Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulması üçün Rusiyanın vasitəçilik edəcəyini bəyan edib. Bu təklifə Azərbaycan cəmiyyətində münasibət heç də müsbət deyil. Millət vəkili Gülər Əhmədova bildirdi ki, Azərbaycanla Ermənistan arasında humanitar əlaqələr qurula bilməz. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 1 milyondan çox insan ev-eşiyindən didərgin düşüb.
Humanitar əlaqələr yalnız Ermənistanın işğalçılıq siyasətinə son qoymasından sonra mümkün ola bilər. Bu mənada, Rusiyanın vasitəçilik səyinin nəticəsiz qalacağı şübhəsizdir: "Rusiyanın irəli sürdüyü humanitar yardımlar kimi titullar hər dəfə konfliktlərin müxtəlif mərhələlərində həyata keçirilir. Hazırda isə Azərbaycan və Ermənistan arasında olan münaqişə özünün gərgin dövrünü yaşayır. Bu gün münaqişənin elə bir dövründəyik ki, Ermənistanın hər hansı bir fikir missiyası ilə bağlı nə isə demək çətindir. Demək olmaz ki, bu gün işğalçı ölkədə ziyalılar var, onların səsi eşidilir və onlar, doğrudan da, sülhə hazırdılar. Yəni, bu cür insanlar var. Lakin onların səsinin eşidilməsi üçün zamana ehtiyac var. Sadəcə olaraq, bu, "Xalq Diplomatiyası" və bu kimi təkliflər Dağlıq Qarabağ münaqişəsinin daha da uzanmasına səbəb olur. Bu da, şübhəsiz ki, Rusiyanın özünün daxili siyasətinə hesablanmış bir məsələdir. Çünki Rusiyanın daxili siyasətində kifayət qədər maraqlı hadisələr baş verir. Bir sözlə, Rusiyanın bu cür bəyanatla çıxış etməsi orada yaşayan azərbaycanlıların səsini qazanmağa hesablanıb. Hesab etmirəm ki, Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında humanitar əlaqələrin qurulması mümkün deyil. Bu, yalnız qeyd etdiyim kimi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsindən sonra mümkün ola bilər.
GÜLYANƏ