PDF Oxu

Araşdırma

  • 849

“Ərəb baharı”nın Azərbaycana gəlişi qeyri-mümkündür

“Ərəb baharı”nın Azərbaycana gəlişi qeyri-mümkündür

Məlum olduğu kimi, bu günlərdə Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ili tamam oldu. Bu 20 il ərzində Azərbaycanın ABŞ-la olan əlaqələri yüksək xətlə inkişaf edib və hazırda həmin xətt yüksək səviyyədə artmaqda davam edir. Bu gün hər iki ölkə həm də strateji əməkdaşlıq çərçivəsində bir çox əhəmiyyətli məsələləri həll edərək, regionda sülhün və sabitliyin əldə olunması üçün əlaqələrini gücləndirməkdədir. Bu və digər məsələlərə münasibət bildirən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq daha bir məsələyə də toxunaraq, bildirib ki, ABŞ-Azərbaycan əlaqələri bu 20 il müddətində çox böyük inkişaf yolu keçsə də, eyni sözləri Azərbaycanın özünə də aid etmək olar. Belə ki, Azərbayacan özü də ötən 20 ildə böyük inkişaf yolu keçib və bu iki məsələni bir-birindən ayırmaq mümkün deyil: "Azərbaycan çox mürəkkəb şəraitdə 20 il öncə müstəqilliyini bərpa etdi. Bu zaman ölkə bir sıra xarici qüvvələrin təsiri altında idi, eyni zamanda, silahlı münaqişəyə cəlb olunmuşdu. Belə bir məqamda ABŞ və Azərbaycan hər ikisi Azərbaycanın güclü inkişaf etmiş müstəqil dövlət olması ilə bağlı ortaq maraqları bölüşdülər".

Onu da qeyd edək ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Münhendə təhlükəsizlik konfransında Ona ünvanlanmış suallardan birinə cavab verərəkən, bildirmişdir ki, Azərbaycanı Misirdəki hadisələr gözləmir. Yəni "ərəb baharı"nın Azərbaycana gəlişi tamamilə qeyri-mümkündür. Məhz bu məsələyə də münasibət bildirən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili xüsusilə vurğulayıb ki, o, Prezident İlham Əliyevin fikirləri ilə razıdır: "Mən cənab Prezidentin fikirləri ilə razıyam. İki ölkəni bir-biri ilə müqayisə etmək heç də məqsədəuyğun deyil. Ölkələr tarixlərinə, vəziyyətlərinə, şəraitlərinə görə bir-birindən fərqlənirlər. Mən də Azərbaycandakı vəziyyət barəsində mühakimə yürütmək üçün hər hansı bir ölkə ilə müqayisə aparmayacam. Azərbaycandakı vəziyyətə baxdıqda, görə bilərik ki, ötən 5-6 il ərzində ölkə çox böyük iqtisadi inkişaf yolu keçib. Bu da çox böyük imkanlar yaradıb, imkanların artmasına səbəb olub".

A.Sterlinq Azərbaycan vətəndaşlarının öz dövlətinə və hökumətinə inamının daha da artığını qeyd edərək bildirib ki, cəmiyyətdə çox böyük müsbət dəyişikliklər baş verib: "Vətəndaşların öz hökumətlərinə inamı artırıb. Bununla paralel olaraq cəmiyyətdə çox böyük müsbət dəyişikliklər baş verib. Bu, özlüyündə sabitliyə gətirib çıxarır. Vətəndaşlar hökumətlərinin onlar üçün maneə, əngəl yaratmasına yox, kömək etməsinə inanırlar". Özü-özlüyündə bu uğurlu fəaliyyətləri daxili demokratiyanın, iqtisadi islahatların bir hissəsi kimi dəyərləndirən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili bildirib ki, bu amil cəmiyyətdə sabitliyin bərqərar olunması üçün başlıca məsələdir: "Hesab edirik ki, bu kimi islahatların davam etdirilməsi cəmiyyətdə uzunmüddətli sabitliyin bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir".


R.NURƏDDİNOĞLU

Digər xəbərlər