər arasında əldə edilən razılıq İran üçün kifayət qədər maliyyə vəsaiti tələb etsə də, hazırda İslam Respublikası beynəlxalq təhdidlərlə üzləşdiyindən və çıxılmaz vəziyyətdə qaldığından erməni tərəfinin şərtlərini qəbul etməli olub.
Ermənistan ərazisindəki Hava Hücumundan Müdafiə sistemləri üçün yüksək məbləğ ödəyən İranın artıq həmin sistemləri öz ərazisinə daşıdığı bildirilir. Hava Hücumundan Müdafiə sistemlərinin İran ərazisinə daşınması zamanı İran tərəfinin işğal altından olan Azərbaycan ərazilərindən istifadə etdiyi vurğulanır. Xüsusilə, son günlər Ermənistan və Azərbaycanın işğal altında olan ərazilərindən İrana yüklərin daşınması intensivləşib. Bildirilir ki, İranla həmsərhəd olan işğal altındakı Azərbaycan ərazilərindən iritonnajlı maşınlar kolonlar şəklində İran ərazisinə doğru hərəkət edirlər. Hətta tərəflər arasında əldə edilən razılaşma Ermənistan tərəfini maddi baxımdan olduqca qane etdiyindən rəsmi Yerevan Dağlıq Qarabağ ərazisində yerləşdirdiyi Hava Hücumundan Müdafiə sistemlərini də İrana satmaqdan çəkinməyib.
Qərb dövlətləri İrana qarşı silah embarqosunu kobud pozan Ermənistanı niyə cəzalandırmır?
Məlumat üçün qeyd edək ki, Ermənistanın Dağlıq Qarabağa yaxın ərazilərində, xüsusilə, işğal altında olan Azərbaycan ərazilərində quraşdırdığı 80 ədəd Hava Hücumundan Müdafiə sistemi tam işlək vəziyyətdədir. Hazırda İranın həmin HHM sistemlərini demontaj edərək, ərazisinə daşıdığı qeyd olunur. Bu ərəfədə İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfər etməsi də ekspertlər tərəfindən təsadüfi səfər kimi qiymətləndirilmir.
Mahmud Əhmədinejadın Ermənistan səfəri zamanı tərəflər arasında Azərbaycanın maraqlarına zidd olan daha bir razılaşma əldə edilib. İki ölkə prezidentinin görüşündən sonra tərəflər arasında birgə bəyanat və memorandum imzalanıb. İranla Ermənistan arasında əldə edilən anlaşma memorandumunda Araz çayı üzərində elektrik stansiyasının inşası və istifadəsi də nəzərdə tutulub. Cərəyan edən bu proseslər fonunda ortaya maraqlı sual çıxır. İrana qarşı silah satışı qadağan olunduğu təqdirdə nəyə görə, Birləşmiş Ştatlar, eləcə də, Qərb dövlətləri buna göz yumur? Məgər İranın Ermənistandan aldığı Hava Hücumundan Müdafiə sistemləri silah deyilmi? Göründüyü kimi, Birləşmiş Ştatlar və Qərb ölkələri əksər məsələlərdə olduğu kimi, bu məsələdə də ikili mövqe ortaya qoyur və nüvə dövləti olmağa çalışan bir ölkəyə hərbi dəstək verən Ermənistanı cəzalandırmaq istəmir.
Politoloq: "İranın ermənilərə hədsiz inamı Ermənistanın imkanlarını genişləndirir"
İranın Ermənistana və ermənilərə hədsiz inamı Ermənistanın imkanlarını genişləndirir, İranda saf əqidəli müsəlmanların və həqiqi dövlətçilərin ermənilərin mahiyyətini anlamağa imkan vermir. SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Trend Mətbuat Mərkəzində keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan MDB məkanında radioaktiv maddə qaçaqmalçılığının yayılmasına görə birinci yerdə durur. Çünki İranla Ermənistan arasında nəzarətsiz ərazilər çoxdur, o cümlədən, Azərbaycanın Ermənistanın işğalı altında olan İranla həmsərhəd əraziləri tamamilə nəzarətsizdir.
"Ermənistan İranla nəzarətsiz ərazilərə malik olduğu üçün Ermənistanda radioaktiv nüvə materialı qaçaqmalçılığı geniş yayılıb. Ermənistanın qonşuluğunda heç bir başqa dövlətin aşkar və ya gizli radioaktiv maddəyə ehtiyacı yoxdur. Ermənistanda radioaktiv maddəyə ehtiyacın əsas səbəbi İranın nüvə texnologiyalarıdır", - Mübariz Əhmədoğlu qeyd edib. O, qeyd edib ki, İranın Ermənistandan nüvə yanacağı alması, bunu işğal altındakı nəzarətsiz ərazilər vasitəsilə etməsi İranın Azərbaycan torpaqlarının daha da uzun müddət işğal altında qalmasına maraqlı olmasına şərait yaradan amildir. Amma İranda ermənilərin əsil mahiyyətini unudurlar.
"Bu, İranın anti-azərbaycançılığı və Ermənistana hörmətinin dərəcəsini göstərən mühüm parametrdir"
"Ermənistan İranın ona etimadından istifadə edərək, İranın daxilində Qərbin maraqlarını təmin edən fəaliyyətlə məşğuldur. Məsələn, "internet çamadanlar"ın yerləşdirilməsi ABŞ-ın marağında olan mühüm məsələdir. ABŞ Prezidenti Barak Obama bu layihəni, əslində, məhz elə İran üçün nəzərdə tutmuşdu", - Əhmədoğlu bildirib.
O deyib ki, İranla Ermənistan arasında rəsmi kommunikasiyaların çoxluğu, eləcə də, İranla sərhəddə olan Azərbaycanın işğal olunmuş ərazilərindən ermənilərin istifadə etmək imkanları bu sahədə ermənilərə geniş fəaliyyət göstərməyə şərait yaradır. Onun sözlərinə görə, hazırda İran və Ermənistan mütəxəssisləri Moskva-Bakı-Yerevan dəmiryolunun Azərbaycanın işğal olunmuş ərazilərindəki hissəsinin söküntüsünü başa çatdırıb, çeşidləmə işi ilə məşğuldurlar. "Onlar çeşidləmədən sonra əldə etdikləri dəmiryolu materiallarından istifadə edərək, Vanadzor-Fioletovo dəmiryolunu tikməyə başlayacaqlar. Bu, İranın Azərbaycana sayğısızlığı və ya antiazərbaycançılığı, eləcə də, Ermənistana hörmətinin dərəcəsini göstərən mühüm parametrdir", - Əhmədoğlu bildirib. O bildirib ki, İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfərində əsas motivlərdən biri də öz komandası üçün İranın daxilində gedən hakimiyyətdaxili mübarizədə Ermənistandan və Ermənistan vasitəsilə Qərbdən dəstək almaqdır. Bunu Mahmud Əhmədinejad hökumətinin Azərbaycana qarşı son vaxtlar güclənən neqativ münasibəti də sübut edir.
Elçin Bayramlı