Dünyada, xüsusilə də, ərəb ölkələrində baş verən bir çox məlum hadisələr yaşanan proseslərin əsl üzünü indi daha qabarıq şəkildə göstərməkdədir. Zaman-zaman bəzi ölkələrə demokratiya "ixrac edən" Qərb və onun üzərində dayanmış ABŞ öz müstəvisində artıq buna dözümsüzlük göstərir desək, bəlkə də yanılmarıq. Daha dəqiq desək, ABŞ başda olmaqla Qərbin özündə elə hadisələr baş qaldırdı ki, bunun qarşısı zor gücünə, antidemokratik mühitdə alındı. Buna misal kimi təkcə ABŞ-da - Çikaqoda baş verən hadisələri bir daha xatırlatmaq mümkündür.
Siyasi dələduzlar məruzələr hazırlayarkən, əslində, politoloji savadsızlıqlarını büruzə verirlər
Məhz bu səbəbdən də, ara-sıra ABŞ-ın "demokratik düşüncəli" politoloqları hər hansı "inqilabdan" danışdıqları zaman öz daxillərindəki qeyri-demokratik siyasətdən, guya, bixəbər olduqlarını nümayiş etdirirlər.
Belə ki, "Amerika Azərbaycanda inqilab gözləyir" kimi sərsəm bəyanatlar verən Cefri Mankoff kimi siyasi dələduzlar məruzələr hazırlayarkən, əslində, öz siyasi savadsızlıqlarını büruzə vermiş olurlar. Və maraqlıdır ki, bu kimi qərəzli politoloqlar bir dəfə də olsun ABŞ-da baş qaldıran, hətta inqilab əhval-ruhiyyəsi yaradan məsələlərdən danışmırlar, münasibət açıqlamırlar. Bunun yerinə isə digər ölkələrin, bilavasitə, Azərbaycan dövlətinin daxili işlərinə heç bir əsas olmadan müdaxilələr edərək, ABŞ-da baş verən hadisələri ört-basdır etməyə cəhdlər göstərirlər. Digər dövlətlərin legitimliyini qəsdən, qərəzli şəkildə "şübhə" altına almağa səy göstərən bu kimi amerikalı siyasətbazlar bütün mənalarda öz çirkinliklərini açığa çıxarmış olurlar. Qeyd etmək mümkündür ki, məhz C.Mankroff adlı "politoloq" Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin tanınmamış simalarından biri olaraq həm də Amerikada fəaliyyət göstərən ermənipərəst konqresmenlərin buyruq quludur. Belə ki, onun dəfələrlə konqresdə fəaliyyət göstərən ermənipərəst senatorlarla iş birlikləri ifşa olunub. ABŞ-ın bir çox ştatlarında qondarma erməni soyqırımının tanınması istiqamətində də onun adı bir neçə dəfə hallanmışdır. Bu səbəbdən də onun Azərbaycan haqqında qondarma məruzəsi özündə heç bir həqiqəti əks etdirmir və real görünmür.
"Azadlıq" və "Turan"ın məqsədi bir daha bəlli oldu
"Böyük Qafqaz: dağılma və inteqrasiya arasında" mövzusunda qərəz dolu məruzə hazırlayan C.Mankroff bu arada "Turan"ın Vaşinqton müxbirinə müsahibə verməyi də unutmayıb. Çünki onun "məruzəsi" rəsmən təqdim olunmamış, dərhal müxalifətyönlü agentliyə müsahibə verməsi arxasında da müəyyən sifarişlərin dayanması şübhə doğurmur. Eləcə də, onun açıqlamalarının "Azadlıq" qəzetindəki dərci də vurğulanan amillərin sübutudur. Yəni C.Mankroffun anti-Azərbaycan tipli çıxışının "Azadlıq" qəzetində yer alması erməni dəyirmanına su tökmək kimi məsəli aşkar şəkildə təsdiqləyir. Məsələn, Azərbaycanın iqtisadi və hərbi gücünü sual altına almağa cəhd göstərən amerikalı "politoloq" Cənubi Qafqaz məsələsinə toxunarkən deyib ki, Azərbaycanla yanaşı, Ermənistan da yaxşı silahlanıb və Azərbaycan Dağlıq Qarabağa qarşı hücum əməliyyatları keçirməyə imkan verəcək gücə malik deyil. (?!) "Azadlıq" isə onun bu kimi fikirlərinə yer verməklə, özünü "satdığı" dairələr qarşısında quyruq bulayır. Çünki Azərbaycan dövlətçiliyinə xələl gətirə biləcək bu kimi "məruzələrin" dərc olunması, C.Mankroff kimi ermənipərəstləri təbliğ etməsi isbat edir ki, bu gün radikal müxalifətin mətbu orqanlarının məqsədləri ölkənin real inkişafını, tükənməz gücünü və qüdrətini şəxsi mənfəətlər xatirinə qərəz altında qoymaqdan ibarətdir. Bu kimi addımların atılması isə onlara heç də gözlədikləri səmərəni verməyəcək.
R.RƏSULOV