PDF Oxu

Araşdırma

  • 1 001

Ermənistanın mövqeyi beynəlxalq aləmdə zəifləməkdədir

Ermənistanın mövqeyi beynəlxalq aləmdə zəifləməkdədir

İşğalçı ölkə olan Ermənistanın qeyri-konsturuktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsi, təəssüf ki, hələ də öz həllini tapmayıb. Son zamanlar Dağlıq Qarabağ separatçıları fəallıq nümayiş etdirirlər. Məsələyə münasibət bildirən millət vəkili Fəzail İbrahimli xüsusi vurğaladı ki, Ermənistan artıq bir dövlət kimi gücsüzləşib. Azərbaycanın dünyada artan nüfuzu, ölkəmizin BMT TŞ-yə üzv seçilməsi işğalçı ölkəni digər addımlar atmağa məcbur edir.

- Ermənistan tərəfinin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyinin beynəlxalq aləmdə get-gedə zəifləməsi, təbii ki, onların hansısa bir addım atmalarına və yaxud da digər formada özlərini "mən də varam" deyə ortaya atmağa vadar edir. Amma dünya ictimaiyyətinə Dağlıq Qarabağ probleminin mahiyyəti məlumdur. Burada Ermənistanın siyasi hakimiyyətindəki qeyri-sabitlik, iqtisadi durumun zəifliyi, hakimiyyət daxilindəki çəkişmələr və Qarabağdan olanlarla orada yaşayan ermənilər arasındakı münasibətlərin kəskinləşməsi və digər məsələlərin hamısı bu siyasi hakimiyyətin mahiyyətidir. Ona görə də, bu cür addımların atılması insanların gözünə kül üfürməkdir.

20 il ərzində Azərbaycanın düçar olduğu bu problemin həll olunmamasının arxasında kifayət qədər gücü və qüvvəsi olan, bu məsələlər həll etmək imkanında olan dövlətlərin ikili standartdan yanaşması dayanır. ABŞ-ın mövqeyinə gəlincə, təbii ki, Dağlıq Qarabağ separatçılarına edilən hər hansı bir yardım erməni icmasına bir dəstək kimi nəzərdə tutulsa da, əslində isə, separatçılığa bir dəstəkdir. Ona görə də, bütün bunlar proseslərin uzanmasına və Azərbaycanın haqq işinin bu qədər gec həll olunmasına gətirib çıxaran amillərdir.

Dağlıq Qarabağ probleminin həll, təbii ki, bu regionda marağı olan dövlətlərin atdığı addımlardan asılıdır. Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət edən bir dövlət kimi sözügedən məsələnin sülh yolu ilə həll edilməsinə çalışır. Ona görə də, Dağlıq Qarabağ münaqişəsi regionda maraqı olan qüvvələrin toqquşmasının nəticəsi olaraq sülh yolu ilə həll edilmir. Güman edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsi və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu məsələnin həllinə kifayət qədər təkan vermək imkanına malik olan bir dövlətə çevrilib. Bir sözlə, Azərbaycanın iqtisadi qüdrəti, beynəlxalq enerji sistemində iştirakı və s. kimi məsələlər bizə fikir söyləməyə əsas verir ki, 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsi həll olunacaqdır. Bir sözlə, region maraqların toqquşma dairəsindən çıxdıqdan sonra Dağlıq Qarabağ münaqişəsi çox asan və rahat şəkildə öz həllini tapa bilər.


GÜLYANƏ

Digər xəbərlər