PDF Oxu

Araşdırma

  • 6 434

İran-Ermənistan “qardaşlığı” qorxu üzərində qurulub

İran-Ermənistan “qardaşlığı” qorxu üzərində qurulub

Son illər İran-Ermənistan münasibətləri yüksələn xətlə inkişaf edir. Təbii ki, İranın Ermənistana qucaq açması üzv olduğu İslam Konfransı Təşkilatının prinsiplərinə və müsəlmançılıq ideoloji xəttinə ziddir. Bunu İran rəsmiləri şürlu şəkildə dərk etsələr də siyasi maraqlar və anti-Azərbaycan siyasəti Ermənistanın maraqlarına qarşı çıxmağa imkan vermir. Mahmud Əhmədinejadın Ermənistanda əli şiə müsəlmanlarının qanına batmış Serj Sarkisyanı qucaqlayaraq, tribuna önündə türk-müsəlman maraqlarına və islam təəssübkeşliyinə zidd pafoslu çıxışlar etməsi yuxarıda qeyd olunanların əsaslı olduğunu göstərir.

İran prezidenti Mahmud Əhmədinejad əli dirsəyədək azərbaycanlıların, müsəlmanların qanına batmış Sarkisyanı bağrına basanda, qucaqlayanda və "İran-Ermənistan dostluğu, qardaş münasibətlər"dən danışanda daxilində ağrılar keçmədimi? Politoloq Rüstəm Məmmədov "İran ilə Ermənistan arasındakı strateji xarakter daşıyan münasibətlərin təməlində hansı maraqlar dayanır" sualımızı cavablandırarkən bildirdi ki, hər iki ölkənin ortaq strateji maraqları dayanır: "Bu maraqların əsas xarakteri qarşıqlıq əsasında qurulmasıdır. Yəni İran və Ermənistanı daha çox üçüncü ölkələrlə münasibətləri birləşdirir. Hər şeydən öncə, bu iki ölkənin Azərbaycanla bağlı maraqları üst-üstə düşməkdədir. Bu maraqlar həm Ermənistan, həm də İran tərəfindən "həyati dərəcədə" əhəmiyyətli maraq kimi qiymətləndirilir. Həm Ermənistan, həm də İran müstəqil və ərazi bütövlüyünə sahib Azərbaycan dövlətinin varlığı ilə razılaşmırlar ki, bu hal xoşməramlı qonşuluq münasibətləri ilə uyğun gəlmədiyi kimi, müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərinə də tamamən ziddir. Ermənistan, ərazilərini işğal etdiyi Azərbaycanla savaş halındadır və bu çərçivədə zəif bir Azərbaycan rəsmi Yerevanın əsas öncəliyidir. İran üçün də bölgədə güclü Azərbaycan ən azı "ciddi narahatlıq mənbəyidir".

Politoloq onu da vurğuladı ki, İran üçün Ermənistan nüvə proqramı baxımından mühüm bir ölkə statusuna malikdir: "Belə ki, İranın öz nüvə proqramını inkişaf etdirərkən Ermənistandan və Ermənistan vasitəsilə Rusiyadan elmi-texniki dəstək aldığı dəfələrlə iddia edilmişdir. Digər yandan, rəsmi Tehranın ABŞ-dakı erməni lobbisini bu ölkə ilə münasibətlərinin normallaşdırılması prosesində mühüm bir müttəfiq kimi gördüyü qeyd olunur. Həmçinin, Ermənistan İranın enerji ehtiyatları üçün həm bazar kimi, həm perspektivdə Qərb bazarlarına çıxış kimi xarakterizə edilir. Bu çərçivədə Ermənistan və İran arasındakı münasibətlərdə diqqəti cəlb edən mövzular arasında Qarabağ məsələsi də var. İran Qarabağa dair rəsmi açıqlamalarında Azərbaycanın ərazi bötövlüyünü dəstəklədiyini bildirsə də, təcavüzkar Ermənistana qarşı tətbiq edilən iqtisadi embarqonun zəiflədilməsində və bu ölkənin strateji mühasirəyə alınmasının əngəllənməsində çox fəal rol oynayır. İranın Azərbaycan ilə Ermənistan arasındakı iki vacib vasitəçilik təşəbbüsünün Azərbaycanı rahatladaraq Xocalı soyqırımına və Şuşanın işğalına səbəb olduğu da bilinir. Göründüyü kimi, İran üçün Ermənistan, birinci növbədə, Azərbaycanı və Türkiyəni narahat etməsi baxımından strateji önəmə sahibdir. Çünki İran müstəqil Azərbaycanı və güclü Türkiyəni nəinki xarici siyasət maraqlarına, hətta öz varlığına təhlükə kimi görür".

İranın rəsmi "islam dövləti" mövqeyindən deyil, tam fərqli fars mərkəzli baxışından qaynaqlandığını deyən R.Məmmədov onu da vurğuladı ki, bu gün İran hər hansı bir dövlət kimi beynəlxalq aləmə çıxış alternativlərini artırmağa çalışır. Politoloqun sözlərinə görə, İranla Ermənistana yönəlmiş problemlər bənzər olduğu üçün bu problemlərin həll edilməsində onların "siyasətləri" də üst-üstə düşür: "Bu səbəblərə görə İran-Ermənistan əlaqələrinin inkişafında hər ikisinin hələ uzun müddət maraqlı olacaqlarını demək mümkündür. Sadəcə, Türkiyə və Azərbaycanın İran üzərində, Rusiya və ABŞ-ın isə Ermənistan üzərində təzyiqləri bu münasibətləri müəyyən dərəcədə zəiflətməyə səbəb ola bilər. Sonda bir məqama da toxunmaq istəyirəm. Belə ki, iddia edildiyi kimi, İran-Ermənistan münasibətləri, daha doğrusu, İranın Ermənistan siyasəti Azərbaycan-İsrail, ya da Azərbaycan-ABŞ münasibətlərinə cavab xarakteri daşımır. Çünki Azərbaycan heç bu iki ölkə ilə münasibətləri formalaşdırmağa macal tapmamış, İran xarici siyasəti baxımından "arzuolunmaz" mövqeyə malik olmuşdur. Sonrakı mərhələlərdə də Azərbaycan-ABŞ münasibətlərinin o qədər də yaxşı xarakterə malik olmadığı və İranla bağlı həssaslıqların gözləndiyi dövrlərdə Azərbaycan yenə İranın , dırnaqarası xoş niyyətindən kənarda qalmışdır. İranın artıq iki ildir təşkil etdiyi beynəlxalq Novruz tədbirlərinə bu il Ermənistanı, onun əli Xocalı soyqırımına - müsəlmanların qanına batmış prezidenti Serj Sarkisyanı dəvət etməsi də məhz bunun nəticəsi kimi görülməlidir. Əks halda nəinki Novruz bayramını rəsmi olaraq qeyd etməyən, hətta Novruz bayramını qeyd edəcək sadə vətəndaşlara belə sahib olmayan bir ölkənin tək nümunə kimi bu tədbirə dəvət olunması heç cür anlaşılan olmazdı".


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər