PDF Oxu

Araşdırma

  • 988

Üç mövzudan doğan həqiqətlər

Üç mövzudan doğan həqiqətlər

Bu gün dünyanın çağdaş siyasətində yeniliklər baş verməkdədir. Lakin həmin yeniliklər sırasında tarixi həqiqətlərə söykənən bir çox müəmmalar qalmaqdadır ki, həmin müəmmaların açılması, əslində, əsil motivləri ortaya çıxarmış olur. Həmin həqiqətlərdən biri də hazırda Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan və Ermənistanla əməkdaşlıq edən, bu dövlətin təcavüzkar siyasətini dolayısı, eləcə də, bilavasitə dəstəkləyən qüvvələrdir. Və burada qəbuledilməz siyasətin məhz həmin qüvvələr tərəfindən dəstəklənməsi isə, onu deməyə əsaslar verir ki, təkcə Ermənistan deyil, ona havadarlıq edənləri də bu dövlətin aqibəti gözləyir. Hazırda isə həmin dövlətlər xaos və anarxiyadan göz açmaq imkanında deyillər. Bəs həmin dövlətlər sırasında hansılar dayanıb və onların məqsədləri nədir? Bu suala cavab axtarmaq üçün bir çox aspektlərdən yanaşmalar etmək mümkündür. Həmin aspektləri isə üç mövzuya, yaxud da hissəyə bölmək mümkündür.


Birinci mövzu - Suriya və Ermənistanın tarixi əlaqələri və terror


Bu baxımdan, Ermənistanla yaxınlıq əlaqələri quran (o Suriyanın ki, hazırda bu dövlətdə insanlar öldürülür, evlər, məscidlər dağıdılır) Suriya prezidenti Bəşər Əsədin hələ 17 iyun 2009-cu ildə Ermənistana ikigünlük rəsmi səfərini xatırlatmaq lazımdır. Belə ki, Bəşər Əsəd həmin dövrdə yaxınlıq siyasətini ört-basdır etməkdən ötrü Ermənistanın dövlət protokolunun qaydalarını "pozaraq" "erməni soyqırımı" abidəsini ziyarət etmir. Çünki həmin dövrlərdə Suriya yenicə Türkiyə ilə münasibətlərini normallaşdırmış və Bakıya səfəri nəzərdə tutulan Əsəd türk dövlətlərini narazı salmağın nəticələrini yaxşı dərk edirdi.

Ancaq Suriya ilə münasibətlərin inkişafında maraqlı olan erməni tərəfi bu məsələdə nəinki güzəştə gedir, hətta Əsədi böyük təmtəraqla qarşılayır. Eləcə də, bütün ermənilərin katalikosu II Qaregin Suriya prezidentini erməni apostol kilsəsinin ən yüksək mükafatı - Müqəddəs Georgi xaçı ilə təltif edir. Eçmiədzindən yayılan açıqlamaya görə, bu mükafat Suriya prezidentinin ermənilərə, Ermənistana və iki ölkə münasibətlərinin inkişafına dəstəyinə görə verilir. II Qaregin bildirir ki, erməni xalqı 1915-ci il hadisələri zamanı Suriyanın ermənilərə göstərdiyi tarixi dəstəyi heç zaman yaddan çıxarmayacaq.

Haşiyə: Ermənistanın bu protokolunu pozan dövlət rəsmilərinə qarşı rəsmi Yerevan tərəfindən siyasi hücumlar belə törədilir. Ancaq Suriya prezidentinin bunun əvəzinə Eçmiədzin kilsəsindən orden alması da yuxarıda qeyd edilənləri bir daha təsdiq edir. Yəni Suriyanın xüsusi hörmətə malik olması arxasında erməni terrorunun izləri durur. II Qareginin fikirlərində kifayət qədər əsas var. Çünki ötən əsrin əvvəllərində Türkiyədən köçürülən ermənilərin böyük bir hissəsi ərəb ölkələrində, xüsusilə, Suriya və son illərə kimi onun təsiri altında olmuş Livanda məskunlaşıblar. Onlar Suriyanın ictimai-siyasi və biznes həyatına yaxından inteqrasiya edərək kifayət qədər güclü mövqeyə malik ola biliblər. Həm Hafiz Əsədin, həm də onun oğlu Bəşər Əsədin dövründə PKK ilə yanaşı, ermənilərin ASALA, "Apostol" kimi terror təşkilatlarının mərkəzi qərargahları Beyrutda, təlim-məşq bazaları isə Suriyada tam leqal şəkildə fəaliyyət göstəriblər. Üstəlik, Ankara ilə gərgin münasibətlər dövründə Suriya bu təşkilatlardan Türkiyəyə qarşı aktiv istifadə edib. Eləcə də, Yerevanda Serj Sarkisyanla görüşdən sonra keçirilən mətbuat konfransı zamanı Əsəd Dağlıq Qarabağ münaqişəsi haqda ölkəsinin mövqeyini çatdıraraq, qeyd etmişdi ki, Dəməşq bütün regional münaqişələrin dinc yolla, xalqların öz müqəddəratını təyinetmə hüququ tanınmaqla həllinə tərəfdardır. Diqqət yetirsək, görərik ki, o, dövlətlərin ərazi bütövlüyü prinsipi barədə heç bir söz deməmişdi. Yəni işğal faktını qəbul etməmişdi ki, bu da onun tərəfindən terrora dəstək ifadəsini təsdiq edir. B.Əsədin açıqlamasından da bunu duymaq mümkündür: "Əlbəttə, Ermənistanla Suriya arasında quru sərhədləri mövcud deyil. Ancaq biz prezident Sarkisyanla Ermənistan-Türkiyə münasibətlərini müzakirə etdik. Bu münasibətlərin normallaşması Türkiyənin, Ermənistanın, Suriyanın və bütün region ölkələrinin xeyirinə olacaq. Eyni zamanda, Ermənistan-İran dəmir yolunun tikintisi imkan yaradacaq ki, Ermənistan Fars körfəzinə çıxsın və ərəb ölkələri ilə əlaqələri genişləndirsin".

Hazırda vəziyyətin günbəgün mürəkkəbləşdiyi Suriyada yaşayan ermənilər Əsəd rejiminin qatı tərəfdarları qismində çıxış edirlər. Vikipediyanın 2010-cu il üçün məlumatına görə, Suriyanın 23 milyonluq əhalisinin 2-3 faizini ermənilər təşkil edir və onlar kürdlərdən sonra ən çoxsaylı milli azlıqdırlar. Ermənilərin 75 %-i Hələbdə, 15%-i Dəməşqdə, 10%-i isə ölkənin başqa şəhərlərində məskunlaşıblar. Hesab edilir ki, Suriya erməniləri mövcud hakimiyyətin çökməsindən çox qorxurlar. Məsələn, Dəməşq Universitetinin tarix müəllimi Nora Arisyanın fikrincə, Suriya erməniləri ən çox təhlükəsizlik xidmətlərinin kollapsından narahatdırlar. Keşiş Qaregin Beduryan isə baş verənlərə görə, müxalifəti ittiham edir. Ekspertlər hesab edir ki, müxalifət hakimiyyətə gələcəyi təqdirdə, ermənilərin narahat olmasına iki əsas səbəb var. Birincisi, Suriya Milli Şurasının Türkiyədə elan olunması, ikincisi isə ermənilərin indiyə qədər Bəşər Əsədi dəstəkləməsidir. Buna görə də Suriya erməniləri artıq digər ölkələrə, əsasən də, Ermənistana üz tutmaq haqqında fikirləşirlər. Ermənistan parlamentində bu məsələnin müzakirəsi zamanı ən çox səslənən təkliflərdən biri də ölkəyə gələcək Suriya ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsi olub.


İkinci mövzu - İran və Ermənistanın qohumluğu nədən qaynaqlanır?


2007-ci ildə qəbul olunmuş Ermənistan Milli Təhlükəsizlik Konsepsiyasında İran ilə münasibətlərin ortaq sərhədlər, tarixi yaxınlıq, mədəni əlaqələr, iqtisadi maraqlar çərçivəsində inkişaf etdiyi bildirilir və strateji xarakter daşıdığı qeyd olunur. Sənəddə göstərilir ki, Ermənistanın təcriddən qurtulması və Yaxın Şərq regionuna çıxış əldə etməsində İranın əvəzsiz rolu var. Həqiqətən də, İranla yaxınlaşmaqla işğalçı, regionun iqtisadi-siyasi həyatından kənarda qalmış, xarici ölkələrin və erməni lobbisinin yardımı ilə yaşayan ölkə kimi, Ermənistan regiondakı təcriddən qismən xilas olmaq imkanı qazanır. Azərbaycan və Türkiyə ilə qapalı sərhədlər, Rusiyaya birbaşa çıxışın olmaması, qarşılıqlı münasibətlərində müəyyən gərginliyin hökm sürdüyü Gürcüstanla həmsərhədliyin iqtisadi inkişaf baxımından böyük perspektivlər vəd etməməsi, həmçinin, cənub dənizlərinə çıxmaq imkanı Yerevanı İrana qucaq açmağa vadar edən coğrafi amillərdir. Geosiyasi perspektivdə isə Ermənistan İranla müttəfiq olaraq, onu Azərbaycandan uzaqlaşdırır, ən azından bu ölkənin bitərəfliyinə nail olur.

Müstəqil Azərbaycanı mövcudluğuna təhlükə kimi qiymətləndirən İranın dini-siyasi rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ermənipərəst mövqe nümayiş etdirir, müsəlmanların qətliamına, Ermənistanda və işğal edilmiş Azərbaycan torpaqlarında islam mədəni irsinin məhv edilməsinə göz yumur. Təsadüfi deyil ki, İranın "islam ölkələri ilə həmrəylik" doktrinası artıq antiislam siyasi kursu kimi xarakterizə edilir. Əslində, bu məsələdə İran üçün siyasi dividendlərin islami dəyərlərdən daha vacib olduğu açıq görünür. Çünki Ermənistanla yaxınlaşan rəsmi Tehran bir tərəfdən Türkiyə ilə Azərbaycan arasında inkişaf edən əlaqələri balanslaşdırmağa cəhd göstərir, digər tərəfdən isə Cənubi Qafqaz regionunda Qərbin iqtisadi fəallığının artırmasına mane olmağa çalışır.

Ermənistan üçün İranla münasibətlərdə iqtisadi amil daha önəmlidir. Qeyd edək ki, İranla Ermənistan arasında diplomatik əlaqələr 1992-ci ildə, Dağlıq Qarabağda hərbi əməliyyatların qızğın dövründə qurulub, Yerevanda Ermənistan-İran Əlaqələrini İnkişafetdirmə Komissiyası yaradılıb, iqtisadi və kommunikasiya layihələrinin həyata keçirilməsinə başlanılıb. Araz çayı üzərində iki ölkə arasında ticarətin əsas formalaşdırıcı amili qismində çıxış edən körpünün inşası hərbi əməliyyatlar dövründə ermənilərin iqtisadi təcridini xeyli zəiflədib. 1996-cı ildə Mehri-Qacaran tuneli və Araz çayı üzərində körpünün açılışı, ümumiyyətlə, 1994-1998-ci illərdə Ermənistanın ticarət əlaqələrində İranın ilk yeri tutması bütün məsələlərə aydınlıq gətirir.

İki dövlət arasında narkotik vasitələrin dövriyyəsi və bu biznesdən böyük vəsaitin əldə olunması da aktual məsələlərdəndir. Azərbaycan-İran sərhədinin Ermənistan tərəfindən nəzarət edilən hissəsi narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, terrorçular üzün sığınacaq və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. BMT-nin Narkotiklərə Qarşı Mübarizə üzrə Baş Ofisinin məruzələrində qeyd edildiyi kimi, narkotiklərin dövriyyəsi Azərbaycanın işğal altında olan İranla 132 km-lik sərhədi vasitəsilə həyata keçirilir. Ermənistan hakimiyyəti işğal altındakı Azərbaycan ərazilərinin narkotrafik məqsədilə istifadə olunması üçün əlverişli şərait yaradıb. Məlumata görə, narkotiklərdən əldə edilən gəlirlər Ermənistan siyasi elitasına çatır və onun bir hissəsi də Dağlıq Qarabağda separatçı rejimin və hərbi hissələrin saxlanmasına sərf olunur.


Üçüncü mövzu - təhdid


O da nəzərə alınmalıdır ki, Ermənistanla Azərbaycan münaqişə vəziyyətindədir, İran isə davamlı şəkildə Azərbaycana təzyiq və təhdid siyasəti yürüdür. Deməli, Suriya-İran-Ermənistan birliyi həm də Azərbaycana, ölkəmizin maraqlarına qarşı yönəlmiş siyasi ittifaqdır.

Bu razılaşma göstərir ki, bir ölkəyə hücum olarsa, o biri ona yardım göstərməyə borcludur. Yəni Türkiyə-Ermənistan müharibəsi baş verərsə, İran ermənilərin tərəfində müsəlmanlara qarşı vuruşacaq. İran həm də milyonlarla azərbaycanlı vətəndaşlarına hörmət etmir və düşmən tərəfə onların tarixi torpaqlarını işğal etməyə yardım göstərir. İran hakimiyyətinin məntiqi hardadır, onlar niyə belə edirlər. Bunu yalnız özləri bilirlər. Bundan başqa, İran Azərbaycanda öz ideologiyasını yayaraq, bu ölkədə Türkiyənin əhəmiyyətini azaltmağa çalışır. İran Ermənistanın ən böyük ticarət tərəfdaşlarındandır.

Bu gün bu faktorlar, bir daha deməyə əsas yaradır ki, əgər hər hansı bir dövlət Ermənistanla yaxınlıq əlaqəsi qurursa, həmin dövlətlərin antiterror siyasətləri sual altına düşür. Necə ki, bu, həm Suriyada, həm də İranda baş verən hadisələrdən qaynaqlanır. Düzdür, İranda vəziyyət, hələ ki, o dərəcədə gərginləşməsə də, Suriyada bu, özünü göstərir. Yəni terror və dağıdıcılıq həmin dövlətləri içəridən yeyir. Ermənistan da onlar kimi.


R.RƏSULOV

Digər xəbərlər