Konqres Dağlıq Qarabağ separatçı rejiminə maliyyə ayırarkən hansı məqsədi güdür?
Məlum olduğu kimi, ABŞ Konqresi 2012-ci ildə xarici ölkələr üçün nəzərdə tutulmuş yardım paketini təsdiqləyib. Siyahıda Cənubi Qafqaz ölkələri də yer alıb. Erməni mətbuatının yaydığı məlumata görə, Birləşmiş Ştatlar Azərbaycana 16,6 milyon dollar, Gürcüstana 66 milyon dollar, Ermənistana isə 40 milyon dollar yardım ayırıb. Konqresin xarici yardımlar haqqında hesabatında Ermənistan və Azərbaycan üçün xarici hərbi maliyyələşmə, beynəlxalq hərbi təhsil və hazırlıq məqsədilə veriləcək yardımlarda bərabərliyin qorunmasının vacibliyi vurğulanıb.
Politoloqların fikrincə, ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı ayırması Ermənistan-Azərbaycan münaqişəsinin həllini çətinləşdirir. Politoloq Rüstəm Məmmədov da bu fikirlə razılaşdığını bildirərək vurğuladı ki, hansısa bir dövlətin digər dövlətə yardım etməsi məsələsi həmin dövlətin daxili siyasətidir: "Lakin separatçı rejimlərə yardım göstərilməsi həmin rejimlərin dəstəklənməsidir. Qeyd edək ki, ABŞ-ın Dağlıq Qarabağın separatçı rejiminə birbaşa yardım ayırması artıq ardıcıl hal alıb. Azərbaycanın bununla bağlı rəsmi mövqeyinə əsasən, ABŞ işğal olunmuş ərazilərdə yaşayan əhaliyə etdiyi maliyyə yardımını həmin ərazidən məcburi köçürülmüş əhaliyə də etməlidir. Yəni, ermənilərlə bərabər azərbaycanlı icması da bu yardımlardan yararlanmalıdır. İşğal olunmuş ərazilərdə yaşayan və oradan məcburi köçürülmüş əhaliyə eyni qaydada dəstək verilməlidir. Lakin hər zaman demokratik dəyərlərdən, terrorçuluqla mübarizədən dəm vuran ABŞ-ın bu cür addımı başadüşülən deyil. Məsələ burasındadır ki, Ermənistan qəbul olunan konvensiyalara görə, sənədlərə əsasən işğalçı bir dövlət kimi tanınır. BMT-nin bununla bağlı bir çox konvensiyaları mövcuddur. Bu günə kimi dünya birliyi bu sənədlərə əsaslanaraq işğalçı ölkədən tələb edə bilmir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxsın. Hələ bir üstəlik də ABŞ Konqresi işğalçıya və onun yaratdığı qondarma rejimə maliyyə yardımı ayırır. Bu cür dəstəklər olanda münaqişənin ədalətli həll olunması prosesi ciddi şəkildə çətinləşir. ABŞ bir tərəfdən Minsk Qrupunun həmsədri kimi münaqişənin ədalətli həllinə çalışır, lakin digər tərəfdən separatçı rejimi dəstəkləyir və beləcə də, əvvəlki bəyanatların üzərinə kölgə düşür".
Politoloq, həmçinin, onu da bildirdi ki, ABŞ Konqresi DQ separatçı rejiminə maliyyə yardımı ayırarkən bir sıra məsələlər sual olaraq ortaya çıxır: "Belə ki, istər post-sovet, istərsə də dünyadakı başqa işğalçı, təcavüzkar separatçılara maliyyə yaradımı göstərməyən ABŞ nəyə görə məhz Qarabağ ermənilərini bağrına basır? Axı, Cənubi Osetiyada, Abxaziyada da separatçılar mövcuddur. Buradan bir daha bəlli olur ki, bu maliyyə yardımı konkret olaraq erməni separatizminə göstərilən birbaşa dəstəkdir və bu dəstəyi, təəssüflər olsun ki, ABŞ Konqresi göstərir. Təbii ki, burada birinci məqam odur ki, həmişə olduğu kimi, bu dəfə də işğalçı Ermənistana yardımın miqdarı torpaqları işğala məruz qalan Azərbaycana ayrılan vəsaitdən çoxdur. İkincisi isə, ABŞ-ın yenə də Qarabağ separatçılarına da yardım ayırmasıdır. Belə ki, Birləşmiş Ştatların separatçı rejimə yardımı 2 milyon dollar təşkil edəcək. Düzdür, bu rəqəm ötənilkinə nisbətən azdır. Amma separatçı, terrorçu bir rejimə Amerikanın yardım ayırması bu gün də sual doğuran, eyni zamanda, Azərbaycan ictimaiyyətini qıcıqlandıran amildir. Dünya ictimaiyyətinə sirr deyil ki, Dağlıq Qarabağda separatçı, oyuncaq bir rejim yaradılıb, həmin ərazilər terrorçu təşkilatların sığınacaq yerinə çevrilib. ABŞ Konqresinin qondarma "Dağlıq Qarabağ Respublikası"na yardım ayırması birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, separatçılığa dəstək, haqsızlıq və ədalətsizlikdir. Onsuz da bu günə kimi Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirib. Hər bir situasiyadan istifadə edərək danışıqları uzadıb, mövqeyini sərtləşdirib. İndi kim zəmanət verə bilər ki, Dağlıq Qarabağa maliyyə yardımı ayrıldıqdan sonra Ermənistan mövqeyini daha da sərtləşdirməyəcək? ABŞ dünyaya bəyan edir ki, separatçılıqla, terrorçuluqla mübarizə dünyanın qəbul etdiyi prinsip olmalıdır. Onu da deyim ki, ABŞ-ın separatçı rejimə maliyyə yardımı ayırması, təbii ki, dünya ölkələri tərəfindən birmənalı qarşılanmayıb, qarşılanmır da. Əslində, bu dövlət digərlərinə nümunə olmalıdır. Amma nə yazıq ki, separatçılara yardım etməklə özünün bəyan etdiyi ideyalara, terrorizmlə mübarizə məsələlərində səmimi olmadığını göstərir".
Politoloq Elman Nəsirli də məsələyə münasibət bildirərkən, vurğuladı ki, ABŞ-ın bu addımı bir daha onun ikili standart həyata keçirdiyini təsdiqləyir: "Bu gün ermənilərdən fərqli olaraq, yurd-yuvalarından didərgin düşən 1 milyondan çox soydaşımız var. Həmin insanlar evlərini, əmlaklarını, normal yaşayışlarını itiriblər. Münaqişə zamanı heç nəyini itirməyən ermənilərə yardım olunmasını, itkiylə üzləşənlərin isə bu yardımdan kənarda qalmasını necə qiymətləndirmək olar? Əgər ABŞ-ın məqsədi kömək etməkdirsə, bunu həm azərbaycanlılara, həm də ermənilərə ünvanlasın. Amerika nəyə görə bu məsələdə ayrı-seçkilik yaradır, işğalçıya, separatçıya, erməni millətçilərinə, faşistlərə yardım edir?"
E.Nəsirli onu da vurğuladı ki, ABŞ separatçı Dağlıq Qarabağ əhalisinə artıq 10 ildən artıqdır ki, böyük maliyyə yardımı ayırır: "Burada bir haşiyə də çıxaq. Amerikanın erməni diasporu və Konqresdəki erməni lobbisi Dağlıq Qarabağa ayrıca yardım göstərilməsi üçün hələ 1993-cü ildən fəaliyyətə başlamışdı. Bunun nəticəsi olaraq, 1998-ci ildə ermənilər ABŞ rəhbərliyini Dağlıq Qarabağa oradakı humanitar vəziyyəti öyrənmək üçün xüsusi missiya göndərilməsinə razı saldılar. 1999-cu ildən başlayaraq isə Konqresdə qəbul olunan xarici yardımlar paketinə Dağlıq Qarabağa dair maddə əlavə olundu.
E.Nəsirlinin bu qərarının Azərbaycanda narazılıqla qarşılandığını da söylədi: "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. ABŞ gələcəkdə Cənubi və Şimali Qafqaza yiyələnməyə hazırlaşır və indidən bu bölgələrin əhalisi ilə əlaqələrini qurur. Dağlıq Qarabağda, həqiqətən də, acınacaqlı vəziyyət yaranıb. Oradakı ermənilər acından ölür. Ermənistan pis gündədir. Əhalisi qaçıb, 1 milyon yarımı qalıb. Amerika böyük dövlət kimi beynəlxalq hüquq normalarını pozaraq bu addımı atır. "DQR"-ə yardım ABŞ-ın Qafqaza yiyələnmək istəyindən irəli gəlir".
RƏFİQƏ HÜSEYNOVA