20 ilə yaxındır ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı bir çox görüşlər keçirilib. Əsasən də, geridə qoyduğumuz 2011-ci ildə adıçəkilən münaqişə ilə əlaqədar olaraq görüşlər keçirilsə belə, nəticədə, Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ilə yadda qalıb. Bu baxımdan, 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində müsbətə doğru hər hansı bir ciddi addımın atılması real görünürmü? Həmçinin, yanvarın 23-24-də Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşü nəzərdə tutulur. Bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərəcək? Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli bildirdi ki, 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsləri heç bir nəticə verməyib.
- 2012-ci ilin ilk ayında yenidən Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı Rusiya prezidentinin təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirməsi nəzərdə tutulur. Ancaq 2011-ci ilin nəticələrinə nəzər salsaq, görərik ki, adıçəkilən münaqişə ilə əlaqədar olaraq tərəflər arasında münasibətlərin yaxınlaşması əvəzinə, daha da kəskinləşməsinin şahidi olduq. 2011-ci ildə təəssüflər olsun ki, Dağlıq Qarabağ danışıqlarında heç bir nəticə əldə olunmadı. Bildiyiniz kimi, 2012-ci ildə ATƏT-in Minsk Qrupu həmsədrləri olan ölkələrdə seçki ilidir. Yəni, bu il ərzində adıçəkilən ölkələrdə diqqət daha çox seçki kampaniyalarına yönələcək. Düşünmürəm ki, sözügedən ölkələrdə seçki kampaniyası dövründə vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayırsınlar.
2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı Rusiya prezidenti D.Medvedevin təşəbbüsləri heç bir nəticə verməyib. Yəni, 2012-ci ildə Soçidə keçiriləcək görüş RF prezidentinin son təşəbbüslərindən biridir. Bildiyiniz kimi, D. Medvedevin prezidentlik dövrü başa çatır. Bir sözlə, yaxın müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı Soçidə keçiriləcək prezidentlərin görüşlərində hər hansı bir ciddi addım atılmasını gözləmək bir qədər çətindir. Onu da qeyd edim ki, mütləq ATƏT-in Minsk Qrupunda təmsil olunan ölkələr-ABŞ, RF və Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayırmalıdırlar.
GÜLYANƏ