2012-ci ilin ilk ayı başa çatmaq üzrədir. Yerli politoloqlarla yanaşı, beynəlxalq politoloqların da verdiyi məlumatlara görə, 2012-ci il işğalçı Ermənistan üçün uçurum ili olacaq.
Səbəbi isə Ermənistanda mövcud olan böhranlı sosial-iqtisadi durum bu ildə də davam etməkdədir. Politoloq Rüstəm Məmmədov "Səs" qəzetinə açıqlamasında bildirib ki, ölkənin iqtisadi cəhətdən günü-gündən zəifləməsi bütün sahələrə öz təsirini göstərməkdədir: "Artıq 2012-ci il başlayandan bəri ölkədə qiymət artımı və pulun qiymətdən düşməsinin müşahidə olunması mövcud hakimiyyətlə cəmiyyət arasında böyük bir uçurumun yaranmasına şərait yaratmışdır. Qeyd etmək lazımdır ki, cari ilin ilk ayında Ermənistanda kommunal xidmətlərin qiymətləri qaldırılmışdır. Bundan öncə də müşahidə olunan bu hal artıq dözülməz bir həddə çatıb. Vətəndaşların öz maaşlarını vaxtında ala bilməməsi, işsizlik probleminin günü-gündən daha böyük miqyasda yayıldığı bir vaxtda kommunal xəriclərin artması Ermənistan vətəndaşı üçün həlli qeyri-mümkün olan problemlər yaradır. Yəni onsuz da maliyyə xərcləri içərisində boğulan Ermənistan cəmiyyəti daha ağır vəziyyətin yaranmasına tab gətirə bilmir. Bu günlərdə Ermənistanda benzinin bahalaşması isə daha böyük etirazla qarşılanıb. Belə ki, bu qiymət artımı artıq son bir ayda üçüncü dəfədir həyata keçirilir ki, bu da yolverilməzdir. Ərzaq məhsullarında yüksək qiymət artımı fonunda erməni dramının qiyməti günü-gündən aşağı düşməkdədir. Bu isə, birbaşa olaraq, dövlətin iqtisadi siyasətinə öz zərbəsini vurmaqdadır. Məhz bunun nəticəsidir ki, ölkədə heç bir iqtisadi irəliləyiş əldə olunmur, əksinə, ölkədə iqtisadi geriləmə artıq bütün statistik məlumatlarda öz əksini tapmaqdadır".
Politoloqun sözlərinə görə, Ermənistan bu gün dərin bir iqtisadi böhran içərisindədir ki, bundan da ən çox əziyyət çəkənlər məhz sadə Ermənistan vətəndaşlarıdır: "Vətəndaşlar ölkədə baş verməkdə olan bu böhranda hökuməti günahlandırırlar. Heç təsadüfi deyil ki, paytaxt Yerevanda baş qaldıran mitinqlər, kütləvi etiraz aksiyalarında əsas şüar kimi mövcud hökumətin istefası tələbləri səsləndirilir. Artıq S.Sarkisyan hökumətinin etimadları doğrultmaması, özünün terrorçu üzünü tam çılpaqlığı ilə göstərməsi onu əsil mahiyyətini üzə çıxarmış olur. Əslində, ayrı-ayrı mafioz qrupların əlində cəmlənmiş hakimiyyət ölkədə özübaşınalıqlar törətməklə məşğuldur. Bundan irəli gəlir ki, Ermənistanda ictimai-siyasi vəziyyət sabit qalmayıb, daim qarışıqlıqlarla müşahidə olunmaqdadır. Tez-tez silahlı insidentlərin baş verməsi və cinayətkarların cəzalandırılmaması bu özbaşınalığın daha da geniş yayılmasına səbəb olur. İş orasındadır ki, artıq bu qüvvələrlə bacarmayan Sarkisyan onlara məğlub olduğunu boynuna alıb. Onun dövlət idarəçiliyində prezident kimi öz nüfuzunu itirməsi buna əyani sübutdur".
Ermənistan hökumətinin öz nüfuzunu itirməsi artıq vətəndaşların da ona itaət etməməsinə və mərkəzi hakimiyyətə tabe olmamaq meyillərinin yaranmasına səbəb olduğunu deyən R.Məmmədov onu da vurğulayıb ki, bütün bunlar isə işğalçı Ermənistanı artıq idarə olunması mümkün olmayan bir ölkəyə çevirmişdir.
Göründüyü kimi, bu faktorlar vətəndaş-hökumət arasında qarşıdurmalara səbəb olmaqdadır.
Aytən Səmədova