PDF Oxu

Araşdırma

  • 1 152

AZƏRBAYCANIN AVROPA ŞURASINA TAMHÜQUQLU ÜZV QƏBUL OLUNMASINDAN 10 İL ÖTÜR

AZƏRBAYCANIN AVROPA ŞURASINA TAMHÜQUQLU ÜZV QƏBUL OLUNMASINDAN 10 İL ÖTÜR

Bu il Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 11 il ötür. Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində ölkəmiz ümumavropa dəyərləri xəzinəsinə öz töhfəsini verib. Bu gün Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə də əhəmiyyətli və uğurlu addımlar atılır. Məhz bu uğurların məntiqi nəticəsidir ki, hazırda Azərbaycanın nüfuzu dünya miqyasında daha da möhkəmlənərək, onu lider dövlət statusuna çatdırıb.


ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: "AZƏRBAYCANIN AVROPA ŞURASINA QƏBUL OLUNMASI HƏM AZƏRBAYCAN ÜÇÜN, HƏM DƏ BU TƏŞKİLAT ÜÇÜN ÇOX MÜHÜM HADİSƏDİR"


20-ci əsrdə ikinci dəfə müstəqillik əldə edən müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçən Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində ölkəmiz nəinki Avropa ailəsinə, hətta bütün beynəlxalq təşkilatlara inteqrasiya olunmaq üçün gözəl imkan əldə etdi. O zaman "Tarixi yolların qovşağında yerləşən Azərbaycanın Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir" deyən Ulu Öndər Heydər Əliyevin fikrincə, təşkilata üzvlük sivil, dünyəvi və demokratik dövlət quruculuğu kursu götürən ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının tərkib hissəsidir. 28 iyun 1996-cı il - Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul edir. Avropa Şurasına gedən yolda ölkəmizdə bir çox islahatlar aparılıb: iqtisadiyyatın yüksəlişi, yeni Konstitusiyanın qəbulu, söz və mətbuat azadlığına verilən önəm, insan hüquqlarının yüksək səviyyədə qorunması, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, Azərbaycanla qurum arasında əlaqələrin inkişafı istiqamətində fərman və sərəncamlar, eləcə də, ölüm hökmünün icrasının ləğv edilməsi və sair. Bütün bunların məntiqi nəticəsi olaraq 2001-ci il yanvarın 17-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın bu təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunması barədə qərar qəbul etdi. Yanvarın 25-də Strasburqda - Avropa Şurasının binası önündə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırıldı.


AZƏRBAYCANIN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNƏ İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ SAYƏSİNDƏ ÖLKƏMİZİN BEYNƏLXALQ İMİCİ MÖHKƏMLƏNDİ


Ölkəmiz Avropa ailəsinə daxil olmaqla dolayısı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tribuna əldə etmiş oldu. Azərbaycan xalqının dahi şəxsiyyəti Heydər Əliyev demişdir: "Bütün səylərimizə baxmayaraq, Avropa Şurasına üzvlük zamanı müəyyən problemləri özümüzlə gətirdik. Bu da Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə cənubi Qafqazda demokratiyaya gedən yolda insan haqlarının qorunmasında ciddi maneə yaradır."

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin beynəlxalq imici möhkəmləndi, Ermənistanın təcavüzkar siyasəti ifşa olundu. Cənab İlham Əliyevin işgüzarlığı, prinsipiallığı və təşəbbüskarlığı nəticəsində Avropada ilk dəfə məhz bu qurum Ermənistanı işğalçı dövlət kimi tanıyan qərar qəbul etdi. 2003-cü il yanvarın 27-də İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü seçilməsi isə Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri oldu. Məhz Prezident İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi qısa bir müddətdə AŞPA-da Azərbaycan həqiqətlərini özündə ehtiva edən bir çox sənədlər hazırlanıb və təşkilatın rəsmi sənədləri kimi yayılıbdı. Bu gün də Azərbaycan Avropa Şurası ilə sıx əməkdaşlıq edir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər