Son vaxtlar dünyada və regionda baş verən hadisələr Ermənistanın siyasi, iqtisadi və sosial durumunu ağırlaşdırıb. Böhran işğalçı ölkənin ən çox önəm verdiyi sahədə - hərbi sahədə öz dağıdıcı təsirini daha çox göstərib. Yaranan durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır.
Bunu faktlar da sübut edir. Belə ki, Yerevandakı "ArmeniaNow.com" internet qəzetinin redaktoru Qayane Abramyan ordu ilə bağlı araşdırmalar aparmış və bildirmişdir ki, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2010-cu ilə nisbətən 2011-ci il ərzində təxminən 48 faiz artıb: "Qeyd edim ki, orduya hərbi səfərbərliklə bağlı yaranmış problemləri həll etmək üçün rəhbərlik tələbələrin "əsgəri möhlət" hüququnu ləğv etmək istəyir. Çünki tələb olunan hərbi səfərbərlik üçün planı doldurmaq mümkün deyil. Ordu komandanlığı buna görə əsas da tapıb. Ötən il düşmən düşərgəsində 2000-ə yaxın hadisə baş verib. Bunlardan 100-dən çoxu fərarilik, 200-ə yaxını hərbi hissəni özbaşına tərketmə, 50-yə qədəri intihara cəhd, 500-dən çoxu rüşvətalma, 400-ə qədəri döyülmə və işgəncə, 40-dan çoxu zorlama, 70-dən çoxu ölüm faktı olub. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Təkcə ötən il Ermənistan silahlı qüvvələrində 200-dək hərbi qulluqçu həlak olub ki, bunlardan 120-dən çoxu qeyri-döyüş vəziyyətində ölüb. Ümumilikdə isə, göstərdiyimiz dövr ərzində Ermənistan ordusunda həlak olan hərbi qulluqçuların 80 faizinin ölümü qeyri-döyüş itkisi hesab edilir".
Erməni mətbuatının məlumatına görə, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir. Aparılan yoxlamalar zamanı Ermənistan ordusunun kütləvi şəkildə homoseksualizm bəlasına düçar olduğu aşkarlanıb. Bu cür faktları konkretləşdirməyin mümkünsüzlüyünü erməni rəsmiləri özləri də etiraf edirlər. Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrıseçkilik və "dedovşina" hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağ ordusunda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması çoxdan heç kəsi təəccübləndirmir. Beləliklə, Ermənistan siyasi hakimiyyətində Ermənistandan olanlarla Qarabağdan olanlar arasında baş verən çəkişmə orduda da özünü açıq şəkildə büruzə verir.
2000-2007-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışmış, indi isə Daşnaksütyun partiyasının idarə heyətinin üzvü olan general-mayor Artur Aqabekyan isə hərbi səfərbərliklə bağlı Ermənistan mətbuatına verdiyi məlumatında bildirib ki, orduya cəlb olunan 18 yaşlı erməni gənclərin böyük əksəriyyəti fiziki cəhətdən yararsızdır. O, sözlərinə əlavə edir: "Ölkədə demoqrafik durumun ildən-ilə ağırlaşması ordu üçün fəlakətə çevrilib. Buna görə də peşəkar ordunun formalaşdırılmasına üstünlük verilməlidir. Ancaq təəssüflər olsun ki, dövlət büdcəsi peşəkar ordunun formalaşması üçün yetərli deyil".
İstefada olan general-mayor Arkadi Ter-Tadevosyan isə ordudakı problemləri diqqətlə təhlil edərkən, belə bir qənaət gəlib ki, indiki şəraitdə ordu və ictimaiyyət arasında təzadlı münasibətlər dərinləşməkdədir: "On minlərlə müxalifət tərəfdarı mitinqlərdə məhz ordu tərəfindən təhdid olunmalarına görə "orduya xidmət Serj Sarkisyan hərbi xuntasına xidmət deməkdir" fikrilə övladlarını mümkün olan bütün vasitələrlə əsgəri xidmətdən yayındırmaqdadır".
Göründüyü kimi, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, belə davam edərsə, Ermənistan ordusu ən qısa zamanda dağılacaq. Çünki artıq işğalçı orduda durum dözülməz həddə çatıb.
Aytən Səmədova