PDF Oxu

Araşdırma

  • 866

“İran rəsmiləri açıq müzakirələrlə başa saldılar ki, Dağlıq Qarabağ tənzimlənməsində onlar yalnız ermənipərəst ola bilərlər”

“İran rəsmiləri açıq müzakirələrlə başa saldılar ki, Dağlıq Qarabağ tənzimlənməsində onlar yalnız ermənipərəst ola bilərlər”

İranın xarici işlər naziri Ə.Salehi Naxçıvanda keçirilən üçtərəfli görüş zamanı qəbul edilmiş bəyannamədə Dağlıq Qarabağ probleminin suverenlik, ərazi bütövlüyü və beynəlxalq aləmdə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tənzimlənməsi müddəasının altından imza atdığı halda mətbuat nümayəndələri ilə görüşdə İranın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin tərəfdarı olduğunu bildirib. Bir neçə ziddiyyət və uyğunsuzluqla yanaşı bəzi mövqelərin təsdiqinin də olduğu bu mövqe təhlil üçün çox maraqlı ideyalar verdi:

1. İran Xİ naziri Ə.Salehinin mətbuata verdiyi açıqlamada "suverenlik" və "ərazi bütövlüyü" terminlərini işlətmədi. Ola bilər ki, Ə.Salehi üçtərəfli bəyannamədə Azərbaycanın xeyrinə olan müddəaya imza atmağa məcbur edilib. Ehtimal ki, bu məcburiyyətin müəllifi Türkiyənin xarici işlər naziridir. İranın mətbu orqanları Ə.Salehinin Naxçıvan görüşünə getmək istəmədiyini, sadəcə, Türkiyənin məcburən onu Naxçıvana gətirməsi barədə məlumatlar yaymışdılar. Əlbəttə, bu yaxşı xəbərdir ki, İranın Xarici İşlər nazirini məcbur edə biləcək qüvvə başqası yox, məhz qonşusu olan Türkiyənin xarici işlər naziridir. Bundan daha yaxşı məqam isə İran mətbu orqanlarında Ə.Salehinin ora məcburən, təkidli israrla getməsi haqqında məlumat yayılmasıdır. İranın xarici işlər nazirinin DQ tənzimlənməsi ilə bağlı mövqeyinin imzalanmış sənəddəki variantının mətbuat konfransında səsləndirdiyi variantından fərqlənməsinin başqa səbəbləri də ola bilər: keçən ilin aprelində Urmiyadakı bənzər üçtərəfli görüş zamanı Yaxın Şərqdəki proseslərə dəstəklə bağlı müddəaya Azərbaycan tərəfi İranın mövqeyinə görə imza atmışdı. İndi İran borcunu qaytardı;

2. İranın xarici işlər nazirinin Naxçıvan bəyannaməsində Dağlıq Qarabağ ilə bağlı bir, mətbuat konfransında başqa bir mövqe sərgiləməsi İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dərin ziddiyyətli olduğunu göstərdi. İranın xarici işlər naziri Ə.Salehi həmin mətbuat konfransında vurğunu ayrı şeylərin üzərində qoya bilər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı imzalanmış sənəddən fərqli mövqe nümayiş etdirməyə tələsməzdi. Görünür, xarici işlər naziri özündən yuxarıdakılardan qorxur. Ə.Salehini qorxduğu yuxarının bir və ya ikimərtəbəli olmasını bilmək bizim üçün maraqlıdır. Amma yuxarının bir və ya ikimərtəbəli olmasından asılı olmayaraq, İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinin ədalətdən və müsəlmançılıqdan uzaqda olması şəksizdir;

3. Ə.Salehi İİR-in Ermənistandakı səfiri Seyid Əli Saqiyanın verdiyi bəyanatları təkzib etmədi. Ə.Salehinin imza atdığı Naxçıvan bəyannaməsindəki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müddəa İranın Ermənistandakı səfirnin bildirdiyi rəsmi mövqeyi neytrallaşdıra bilərdi. Mətbuat konfransında Salehi fərqli mövqe nümayiş etdirməklə, səfir naqiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair İran adından bildirdiyi rəsmi mövqeyini dolayısı yolla dəstəkləmiş oldu.

4. İranın Ermənistandakı səfiri S.Saqiyan Naxçıvan görüşündən az sonra Dağlıq Qarabağ tənzimlənməsində İranın mövqeyinin ermənipərəst oluğunu daha aşkar şəkildə nümayiş etdirdi.O nazirinin Naxcıvanda mətbuat konfransı zamanı dediyi fikirin daha düzgün olduğunu bildirdi.İran diplomatları zidiyyətli mövqe nümayiş etdirməklə gələcəyə yer saxlamaq istəyirdilər,amma ermənilər imkan vermədilər.

5. İran XİN mətbuat xidməti rəhbərinin Dağlıq Qarabağ məsələsinə İranın rəsmi mövqeyini açıqlaması demək olar ki, ən sonda baş verdi. O, İranın Ermənistandakı səfirinin mövqeyini möhkəmləndirdi. İran XİN mətbuat xidməti rəhbərinin bəyanatından İran üçün region dövlətlərinin hamısı ilə münasibət qurmağın vacibliyi vurğulanır. 3 dövlətli reqionun 2 dövləti ərazi bütövlüyünün pozulmasından əziyyət çəkdiyini nəzərə alsaq, reqion dedikdə İranın yalnız Ermənistanı başa düşdüyünü konstatasiya edə bilərik.

Beləliklə, İran rəsmiləri açıq müzakirələr keçirməklə başa saldılar ki. Dağlıq Qarabağ tənzimlənməsində rəsmi Tehran üçün bir birilə bağlı 2 məsələ - antiazərbaycancılıq və ermənipərəstlik mövcuddur. Başqa heç nə yoxdur.

İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki tutduğu mövqenin mahiyyəti bizə bəllidir. Bu mövqe İranın bu günkü gün öz əleyhinə yönəlmişdir. Ən azı ona görə ki, İranın Dağlıq Qarabağ tənzimlənməsində belə antiazərbaycan, antimüsəlman mövqeyinin səbəbkarı İran özüdür. Biz İrana belə mövqedə durmaması üçün xahiş də etmişik, onun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki vasitəçiliyini də qəbul etmişik. Belə İran Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsi üzrə təkidli mövqeyini inkar edərək, sırf antiazərbaycan mövqedə dayanmışdır. Ona görə də biz İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini gələcəkdə antiiran generatoruna çevirməliyik. Əks təqdirdə, sabah başqa bir dövlət də Azərbaycan Respublikasına qarşı İran kimi mövqe nümayiş etdirə bilər.

Bəzən fikirləşirsən ki, İran niyə görə belə mövqedədir? Görünür, İran biz onun nüvə problemlərinin dinc metodlarla tənzimləməsi istiqamətində fəaliyyət göstərdiyimizi nəzərə alıb, bunun əvəzini bizə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsini dəstəkləməklə qaytarır. İndi bizə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla tənzimlənməsi və hərbi yolla tənzimlənmənin başqa dövlətlər tərəfindən dəstəklənməsi lazımdır. İranı bu mövqeyə gətirmək üçün məntiqlə biz İranın nüvə texnologiyalarının tənzimlənməsinə münasibətimizi dəyişək. Biz İranın nüvə probleminin hərbi yolla tənzimlənməsini müdafiə etsək, İranı yəqin ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla tənzimlənməsini müdafiə edəcəkdir.

Digər xəbərlər