PDF Oxu

Araşdırma

  • 5 118

Metsamor AES regionun Çernobılı, hətta Fukusimasıdır

Metsamor AES regionun Çernobılı, hətta Fukusimasıdır

Məlum olduğu kimi, mart ayının 26-27-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Sammitdə dünyanın supergüclərilə yanaşı, Cənubi Qafqazın avanqard qüvvəsi olan Azərbaycan da iştirak edib. Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən, nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin, Fukusima atom-elektrik stansiyasında baş verən partlayış fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olunub. Sammidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çıxış edərək, gözlənilən təhlükədən söz açıb.

Dövlətimizin başçısı çıxışı zamanı dünya dövlətlərinin nüvə təhlükəsizliyi istiqamətindəki səylərini alqışlayıb və bu istiqamətdə dəstəyini verdiyini bildirib. Prezident İlham Əliyev regionda nüvə təhlükəsizliyi məsələsinə də toxunaraq bildirib ki, 1976-cı ildə Ermənistanda tikilən atom-elektrik stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik zonada yerləşir: "Bütün bunlar Ermənistandakı atom-elektrik stansiyasını təhlükə mənbəyinə çevirmişdir".

Prezident İlham Əliyevin Metsamor AES-in region üçün böyük təhlükə mənbəyi olduğunu beynəlxalq səviyyəli sammitdə söyləməsi ciddi müzakirələrə yol açır. Çünki Metsamor adlı erməni bəlası 200 milyondan artıq insanın həyatı üçün real təhlükə mənbəyinə çevrilir.


Dünya nüvə enerjisindən imtina etməyə hazırlaşır...

Məlum olduğu kimi, hazırda dünyanın 16 faiz elektrik enerjisini istehsal edən 439 nüvə enerji reaktoru fəaliyyətdədir. İstehsal olunan nüvə enerjisinin 40 faizi isə cəmi 9 dövlətin ərazisində baş tutur. Bütövlükdə, dünya üzrə nüvə təhlükəsizliyi problemilə bağlı koordinator qismində isə MAQATE - BMT tərkibində fəaliyyət göstərən atom enerjisi üzrə beynəlxalq agentlik çıxış edir. Bu təşkilat isə fəaliyyətini müxtəlif səbəblər nəticəsində baş vermiş iri və ya xırda fəlakətlərdən sonra qəbul edilmiş 1963, 1986, 1987, 1994, 1997, 2004 və digər illərə aid konvensiyalar əsasında qurub.

Bu, bir faktdır ki, yarım əsrdən artıq bir müddət ərzində nüvə enerjisindən istifadə edilən dövlətlərin ərazilərində, eyni zamanda, onun qonşularında tibbi və ekoloji problemlərin meydana çıxması bu stansiyaların fəaliyyətinin dayandırılmasını zəruri hala çevirməkdədir. Dəfələrlə canlı aləmdə mutasiyalar nəticəsində əcaib varlıqların meydana gəlməsi təbiətin deyil, məhz antropogen təsirlərin nəticəsi olduğunu bir daha isbatlayır.

Digər tərəfdən, 1986-cı ildə Çernobılda, bir il bundan öncə isə Yaponiyada Fukusima stansiyasında baş vermiş fəlakət bir daha nüvə dövlətlərini düşünməyə vadar edib. Təkcə, Fukusima nüvə stansiyasının bir blokunun partlaması ilə Avropa və Amerika qitələri təhlükəli vəziyyətlə qarşılamışdı.

Bunlarla yanaşı, bu cür stansiyalar asanlıqla terrorçuların hədəfinə çevrilə bilər. Hər kəsə gün kimi aydındır ki, hazırda terrorçuluq lokal xarakterdən çıxaraq, qlobal miqyas halı alıb. Ona görə də, nüvə terrorçuluğu daha çox müzakirə obyektinə çevrilib.

Bütün bunları nəzərə alaraq, artıq dünya dövlətləri, xüsusilə də, nüvə stansiyalarının daha çox cəmləşdiyi Avropa məkanı ənənəvi enerji istehsalına və karbohidrogen ehtiyatların idxalı prosesinə üstünlük verməyə başlayıb. Külək, günəş, geotermal, eləcə də, neft-qaz enerjisi istehsalını artıran dövlətlər nüvə enerjisindən imtina etməyə hazırlaşırlar. Lakin elə dövlətlər var ki, onlar siyasi maraqları naminə böyük bir regionu təhdid altında saxlamağı israr edir. Çox təəssüflər olsun ki, bir qədər öncə adını çəkdiyimiz MAQATE bu cür dövlətlərə yalnız tövsiyələr verə, hesabatlar hazırlaya və texniki yardım göstərə bilər. Bu səbəbdən də, ciddi addımlar atmaq səlahiyyətlərinə malik olmayan MAQATE-nin əvəzinə, dünya birliyi iradə nümayiş etdirməli və konkret addımlar atmalıdır.


Ermənistan Metsamordan siyasi məqsədləri üçün istifadə edir...

Türkiyə-Ermənistan sərhədinin bir neçə kilometrliyində yerləşən Metsamor AES 1976-cı ildə inşa edilib. Ermənistanın 40 faiz enerji təminatını həyata keçirən bu stansiya 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən sonra ciddi zədələnib. Divarlarında yaranmış çatların ciddi kataklizmlərə yol açacağından ehtiyatlanaraq, ictimai etirazlardan sonra 1989-cu stansiya bağlanıb. Lakin stansiyanın ikinci reaktoru 6 il sonra yenidən istifadəyə verilib. Bu reaktorun istifadə müddəti 2004-cü ildə bitsə də, Ermənistanın ermənisayağı mövqe nümayiş etdirməsi nəticəsində stansiyanın istifadə müddəti süni şəkildə 2013-cü ilə qədər uzadılıb.

Ümumilikdə, bu stansiyanın yenidən qurulmasına 1 milyard dollar tələb olunsa da, nə Ermənistanın belə bir pulu var, nə də hansısa dövlət, beynəlxalq təşkilat həmin vəsaiti verməyə hazırdır. Bu səbəbdən də, artıq Metsamor stansiyanın bağlanılması üçün işlər intensivləşməlidir.

Qeyd edək ki, seysmoloji baxımından ən fəal məkanda yerləşən bu AES, hər şeydən əvvəl, yerləşdiyi ərazi üzrə artıq fəsadlar yaratmaqdadır. Belə ki, Türkiyənin İğdır, Ağrı, Ərzurum və digər şəhərlərində leykoz xəstələrin sayı getdikcə artır. Ermənistan rəsmiləri gizlətsələr də, QHT-lərin məlumatlarına görə, bu ölkədə də ciddi şəkildə nüvə radiasiyasından xəstələnmiş insanlar var.

Həmçinin, Metsamor AES regionun Çernobılı, hətta Fukusimasıdır. Dağlıq relyefdə yeləşmiş bu stansiyada hər hansı fəlakət baş verərsə, onu soyutmaq üçün kifayət qədər su tapılmayacaq. Fukusima fəlakəti də göstərdi ki, həftələrlə okean suyunun vurulmasına baxmayaraq, reaktor soyumaq bilmirdi. Bu səbəbdən də, iddia etmək olar ki, Metsamor AES-də analoji fəlakət baş verərsə, Ermənistan məhv ola, Cənubi və Şimali Qafqaz, Yaxın və Orta Şərq, Xəzər və Qara dəniz sahilləri böyük humanitar fəlakət zonasına çevrilə bilər. Regionun təhlükəsizliyi üçün Azərbaycan tərəfi dəfələrlə bu potensial fəlakətlə bağlı bütün səviyyələrdə məsələ qaldırıb. Eyni zamanda, Türkiyədə, Gürcüstanda alimlər, ictimaiyyət nümayəndələri etirazlarını əsaslandırıblar. Hətta Ermənistanın daxilində belə ictimai narazılıqlar da mövcuddur. Əlbəttə ki, Ermənistan rəhbərliyi də bütün bunları görür və anlayır. Lakin siyasi ambisiyaları imkan vermir ki, hərbi xunta erməni xalqının və regionun təhlükəsizliyi naminə ciddi addımlar atsın. Qloballaşan dünyada siyasi, iqtisadi, mədəni əlaqələr necə qarşılıqlı şəkildə təsir imkanlarına malikdirsə, fəlakətlər də eyni xarakterə sahibdir. Əgər belə bir təhlükəli ssenari olarsa, o zaman, onun mənfi təsirlərindən qaçmaq mümkün olmayacaq. Ona görə də, reallığı nəzərə alaraq, İran, Rusiya, Avropa ölkələri, ABŞ və digər dövlətlər də Ermənistana təzyiqləri artırmalı və Metsamor AES-in bağlanması naminə konkret addımlar atmalıdırlar.


"Səs"in Analitik qrupu

Digər xəbərlər