Son dövrlər İran İslam Respublikasında cərəyan edən özbaşınalıqlar, total qorxu mühiti, insanların ən primitiv, adi hüquq və azadlıqlardan belə məhrum olmaları kimi hadisələr davamlı şəkil almaqdadır. Bu müstəvidə ayətullahların vətəndaşlara qarşı getdikcə daha da aqressivləşməsi ölkə əhalisinin ciddi qınağına və hiddətinə səbəb olmaqdadır. Belə ki, adi vətəndaş etirazlarına artıq bir neçə şəhərin yüksək möve tutan ruhaniləri də qoşularaq, yürüdülən siyasətə qarşı çıxışlar edirlər. Onlar baş verən hadisələri etiraf edərək, xalqın haqlı olduğunu bildirirlər.
SEYİD MƏHƏMMƏD MUSƏVİ XOEYNİHA: "ONLAR ÖZ BƏD NİYYƏTLƏRİNİ HƏYATA
KEÇİRMƏK ÜÇÜN ALLAHIN KİTABINI VASİTƏYƏ ÇEVİRİBLƏR"
Qum dini dairəsinin ruhanisi, Mübariz Ruhanilər Birliyinin üzvü ayətullah Seyid Məhəmməd Musəvi Xoeyniha Tehran Universitetinin tələbələri ilə görüşü zamanı bildirib ki, İran İslam Respublikası olmasına rəğmən, buradakı cəmiyyətdə əxlaq və dini etiqadın səviyyəsi dəhşətli dərəcədə aşağı düşüb, nəticədə, bu amil tamamilə tənəzzülə uğrayıb. Eyni zamanda, hakimiyyəti tənqid edənlərə qarşı təzyiq, təhdid, böhtan, təhqir, aşağılayıcı kampaniyanın təşkil edilməsi cəmiyyətdə əxlaqa yer qoymayıb: "İnsanlar yalnız qüdrət sahibləri olduqları və ya hakimiyyətə yaxın olduqları halda sayılırlar. Hakimiyyətdəkilər öz çirkin əməllərini əsaslandırmaq üçün müqəddəs Quranda kiminsə kimisə söydüyünü iddia edir, bununla da dindən maya tutur, dinin təlim-tərbiyə ilə bağlı qanunlarını istədikləri kimi təhrif edirlər. Onlar öz bəd niyyətlərini həyata keçirmək üçün Allahın kitabını vasitəyə çeviriblər".
ƏHMƏDİNEJADA ÜNVANLAMALI OLAN SUALLAR
Və əslində, Seyid Məhəmməd Musəvi Xoeynihanın tələbələr qarşısındakı çıxışlarını təhlil etdiyimiz zaman, həqiqətən də, onun düz buyurduğunu, normal nəticə çıxardığının şahidinə çevrilirik. Çünki İran, həqiqətən də, islami dəyərlərdən sui-istifadə edən dövlət təsiri bağışlayır. Əgər bu hal mövcud olmasa idi, hər halda, İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfəri də baş tutmazdı. Çünki qonşu Azərbaycanın 20 faiz torpağını hələ də işğal altında saxlayan təcavüzkar Ermənistanın rəhbərliyində təmsil olunan şəxslərin hər birinin əli müsəlman azərbaycanlıların qanına bulaşıb. M.Əhmədinejad isə həmin əlləri sıxır, həmin terrorçuları bağrına basaraq, qucaqlayır, hətta öpüşüb-görüşür (?!). Bu isə yuxarıda vurğulandığı kimi bir daha sübut etdi ki, əslində, islami dəyərlər İranın dini və siyasi hakimiyyəti üçün manipulyasiya, şəxsi mənafe üçün yaradılan vasitədir. Sual yaranır ki, necə ola bilər ki, islam dövlətinin başçısı müsəlmanları kütləvi şəkildə qıran, məscidləri yerlə-yeksan edən Ermənistana səfər edir, bilavasitə, həmin proseslərdə fəal iştirak etmiş Serj Sarkisyanla qucaqlaşır, Ermənistan və ermənilər haqqında ağız dolusu təriflər səsləndirir? Əhmədinejadın İran və Ermənistan xalqlarının ortaq mədəniyyətə malik olması barədə fikirləri necə başa düşülməlidir? İranda yaşayan 30 milyon azərbaycanlı erməni cəlladları ilə eyni mədəniyyət daşıyıcıları ola bilərmi?
İran və Ermənistan xalqlarının mədəniyyəti arasında paralellər aparmaq, ortaq dəyərlər müəyyənləşdirmək islam dövlətinin rəhbərinə yaraşırmı? Bəs bütün dünyada islamın müdafiəsi missiyasını üzərinə götürmüş İranın dini rəhbəri Ayətullah Xomeneyi, Azərbaycana qarşı gündə bir bəyanat verən İranın digər qatı mühafizəkar dindarları niyə susurlar?
İRAN VƏ ERMƏNİ QOHUMLUĞUNDAN ƏMƏLƏ GƏLMİŞ QARANLIQ ƏMƏKDAŞLIQ
Əhmədinejad Ermənistana səfəri zamanı jurnalistlərlə görüşündə bildirib: "Biz qonşu və qohumuq və yanaşı yaşamalı, öz maraqlarımızı irəli aparmalıyıq. Əməkdaşlığımızın genişləndirilməsində heç bir məhdudiyyət yoxdur".
Göründüyü kimi, Əhmədinejad İran və erməni xalqlarını qohum hesab edir, ortaq maraqların irəli aparılmasının vacibliyini vurğulayır. Belə olan vəziyyətdə nəyə görə Əhmədinejadın Sarkisyanla çoxsaylı görüşlərində bir dəfə də olsun Zəngəzurda, Göyçədə, İrəvanda, Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində məscidlərin, islam abidələrinin yerlə yeksan olunması, müsəlmanların qətlə yetirilməsi ilə bağlı məsələləri qaldırmamasının əsil səbəbləri üzə çıxır.
RÖVŞƏN NURƏDDİNOĞLU