Nəticə göz qabağındadır
Bu gün ölkəmizə qonşu hesab edilən müsəlman İranın, bütövlükdə isə, İran İslam Respublikasının rəsmi siyasi dairələri öz xarici siyasətlərində ciddi yanlışlıqlara rəvac verməklə yanaşı, yaxınlıq, qonşuluq siyasətində də qüsurlara yol verməkdə israrlı olduqlarını nümayiş etdirirlər. Bu baxımdan İranın daxili və xarici siyasi dairələrinin artıq zaman-zaman deyil, demək olar ki, hər gün müəyyən mətbu orqanları vasitəsilə Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi bir çox məqamları üzə çıxarır. Bəs həmin məqamlar nədən ibarətdir? Qaynaqlanan məkrli siyasət arxasında daha hansı amillərin dayanması molla rejimi tərəfindən iddia olunur?
Bu suallara cavab axtararkən, bəzi statistik göstəricilərə müraciət etmək lazım olur ki, həmin göstəricilər, əslində, kimin haqsız olduğunu yetərincə sübut etmiş olur. Məsələn, bu gün Azərbaycanda İran İslam Respublikasının bir çox nümayəndəlikləri fəaliyyət göstərir. Yəni İranın ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusundan savayı, burada "xeyriyyəçilik" adı altında işləyən QHT-lər, təhsil müəssisələri, tibb ocaqları mövcuddur ki, onların sayı hazırda 90-nı keçib. Eləcə də, Azərbaycanda yaşayıb-işləyən bir çox İran vətəndaşları mövcuddur ki, onların müxtəlif sahələrdə çalışmalarına Azərbaycan tərəfindən heç bir maneəçilik törədilmir.
Ancaq Azərbaycandan fərqli olaraq, İranda, bütövlükdə, 20 nəfərdən ibarət rəsmi diplomatik korpusumuz mövcuddur və orada başqa heç bir QHT-miz, heç bir ictimai nümayəndəliyimiz yoxdur. Məhz bu baxımdan, İranın rəsmi və mətbu dairələrinin son günlər ölkəmizə qarşı yönəltdikləri qərəzli ittihamları başadüşülən hesab edilə bilməz. Və həqiqətə qaldıqda, əslində, Azərbaycan bütün bunlara baxmayaraq, öz qonşuluq siyasətində normal münasibət nümayiş etdirir, İran qarşısında siyasi tələblər qoymur.
İran tərəfi isə, öz siyasi baxışlarını müəyyən qara bucaq altında dövr etdirir ki, burada daha bir neçə məsələ icitimaiyyət arasında narazılıqla, hiddətlə qarşılanır. Belə ki, İranın rəsmi dairələri bu günlərdə Azərbaycanın iki güc nazirliyini guya narkotranzit rolu oynamaqda ittiham edib. Bildirilib ki, guya həmin nazirliklər İrandan Azərbaycana qaçaq yolu ilə gətirilən narkotiklərin qarşısını almır. Amma burada daha bir sual ortaya çıxır ki, əgər belə hal mövcuddursa, İran tərəfi nəyə görə öz ərazisində narkotik bitkilərinin əkilməsinə, becərilməsinə, yayılmasına göz yumur? Eləcə də, son illərdə İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən, lakin müvafiq güc strukturlarımız tərəfindən tutularaq həbs edilən öz ölkə vətəndaşlarının azadlığa çıxmasını tələb edir? Məgər bunun özü İran tərəfindən narkoticarətə dəstək vermək amili kimi dəyərləndirilə bilinməzmi? Əlbəttə ki, bu kimi halların arxasında da İranın rəsmi tərəfinin dayanması şübhə doğurmur.
Başqa tərəfdən, onu da qeyd etmək mümkündür ki, İran artıq uzun illərdir ki, işğalçılıq siyasəti yürüdən Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ ərazilərindən həm narkotranzit, həm də narkodilerlik fəaliyyətini davam etdirir. Və dəfələrlə sübuta yetirilmişdir ki, məhz bu kirli işlərdə İranın həm dini, həm də siyasi dairələrinin, fərdlərinin əlləri var. Bu hal mövcud olmasa idi, hazırda İranda həbs edilən insanların böyük hissəsinin narkotik maddələr üstündə edam edilmələri də geniş vüsət almazdı. Yəni bu işdən mənfəət götürən İran rəsmiləri öz narkoticarətlərini ört-basdır etməkdən ötrü sadə vətəndaşlarından istifadə edərək, onları dar ağaclarına göndərmiş olur. Bununla da rəsmilərin əməlləri başqalarının üzərinə yazılır.
Sonda bir faktı da vurğulamaq mümkündür ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, İranla hər zaman isti qonşuluq münasibətlərini qoruyub-saxlamaqda maraqlıdır. Məhz bu səbəbdən də, yuxarıda qeyd etdiyimiz kimi, İranın 90-na yaxın təşkilatları burada rahat fəaliyyət göstərməkdə davam edirlər. Amma İranda bunun əksinin baş verməsi həmin ölkənin bütün siyasi kartlarını açıq edib. Nəticə isə göz önündədir.
R.NURƏDDİNOĞLU