PDF Oxu

Araşdırma

  • 1 618

Ayətullah rejimi həqiqi islama qarşı: bir qurtum suya görə 25 şallaq

Ayətullah rejimi həqiqi islama qarşı: bir qurtum suya görə 25 şallaq

Konstitusiyanın İranı "islam respublikası" elan etməsinə baxmayaraq, bu ölkədə hökm sürən amansız istibdadın əhalinin şaha və onun tərəfdarlarına qarşı çıxış edərək, şirin xəyallar qurduğu islam inqilabı ideyaları ilə, demək olar ki, heç bir əlaqəsi yoxdur. Bugünkü ayətullahlar, qondarma mollalar "inqilabi ideyalara" xəyanət etdilər, unutdular ki, islam siyasətin və ictimaiyyətin dinidir və sıravi müsəlmanlar ölkənin siyasi və ictimai məsələlərində fəal iştirak etməlidirlər. Bu gün İranda bunu yalnız arzulamaq olar.

Müxtəlif zamanlarda müxtəlif fətvalar verən İran ayətullahları hətta ən müqəddəs aylarda belə sadə vətəndaşlarının qanlarını axıdırlar. Xatırlatmaq mümkündür ki, orucluğa ən ciddi şəkildə riayət etməyi və xeyriyyəçiliklə məşğul olmağı təlqin edən Ramazan ayında İranda görünməmiş rüsvayçılıq yaşanmışdı. Hətta müqəddəs ayda belə rejim öz ölkəsinin vətəndaşlarının ünvanına ənənəvi təhdidlər etməkdən çəkinməmişdi. Belə ki, Ekspertlər Şurasının üzvü ayətullah Seyyid Əhməd Ələm Xoda bəyan etmişdi ki, əgər ictimai yerlərdə orucluğa riayət etməyən bir vətəndaş aşkar olunarsa, onda o, dərhal 25 şallaq zərbəsi ilə cəzalandırılacaq.


Molla rejiminin çökməsi labüddür


İranda insan hüquqları necə və niyə pozulur? Əslində, bu haqda çox yazmaq olar, amma ən əsasını qeyd edək. Təsəvvür edin, İranda əgər biri o birisinin, belə deyək, toyuğunu oğurlayırsa, "ölüm fitvası" çıxarırlar. Ya da kimsə vəzifəli adama "qıyqacı gözlə" baxdısa, onu da dar ağacından asırlar. Bu harada görünüb ki, heç bir ağır cinayət xarakteri olmayan xətaya, lap deyək ki, xırda cinayətə görə, insanı edam etsinlər?! Budurmu iranlı "dindar"ların insan hüquqlarını qorumaları? Gecə-gündüz düyü yeyən, ət üzünə həsrət qalan İranın aşağı təbəqəli əhalisi artıq panfarsist rejiminin əlindən bezib. Heç kəs səsini çıxarda, haqqını tələb edə bilmir. Əks halda onu edam edirlər. Yəqin iranlı mollabaşı rəhbərlər öz dilində danışmaq istəyən azərbaycanlılara tutduqları divanı, onlara qarşı etdikləri cinayətləri unutmayıblar.

Mən çox dərinə getmək istəmirəm. Amma yaxşı olar ki, "dindar" rəhbərlər Təbrizdəki, Tehrandakı (elə bu ikisi bəsdir) gizli "hərəmxana"larını bağlasınlar və dillərindən düşməyən islam əxlaqına riayət etsinlər. Saqqal saxlamaqla, ölüm hökmü verməklə nə dindar olmaq olar, nə də müctəhid. Yəni elə bir gün olacaqmı ki, həmin gün İranda kimsə edam olunmasın və onun arvad-uşağı, əyalı ağlar qalmasın?..


İran Azərbaycanın işinə nə üçün qarışmamalıdır...


Əvvəla, Azərbaycan müstəqil, heç kəsdən asılı olmayan və sözünü deməyə qadir olan, problemlərini həll edə bilən qüdrətli dövlətdir. Azərbaycanın kiminsə məsləhətinə ehtiyacı yoxdur. İkincisi, Azərbaycana hər hansı yolla təzyiq etmək də mümkün deyil. Üçüncüsü, əgər İran Azərbaycanı belə çox istəyirsə, bəs bu vaxta qədər nə üçün Azərbaycanın ərazi bütövlüyünə dəstək verərək, ermənilərə dirsək göstərməyib? Bəlkə dirsəyinin qırılmasından qorxur? İranın bu mövqeyi anlaşılandır. Çünki Azərbaycan müstəqil elan olunduqdan sonra onun müstəqilliyini ən gec tanıyan dövlətlərdən biri də məhz İran olub. İran rəhbərləri Serj Sarkisyanla görüşəndə elə bil "din bir, dil bir", yüzillik dostları ilə görüşürlər. Digər tərəfdən Azərbaycan dünyəvi dövlətdir, dini dövlət deyil ki, ona hansısa ayətullahlar müdaxilə edə bilsin. Onlar narahat olmasınlar Azərbaycanda dinimizə də, imanımıza da, bəlkə də, ordan min dəfə artıq inam və etiqad var. "Nəsimi" filmindəki İbrahim xan demişkən, "nə olub bizim dinimizə" ki, farslar gəlib dinimizi bəladan qurtara?..


Armen İranda ən

dəbdə olan oğlan adı


İranın Ermənistanla nə kimi əlaqələrinin olduğunu və bu əlaqələrin günbəgün inkişaf etdiyindən hər kəs xəbərdardır.

Təəssüf doğuran isə odur ki, İran işğalçı Ermənistana blokada vəziyyətindən çıxmağa kömək etməyə hazır olduğunu bəyan edib. Əslində, İranla Ermənistan arasında iqtisadi və ticarət əlaqələri çoxdan var, özü də yüksək səviyyədədir. İşğalçı dövlətin başçısı son günlər sərhədlərin açılması məsələsi ilə ilgili bölgədə yaranan vəziyyətdən sui-istifadə edərək Tehrana yola düşüb və bununla bir növ "Yerevanın bölgədə daha çox müttəfiqlərə malik olduğunu" isbat etməyə çalışır. İranla Ermənistan arasında iqtisadi və ticari əlaqələrinin tarixi isə ötən əsrin 90-cı illərinin əvvəllərinə gedir. İran Ermənistan-Azərbaycan münaqişəsi başlanandan ikili standartlı siyasət yürütmüş, sözdə islam təəssübkeşlyi ilə guya Azərbaycanın tərəfində olduğunu söyləmiş, arxada, əlaltdan isə Ermənistana maddi və mənəvi yardımlar etmişdir.

Hətta bir sıra məlumatlara əsasən, işğalçı dövlətin paytaxtında iranlı iş adamlarına hər yerdə rast gəlmək mümkündür. İran Ermənistanda bir neçə istehsal müəssisəsi açıb. Ermənistana güzəştli şərtlərlə qaz, elektrik enerjisi verir. Ermənistanla ticarət edən iş adamları İranda vergidən azaddırlar. Bu, Ermənistana yatırım qoymaq üçün stimullaşdırıcı addımdır. İran rejimi iranlı gənclərin Ermənistan ali məktəblərində təhsil almasına şərait yaradır, İranda isə Ermənistan ali məktəblərinin diplomları tanınır. Ən təəssüf doğuran məqam isə odur ki, prezident M.Əhmədinejad deyib ki, hər il onun ölkəsində 1915-ci ildə baş verən hadisələr geniş qeyd olunur. O, iranlılarla erməniləri eyni mədəniyyətə malik xalqlar adlandırıb və deyib ki, nəzərdə tutulan layihələrin hamısı həyata keçiriləcək. Bu fakt, sözsüz ki, müsəlman həmrəyliyinə qarşı arxadan vurulan ən ağır zərbədir...

Bir də onu qeyd edim ki, orda yaşayan həmyerlilərimiz üçün nəinki azərbaycandilli məktəblərin açılmaması, hətta onların şəhər-küçədə azərbaycan dilində danışmalarına qadağa qoymaları onların və onlardan törəyən və böyüyən nəsillərinin get-gedə farslaşmasına gətirib çıxarıb. Ən çox təəssüfləndiyim o idi ki, ordakı bir uşağının adı Armen qoyulmuşdu, soruşanda ki, bu adın mənasının nə olduğunu bilirsizmi? Cavabında bildirilib ki, indi İranda ən çox dəbdə olan və qoyulan ad məhz Arnen adıdır. Bu amil isə sözün bitdiyi yerdir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər