Fransa Senatının qondarma "erməni soyqırımı"nı kriminallaşdıran qanun qəbul etməsi bu ölkənin insan hüquq və azadlıqlarını kobud şəkildə pozduğunu bütün dünyaya göstərmiş oldu. Hər zaman olduğu kimi, bu dəfə də Türkiyə və Azərbaycan eyni mövqedən çıxış edərək, Fransa Senatının qəbul etdiyi qanun layihəsini pislədiklərini bəyan ediblər. Politoloq Rüstəm Məmmədov bizimlə söhbətində bildirdi ki, Fransa prezidenti Nikolya Sarkozi keçirilməsi nəzərdə tutulan prezident seçkilərində ermənilərin dəstəyinə ümid bəslədiyinə görə, Fransa xalqına heç də baş ucalığı gətirməyən qanun layihəsinin Senat tərəfindən qəbul edilməsinə nail olub: "Yaxşı siyasətçinin bir şəxsin səsinə də ehtiyacı var. Yəni, bu cür siyasətçi bir şəxsin belə səsini itirmək istəmir. Fransada yaşayan yarım milyon erməni səsini özünə tərəf çəkmək ideyası N.Sarkozidə çox güclüdür. Demək olar ki, Fransada keçirilən seçkilər müəyyən dərəcədə siyasi dairələrin məramına uyğunlaşır. Onların biznes maraqları nəyi tələb edirsə, ona da uyğun prezident seçkiləri keçirməyə çalışırlar. N.Sarkozinin ermənipərəst mövqeyi və ermənilərin dəstəyinə ümid bəsləməsi, onun seçkidə məğlub olmasının qarşısını ala bilməyəcək. Çünki N.Sarkozi Fransada mövqeyini tamamilə itirib".
R.Məmmədovun sözlərinə görə, hər zaman Fransa dövləti ermənipərəst mövqe sərgiləyib. Bütün dünya ölkələri də çox gözəl bilir ki, Fransa ermənipərəst mövqe sərgiləyir. Demək olar ki, bu dövlət, işğalçı ölkə olan Ermənistanın xeyrinə olacaq bəyanatlar ilə çıxış edir. Bunun da səbəbi Fransada güclü erməni lobbisinin fəaliyyət göstərməsidir.
Politoloq Elçin Mirzəbəyli isə Fransa Senatının qondarma qanun qəbul etməsini bir neçə səbəblə əlaqələndirdi: "Bunlardan biri məhz Nikolya Sarkozinin keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirakı və erməni diasporun səsini almaq niyyətidir. Bildiyiniz kimi, Fransada 400 min erməni yaşayır. Bu seçicilərin səsinin alınması üçün məhz qondarma "erməni soyqırımı" kriminallaşdırılması ilə bağlı qanun Fransa Senatına təqdim olundu. Təbii ki, bu qanun N.Sarkozinin təkidi və istəyi ilə qəbul olundu. Fransada keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin maliyyələşdirilməsi məsələsi də var. Bu ölkədə erməni əsilli iş adamları fəaliyyət göstərirlər. N.Sarkozi ilə erməni əsilli iş adamlarının çox yaxın əlaqələrinin olduğu Fransa mətbuat orqanlarında dərc olunur. Fransa dövlətinin məşhur qəzetlərindən biri olan "Le Mondo" bu yaxınlarda bir məqalə çap edilmişdir. Həmin çap olunan məqalədə bildirilirdi ki, belə bir qanunun qəbul edilməsində N.Sarkozinin təkcə siyası maraqları yox, o cümlədən, maddi maraqları da var. Bu da sözügedən ölkədə seçki kampaniyasının maliyyələşdirilməsi nəzərdə tutulur".
E.Mirzəbəyli onu da bildirdi ki, belə bir qanunu qəbul edilməsi ilə Fransa Türkiyənin Avropa Birliyinə daxil olmasının qarşısının alınmasına ümid bəsləyir: "Fransa Avropa Birliyinin ən böyük ölkəsidir. Avropa Birliyində və Avropa Parlamentində müstəsna təsir imkanlarına malikdir. Burada bir çox məsələlərdə Almaniya ilə Fransanın maraqları üst-üstə düşür. Türkiyənin Avropa Birliyində olunmasının qarşısının alınması prosesində, hər iki dövlətin aktiv siyasət yürütdüyünü nəzərə alsaq-qanunun qəbulunda bu məsələlərində rol oynadığını demək olar. Düzdür, Almaniya özündə belə bir qanunun qəbul olunması mümkün deyil. Çünki Almaniyada türk diasporu geniş şəkildə bu ölkədə fəaliyyət göstərir. Ancaq Almaniyanın rəsmi dairələrinin qəbul olunan qanunla bağlı heç bir əks reaksiya verməməsi, onu deməyə əsas verir ki, bu qanunun qəbul edilməsi Almaniyanın da maraqlarına xidmət edir".
GÜLYANƏ