PDF Oxu

Araşdırma

  • 723

İran - daxili çəkişmələrə doğru

İran - daxili çəkişmələrə doğru

Molla və panfarsist rejim Azərbaycana qarşı törətdiyi təxribatları necə "sığortalamaq" istəyir?

Artıq beynəlxalq çərçivədə təcrid vəziyyətinə düşmüş İran İslam Respublikası, bütün bunlara baxmayaraq, aqressiv siyasətini daha sərt formada davam etidirməkdə qərarlı olduğunu son davranışları ilə sərgiləyir. Məlum olduğu kimi, rəsmi Tehran rejimi yenidən anti-Azərbaycan fəaliyyətini aparmaq məqsədilə Azərbaycana nota verib. Belə ki, İranın "İRNA" və digər rəsmi xəbər agentlikləri həqiqətlərə əsaslanmayan informasiyalar yaymaqla bildiriblər ki, guya Azərbaycan İsrail kəşfiyyatının fəaliyyətiylə bağlı hansısa tədbirlər həyata keçirir və bu, bilavasitə İranla bağlıdır.


Hətta sözügedən qərəz "narahatlıq" qismində və nota şəklində Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundova təqdim olunub. Notada Azərbaycan hökumətindən tələb olunur ki, "rəsmi Bakı İrana hərbi müdaxiləyə hazırlıq məqsədiylə ölkəmizin ərazisindən İsrail kəşfiyyatının istifadə etməsinə aydınlıq gətirsin və bunun qarşısını alsın". Hətta bir az da irəli gedilərək, iddia olunub ki, İranda nüvə alimlərinə qarşı sui-qəsd aktlarını həyata keçirən "terrorçular" guya Azərbaycan ərazisindən istifadə edərək, İsrailə qaçmağı bacarıblar.

Eləcə də, İran Xarici İşlər Nazirliyinin MDB və Qafqaz işləri üzrə dəftərxanasının baş direktoru İsrail xüsusi xidmət qurumu "Mossad"ın Azərbaycanda İrana qarşı məhdudiyyətsiz kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu iddia edib. Rəsmi qurum Azərbaycan hökumətinin qarşısında "Mossad"ın Azərbaycan ərazisindən İrana qarşı əməliyyatlarda istifadəsinə son verməsi tələbini qoyub. Notada, həmçinin, qeyd edilib ki, İranın nüvə alimlərinin qətli ilə əlaqəli terrorçular İsrailə Azərbaycandan keçərək qaçıblar. Lakin qərəzliyini və əsassızlığını ortaya qoyan İranın cavabı da gecikməyib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev açıqlamasında bildirib ki, qeyd edilənlərin hər birisinin arxasında cəfəng böhtanlar dayanıb: "Bu, absurd xarakterli bir notadır. Təbii ki, Azərbaycanla bağlı bu məlumat yalandır, həqiqətə uyğun deyil. Hesab edirik ki, bu nota Azərbaycanın bir neçə gün qabaq İrana təqdim etdiyi notasına reaksiyadır. Azərbaycan özü terrordan əziyyət çəkmiş bir ölkədir. Azərbaycan heç bir zaman ərazisində hansısa terror təşkilatının yerləşməsinə, terror fəaliyyətinin aparılmasına imkan verməyəcək. Azərbaycan İranla münasibətlərin mehriban qonşuluq səviyyəsində olmasına tərəfdardır. Lakin son zamanlar İran tərəfdən edilən bəzi neqativ hərəkətlər bu qonşuluq siyasətinə mənfi təsir göstərir. Azərbaycanla İran arasında mehriban qonşuluq siyasəti bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə də söykənməlidir".

Onu da xatırlatmaq yerinə düşərdi ki, bu il yanvarın 11-də motosiklet sürən iki şəxs Tehranda bir avtomobilə bomba yapışdırıb. Bombanın partlaması nəticəsində Nətənz nüvə təsisatı ticarət bölməsi rəisinin müavini, 32 yaşlı Mustafa Əhmədi Rövşən yerindəcə həlak olub. Sürücü və daha bir nəfər xəstəxanada ölüb. Hadisə ilə bağlı İran ETTELAAT-ının rəhbəri Heydər Moslehi yanvarın 16-da bəyan etmişdi ki, baş vermiş terrorda Amerika, Böyük Britaniya və İsrailin əli var. O bildirmişdi ki, Amerika və Böyük Britaniya bu terrorda özlərini gizlədə bilməzlər və bu terrorun arxasında olan ingilislərə, amerikalılara, "Mossad"a və onlarla əməkdaşlıq edənlərə kəskin cavab veriləcək.

Lakin bir da qeyd etmək yerinə düşərdi ki, bu il yanvarın 19-da Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi rəsmi məlumat yayaraq, bəyan edib ki, xarici ölkədən olan və Azərbaycanda fəaliyyət göstərən ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməkdə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs yaxalanıb.Belə ki, İranın xüsusi xidmət orqanlarının əməkdaşları həmin şəxslərə himayədarlıq edib. Qətlləri həyata keçirməli olan iki Azərbaycan vətəndaşı - Rasim Əliyev və Əli Hüseynov həbs olunublar.

Buradan da, bir daha bəlli olur ki, İran dövlətinin artıq neçə illərdir Azərbaycan Respublikasında, onun paytaxtı Bakı şəhərində həyata keçirdiyi təxribat xarakterli hərəkətləri məhz bu tərzdə "sığortalamaq" niyyətini güdür.


Nüvə proqramına görə öz xalqını belə qırğına verməyə hazır olan İran


Məhz bu gün də, hər zaman olduğu kimi, İranın hakim molla rejimi nüvə proqramına görə bütün dünyanı öz üzərinə, eləcə də, xalqına qarşı qaldırıb. Hazırda dünyanın bir çox dövlətləri İranı iqtisadi sanksiyalara məruz qoyub. Ölkəyə neft embarqosu tətbiq edilib. İranda yaşayan xalqlar acınacaqlı vəziyyətdədir. Vəziyyət o həddə çatıb ki, artıq insanlar cinayətlər törədərək, yaşamlarını saxlamaq istəyirlər. Həbs olunanlar isə dar ağacı eşafotuna çıxarılırlar. İran hakimiyyəti bu vəziyyətdən çıxmaq əvəzinə, qonşu dövlətlərlə münaqişə vəziyyətini davam etdirir, təxribatlardan əl çəkmir. Mollalar anlamaq istəmirlər ki, Azərbaycan dövləti İranla bağlı münaqişədə yoxdur, ola da bilməz. Azərbaycanın guya İranın iddia etdiyi kimi "sionistlərlə" İrana qarşı hərəkətlərdə əməkdaşlığı mümkün deyil. Bu kimi saxta iddiaları dilə gətirməklə İran dövləti (Suriya məsələsində Türkiyəni suçladığı kimi) Azərbaycanı günahkar çıxarmaqla bir neçə hədəfi vurmaq istəyir. Yəni ölkədə daxili ictimai rəyə mesaj verilir ki, "baxın, müsəlman Azərbaycan İrana qarşı olan güclərlə eyni səfdədir". Və təbii ki, bütün bunlar bəsit hazırlanmış qərəz xarakterli ssenaridir və qeyri-ciddi görünür. Real durum ortadadır və aydın görünür ki, bütün bu kimi addımlarla İran özünü daha gülünc vəziyyətə salır və bütün dövlətləri özünə düşmən edir.


Parlament seçkiləri ərəfəsində etnik iğtişaşlar və hakimiyyətdaxili ziddiyyətlərin rolu


İranda parlament seçkilərinin gərgin keçəcəyi iə bağlı verilən proqnozlar özünü doğrultmaqdadır. Yəni parlament seçkiləri öncəsi ölkə daxilində ictimai-siyasi durum ürəkaçan deyil. Xalqın parlamentdə görmək istədiyi şəxslər mühakimə olunmadan zindanlara salınıb. Hökumətin apardığı yanlış siyasət və ədalətsiz qərarları üzündən insanların dövlətə olan inamı azalıb. Müxaliflər hesab edir ki, 2009-cu ildə ölkədə keçirilən prezident seçkisinin nəticələrinə etirazlardan sonra respublika sistemi və idarəçilik üsulu öz mahiyyətini itirdi. Seçki etirazlarında xalqla rəftar isə sistemin islami mahiyyətinə son qoydu.

Üləmalar Məclisinin üzvləri isə hökumətin yürütdüyü siyasətin islam şəriətini, dini qanunları tapdadığını, islam inqilabının uğursuzluğa yuvarlandığını qeyd edirlər: " Bu vəziyyətdə dini mərkəzlər zalıma qarşı çıxa biləcək, islamın müdafiəsinə qalxa biləcək ruhaniləri necə yetişdirə bilər? Bəzi özbaşına qüvvələrin islam şəriətini istədikləri kimi təfsir etməsi şəriət və islam respublikası qanunlarına uyğundurmu? İnsanları mühakimə olunmadan mürtəd və kafir adlandıraraq həbsə salmaq düzgündürmü? Zindanda insanların gözünü bağlayıb təzyiq və təhdid yolu ilə onlardan yalançı etiraflar almaq islam qaydalarına uyğundurmu? Hansısa bir şəxsin günahı sübut olunmadan icazəsiz onun evinə girmək və bəzən onun hətta şəxsi əşyalarını da götürüb aparmaq islam dəyərlərinə zidd deyilmi? "

Müxalif ayətullahlar hökumətin onlara qarşı repressiyalarını da pisləyib: "Sepah" qüvvələri bizim arvad-uşağımız mənzildə ola-ola evimizə hücum çəkir, hədə-qorxu gəlirlər. Özünü müdafiə edə bilməyən arvad-uşağa hücum çəkmək, onları qorxuya salıb təhdid etmək islam şəriətinə uyğundurmu?"

Siyasi ekspertlər bu cür açıqlamaları hakimiyyətdaxili ziddiyyətlərin nəticəsi hesab edirlər. Hesab olunur ki, parlament seçkilərinə doğru bu cür sərt açıqlamalar, dini elitadaxili ziddiyyətlər daha da artacaq. İranda ayrı-ayrı qrupların təhriki ilə entik münaqişələrin yaranması da realdır. Artıq bu münaqişələrdən biri yaranıb. İranın ərəblər yaşayan Xuzistan vilayətində qarşıdurmalar baş verib. Məlumata görə, nəticədə 3 nəfər öldürülüb, 49 nəfər həbs edilib. Həbs olunanlar arasında İran İslam İnqilabı Keşikçilər Korpusunun ("Sepah") bir keçmiş zabiti də var. Ölənlərin hər üçünün zindandakı işgəncələr nəticəsində həlak olduğu bildirilir. Hadisədən sonra Xuzistan vilayətinin bir sıra şəhərlərində komendant saatı elan edilib. Analitiklər İranda iğtişaşların ərəblər yaşayan bölgədə baş verməsini təsadüfi saymırlar. Xuzistan ərəb ölkələrinə yaxındır və orada baş verənlər, heç şübhəsiz ki, ərəb baharının təsiridir. Baş verənlər barədə proqnozlar olduqca bədbindir. Hesab olunur ki, Qərb texnoloqları İran rejimini parlament seçkiləri öncəsi, siyasi fəallıq artan zaman, etnik münaqişələr yolu ilə devirməyi planlayırlar. İran rejimi prezident seçkilərində olduqca güclü idi, amma yaşıl inqilabı güc-bəla ilə yatıra bildi. Parlament seçkilərində inqilab başlansa, bunun qarşısını almaq, İranda sabitliyi qısa müddətdə təmin etmək mümkün olmayacaq.


R.NURƏDDİNOĞLU

Digər xəbərlər