İqtisadi böhran içində boğulan Ermənistan artıq hər gün yeni-yeni problemlərlə üzləşməkdədir. Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması, Gürcüstanın daha əvvəlki kimi Yerevana xoş münasibət göstərməməsi, habelə, korrupsiya və rüşvətxorluğun total şəkil alması bu ölkəni məhvə sürükləyib. Digər tərəfdən sürətli inflyasiya da, demək olar ki, öz işini görməkdədir. Davamlı olaraq infilyasiyanın artması ermənilərin aclıq və səfalət içində boğulmasını şərtləndirib.
Ölkənin ağır durumu ilə bağlı yayılan məlumatları təkzib etməyə çalışan Serj Sarkisyan hakimiyyəti iqtisadi hesablamalar qarşısında özünü itirib. Hökumət korrupsiyanın iqtisadiyyata vurduğu zərbələrin acı nəticələrini anlamağa başlayıb. Qeyd edək ki, işğalçı ölkənin Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryanın mətbuata verdiyi açıqlamasına görə, istehlaka daxil olan məhsullarının qiymətinin 8,1 faiz artması öz-özlüyündə normal hal deyil.
Xüsusilə də, ölkədə yerli mallar daha çox bahalaşıb. Belə ki, iki ay ərzində yerli məhsullar - düyü, pendir və çörək 32,5 faiz bahalaşıb. Erməni iqtisadçı ekspertləri yerli malların bahalaşmasını iki yolla izah edirlər: "Birinci, əldə edilən xammal sonradan yerli istehsalçının məhsuluna çevrilir, bununla da yerli məhsulların bahalaşmasına səbəb olur. İkincisi, yerli məhsul istehsalı üçün vergi, rüsum, məcburi ödənişlər çox yüksək səviyyədədir".
Ölkənin Kənd Təsərrüfatı Nazirliyini kənd təsərrüfatı sektorunda eksperiment aparan bir qurum olaraq təqdim edən qəzetlər yazırlar ki, hazırkı məqamda Ermənistan kəndlisi ölüm ayağındadır. Onların fikrincə, faktiki dönəmdə taxıl istehsalının azalmasına səbəb də hökumətin kənd təsərrüfatına xüsusi diqqət yetirməməsidir: "Ermənistan hökuməti kənd təsərrüfatında eksperimentlər aparır. Elə zənn edirlər ki, torpaqlar boş qaldıqca, ölkədə vəziyyət normal məcraya düşəcək. Halbuki düşünmürlər ki, belə davam edərsə, erməni kəndlisi də kənd təsərrüfatı kimi yoxa çıxmağa başlayacaq. Artıq proses başlayıb".
Ötən illə müqayisədə bu il Ermənistanda əkilən taxıl sahələrinin ümumi həcminin 50 min hektar azaldığını da araşdıran ekspertlər belə qənaətə gəliblər ki, vəziyyətin belə bir şəkil almasında KTN-in xüsusi günahı var. Belə ki, onlar bu il üçün nəzərdə tutulan əlavə 130 min hektar əkin sahəsini üzümçülük və tərəvəzçiliyə sərf ediblər ki, bu da daxili tələbatın 10 faizə qədərini qarşılaya biləcək qədər taxıl istehsalının qarşısını alıb: "KTN 130 min hektar torpaq sahəsinə üzüm və tərəvəz əkməklə əhalinin diqqətini bu sahəyə yönəltməyə çalışdığını deyir. Düzdür, taxılla müqayisədə bu məhsulların gəlirlilik səviyyəsi çoxdur. Amma bu, o demək deyil ki, Ermənistan hökuməti bütün ölkəni ya üzüm bağlarına, ya da tərəvəz bostanına çevirməlidir. Məhz bu səhvlərin səbəbindəndir ki, hal-hazırda ölkədə aclıq təhlükəsi yaşanır".
Dramın dramatik vəziyyəti
Ermənistanın milli valyutası olan dramın vəziyyəti isə dramatikdir. Ekspertlərin proqnozlarına görə, inflyasiyanın bu səviyyəyə çatmasının səbəbi ölkədə korrupsiya və inhisarçılığın hökm sürməsidir. Mərkəzi Bankın keçmiş sədri Baqrat Asatryan da bu fikirləri təsdiqləyərək bildirib ki, pul kütləsini azaldıb, milli valyutanı - dramı möhkəmlətmək çətin və xərcli variantdır: "Bu yolla vəziyyətdən çıxmaq olmaz. Çünki qiymət artımına "kölgə iqtisadiyyatı və inhisarçılıq" daha çox təsir göstərir. Postsovet ölkələri arasında Ermənistan inflyasiyanın səviyyəsinə görə öndədir. Hazırda sağlam bazar iqtisadiyyatı yoxdur. İnhisarlaşmış iqtisadiyyat şəraitində rəqabət də yoxdur, istənilən inhisarçı qiymət diktə edir, dövlət isə ya inhisarçılardan biridir, ya da onu himayə edir deyə təpki göstərmir. Ermənistanda hər şeyin tərsinə gedir, hər şey baş-ayaqdır. Bizdə hər şey tərsinə baş verir. Tələb və təklif artdıqca qiymət düşməli deyilmi? Bizdə isə tərsinədir. Bizdə daha çox tərəvəz və meyvə bahalaşıb, bunlar isə əhalinin əsas qida elementidir".
Aytən Səmədova