Fars-molla rejimi bu ildə də Azərbaycan əleyhinə təbliğatından geri qalmadı. Bir yandan ABŞ-a hərbi müstəvidə "əzələ" nümayiş etdirən rəsmi Tehran Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanı da təhdid altında saxlamağa cəhdlər göstərir. Hər halda, panfarsistlərin Azərbaycana qarşı bu qədər aqressivliyinin kökündə məhz qorxunun dayanması, təbii ki, bir faktdır, bir sübutdur.
Bildirək ki, zaman-zaman iranlı ayətullahlar və rəsmi Tehranın siyasiləri Azərbaycan dövlətini, Azərbaycan hakimiyyətini və Azərbaycan xalqını müxtəlif təbliğat vasitələri ilə aşağılayır, ölkəmizin ünvana təhqirlər yağdırırlar. Azərbaycanın sarsılmaz dövlət müstəqilliyini həzm edə bilməyən qondarma mollalar və panfarsizm rejimi, üstəlik, ölkəmizi "Arran dövləti" adlandıraraq həyasızcasına bizlərin "fars kökümüzdən döndüyümüzü" də iddia edirlər. Və əslində, bütün bunlar aparılan anti-Azərbaycan təbliğatını ehtiva edən sıradan təzahürlərdir. Bəs İranda nələr baş verir?
İRAN MƏHKƏMƏLƏRİNDƏ QƏRARI HAKİM YOX, "ETTELAAT" VERİR
Bu gün İranda bir çox insanların hüquqları pozulur. Demək olar ki, ölkədə yaşayan azərbaycanlılarla yanaşı (ermənilərdən başqa), 70 milyonun hüquqları pozulur. İranda daha çox ərəblərin, kürdlərin, bəlucların, lorların hüquqları daha çox tapdaq altındadır. İnsanların öz ana dilində təhsil ala bilməməsi isə beynəlxalq konvensiyalara görə də ən böyük hüquq pozuntularından biridir. Eyni zamanda, vətəndaşlar haqlarını demokratik və sivil yollarla da tələb etdiklərindən, daha ciddi təqiblərə məruz qalırlar. Və bu gün İranda öz tarixi torpaqlarında yaşayan 30 milyondan çox azərbaycanlı üçün heç bir hüquq tanınmır.
Qeyd edək ki, bugünkü rejimdən narazı olan çoxsaylı farslar da var. Onlar da həbs olunur, işgəncələrə məruz qalırlar, təcavüzə uğrayırlar. Onlar da azadlıq və demokratiya istəyirlər. Azad şəkildə sözlərini deyə biləcəkləri sivil toplumda yaşamaq, vətəndaşlar arasında bərabər hüquqların təmin olunmağını istəyirlər. Bir çox hüquqlar var ki, yalnız sistemdə çalışan məmurlara tərəfindən tanınır. Onlar sosial cəhətdən yaxşı yaşayır, maddi sıxıntı çəkmirlər. Halbuki çalışdığı yerdən və ixtisasından asılı olmayaraq, sosial rifah hər bir ölkə vətəndaşının haqqıdır.
SÖZ VƏ FİKİR AZADLIĞINA QARŞI QADAĞA HÖKMÜ
İranda diktator rejimi söz azadlığının qarşısını alır. Media ciddi nəzarət altındadır və rejimin əleyhinə heç bir tənqidi informasiyaya, yazılara yer verilmir. Bu qadağa İranda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin bütün sahələrinə aiddir. Kim qarşı çıxarsa, həbslə nəticələnir.
Bu gün İran parlamentində fəaliyyət göstərən millət vəkilləri İranın hüquq-mühafizə orqanlarına xidmət edən adamlardır, bunlar xalqın istəyi ilə seçilməyiblər, təyin olunublar. Odur ki, onlar millət deyil, saxta sistem vəkilləridirlər desək, yanılmarıq. Buna görə də İranda məhkəmələr müstəqil deyil, "Ettelaat"dan asılıdır. Odur ki, formal olaraq məhkəmə qurulur, müttəhimə söz verilir, hakim danışır. Amma qərar "Ettelaat"ın göstərişi ilə çıxarılır. Hakim sadəcə idarə olunan oyuncaqdır. Buna görə də məhkəmənin keçirilməsi, gedişatı, proseslərdə kimin nə dediyinin, vəkilin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, "Ettelaat" hansı cəza tələb etsə, hakim də o qərarı verir. İran məhkəmələri tamaşadan başqa bir şey deyil.
ÖZÜNÜN ƏLEYHİNƏ İŞLƏYƏN SAATLI BOMBA
Hazırda İrandakı soydaşlarımız məruz qaldıqları hüquq pozuntularını öyrəndikcə, milli oyanış baş verir. Məhz molla rejiminin qorxusu da bundadır. Odur ki, soydaşlarımızı keçmişindən ayırmaq, milli kimliyindən uzaqlaşdırmaq üçün ana dilində təhsildən məhrum edir, haqlarını tələb edən, millətimizi oyatmağa çalışan milli fəallara qarşı amansız təzyiqlər göstərir. Rejim azərbaycanlıların tək elmi-mədəni deyil, eyni zamanda, sosial-iqtisadi inkişafının da qarşısını almağa çalışır. Mollalar istəyir ki, maddi sıxıntı çəkən millətin başı ancaq dolanmağa qarışsın, siyasi-milli fəaliyyət yada düşməsin. Odur ki, azərbaycanlılar yaşayan ərazilərdə fabrik və zavodların tikilməsini, hətta əhalinin əkinçiliklə məşğul olmasını istəmirlər.
Ancaq unutmaq lazım deyil ki, bu cür davranışlarla İran sadəcə özünün əleyhinə işləyən saatlı bomba ixtira edib. Həmin bombanın partlayışı isə, ümumilikdə, panfarsizm ideologiyasını məhv edəcək.
R.NURƏDDİNOĞLU